İlham Əliyev Nikol Paşinyanla görüşə hazırdır

“Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?”.

Source: Specify Source

"Mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi…"

Azərbaycan dövlət başçısı İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyə hazır olduğunu söyləyib.

İlham Əliyev “France-24” kanalına müsahibəsində bu barədə

danışıb

.

O, jurnalistin "Paşinyana zəng etməyə hazırsınızmı?" sualını belə cavablandırıb: "Ola bilsin ki, sizin dediyiniz kimi yox. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk Qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq".

Prezidentin sözlərinə görə, keçən ilin noyabr ayında müharibə bitəndən bəri onların bir-birini görmək üçün yalnız bir dəfə imkanı olub: "Bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş idi. Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb. Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq".

Əliyev jurnalistin "“Əgər biz erməni faşizminin bir daha baş qaldırdığını görsək, yeni təhlükə görsək, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik” fikriniz sülh mesajı kimi səslənmir, elə deyilmi" sualına belə cavab verib: "Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz. Bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bütün bunlar xoşməramlı jestlərdir. Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır".

Dövlət başçısı həmsədr dövlətlərin problemin hələ həll olunmadığı barədə açıqlamalarını yersiz adlandırıb: "Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır".

İlham Əliyev Dağlıq Qarabağda yaşayan ermənilərə muxtariyyat verilməyəcəyini və bu məsələnin müzakirə mövzusu olmadığını deyib.

O, Fransanın həmsədr kimi müharibə zamanı dürüst mövqe tutmadığını qeyd edib: "Ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi – Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Biz bu narahatlığı ifadə etdik, çünki bir daha qeyd etmək istəyirəm ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır. Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmirəm, biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müharibənin başlanmasından bir ilin keçməsinə baxmayaraq, regionda nəyə nail olmaq istədiyimizə gəldikdə, çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Əminəm ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik".

Prezident “Human Rights Watch” təşkilatının Azərbaycanı hərbi əsirlərə işgəncə verməsi haqda ittihamını rədd edib: "Bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi həmin şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib. Hərbi əsirlər müharibə zamanı əsirliyə düşmüş insanlar hesab edilir. Noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu".

İlham Əliyev jurnalistin “Sərhədsiz Reportyorlar” təşkilatının siyasi mühacirləri susdurmaq məqsədilə xaricə adamlar göndərmək, konkret Fransada qaçqın kimi yaşayan Məhəmməd Mirzəliyə qarşı hədələrə və zorakılığa son qoymaq haqda çağırışı haqda suala da cavab verib: "Əvvəlcə deyim ki, biz “Sərhədsiz Reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də, 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?".

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətİlham Əliyev Nikol Paşinyanla görüşə hazırdır