Mənbə: https://www.aa.com.tr/

İlham Əliyev: O ərazilər işğalda olanda İran niyə hərbi təlim keçirmirdi?

Məqalə yeniləndi:  27 Sentyabr 2021

"O qədər bacarıqsız bir iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar, aşağıda isə erməni nömrələri vardı"

“İran İslam Respublikasının yük maşınları müntəzəm şəkildə ora gedirdi. Bu barədə məlumatımız vardı. Əlbəttə ki, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, narazılığımızı müxtəlif kanallarla İran tərəfinə bildirirdik. Lakin bu müddət davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi bizim gözümüzün önündədir”.

Bunu dövlət başçısı İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanın hərbi mövqelərindən Xankəndinə gedən yola qədər olan məsafə, bəlkə də, 5-6 metr təşkil edir: “Laçın dəhlizi boyunca, eləcə də Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki imkanlara sahibik. Kameralar var. Peykdən, dronlardan istifadə edirik. Gördük ki, yük maşınları müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda Prezident Administrasiyasının işçilərinə İranın Azərbaycandakı səfiri ilə danışmaqla bağlı göstəriş verdim. Bunu rəsmi etmək istəmirik. Dostca danışsınlar və buna son qoymaq lazım gəldiyini desinlər. Bu bizə qarşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Buna son qoyulmalıdır. Söhbət səhv etmirəmsə, iyul ayında oldu. Bundan sonra, əlbəttə ki, bu məsələni izləməyə başladıq və hər ayın əvvəlində nə qədər yük maşınının çıxdığını, neçə maşının girdiyini, nə gətirdiyini, nə götürdüyü barədə bizdə məlumat olur. Avtomobillərin nömrələrinə qədər bizdə bütün məlumatlar var. Bu mediada da işıqlandırıldı. Lakin onlar nə etdilər? İran yük maşınlarına erməni maşın nömrələri yapışdırmağa çalışdırlar. Belə bir saxtakarlığa da əl atdılar. Bizi aldatmağa çalışdılar. O qədər bacarıqsız bir iş gördülər ki, maşının üstündəki tankerdə farsca yazılar, aşağıda isə erməni nömrələri vardı. Onu da qeyd edim ki, eyni nömrələri bir neçə maşının üzərinə də yapışdırmışdılar. Bu iş çox nizamsız edilmişdi. Bu isə onu göstərir ki, bu işi davam etdirmək, lakin üstünü örtmək istəyirlər. Belə olduqda, bir aydan sonra biz artıq rəsmi üsulla diplomatik nota verdik, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi. Şikayətlərimiz ona bildirildi və bu vəziyyətə son qoyulması xahiş edildi. Bu avqust ayının ortalarında baş verib. Buna son qoyulacağına ümid edirdik. Lakin avqustun 11-dən sentyabrın 11-i arasında 60-a yaxın İran yük maşını qanunsuz şəkildə Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün artıq praktik addımlara keçdik”.

İlham Əliyev deyib ki, Azərbaycanın bu yöndə davranışları və hərəkətləri məsuliyyətə sahibdir və dostluq münasibətlərinə əsaslanır: “Biz ilk dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi qeyd, üçüncü dəfə yoxlama məntəqələri, gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və bunun ardınca Qarabağa gedən yük maşınlarının sayı sıfıra endi”.

“Məsələni bura qədər gətirmək lazım idi? Orada, rus sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsində ümumi 25 min insan yaşayır. Bu bazar bu qədərmi önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə açıqca hörmətsizlik edəcək qədərmi önəmlidir? Təbii ki, biz beynəlxalq konvensiyalar və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkanlardan istifadə etmişik. Bəziləri deyir ki, sadəcə, İran maşınlarından gömrük vergisi alırıq. Biz xarici ölkəyə getdikdə gömrük vergisi ödəyirik. Onlar da Azərbaycan torpaqlarından istifadə edirsə vergi ödəməlidir”, - deyə İlham Əliyev bildirib.

Ölkə başçısı İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə də toxunub.

O bildirib ki, əvvəllər belə hal müşahidə edilməyib: “Sərhədimizin yaxınlığında İran tərəfindən keçirilən hərbi təlimə gəlincə, bu, çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməmişdi. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır. Buna heç kim bir söz deyə bilməz. Lakin bunu bir zaman kəsimində təhlil etdikdə, bunun heç vaxt baş vermədiyini görürük. Niyə indi və niyə bizim sərhədimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar verir".

"Bir sual daha verilir ki, niyə işğal dövründə o bölgədə təlim keçirilmirdi? Niyə ermənilərin Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dövrdə təlim təşkil olunmurdu? Nəyə görə biz bu torpaqları azad etdikdən, 30 illik əsarət və işğala son qoyduqdan sonra bu edilir? Bu suallar haqlı suallardır. Əlbəttə, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir vəziyyətin olmasını istəmirik. Bir daha demək istəyirəm, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Bizim haqlı addımlarımıza qarşı göstərilən emosional reaksiyaların müvəqqəti olacağına ümid edirəm”, - deyə ölkə başçısı qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bf7esa

Ən çox baxılan