İlham Əliyev nə demək istədi?

Proseslər fonunda Moskvanın növbəti parlamenti hədəf seçdiyi bəlli olur

Source:


Proseslər fonunda Moskvanın növbəti parlamenti hədəf seçdiyi bəlli olur

Dövlət başçısı Nazirlər Kabinetinin son iclasında konkret mesajlar verdi. Qərbə qarşı demarş nümayiş etdirən ölkə rəhbəri siyasi məhbus probleminin həll edilicəyi barədə illüziyalara da son qoydu. Bu müstəvidə prezident siyasi məhbuslara azadlıq tələb edən beynəlxalq təşkilatları da sərt tənqid etdi. Bir sözlə, dövlət başçısının çıxışından bəlli oldu ki, siyasi məhbuslara  azadlıq tələb etmək  Azərbaycanın milli maraqlarına ziddir və  bunun qarşısı alınacaq, bir sözlə, həbslər davam edə bilər. Dövlət başçısının çıxışının ritorikasını anlamaq mümkün idi. Lakin problem ondadır ki, neft ucuzlaşmaqda davam edir və Qərb-İran yaxınlaşması neftin qiymətini daha da aşağı salmaqla yanaşı, Azərbaycanın beynəlxalq önəmini də aşağı salır. Odur ki, neft pullarına arxayın olub, Qərb ilə qarşıdurmaya getmək beynəlxalq təcridə səbəb ola bilər.

Ümumiyyətlə, son vaxtlar Azərbaycan rəhbərliyində və hakim partiyanın yuxarı eşalonunda təmsil olunan şəxslərin Qərb əleyhinə bəyanatlar səsləndirməsi adi hala çevrilib.  Bu amil Bakının manevr imkanlarını kifayət  qədər azaldır. Görünən budur ki, baş verənlər ya siyasi prosesləri anlamamaqdan, ya da Rusiyaya rəğbət bəsləyən məmurların, siyasətçilərin, ideoloqların aktivləşməsindən irəli gəlir. Elə Qərblə Azərbaycan arasındakı problemlərin kökündə Bakının mövqeyindəki qeyri-müəyyənliyin dayandığını da ehtimal etmək mümkündür.  Azərbaycan diplomatiyası hələ də bir suala cavab tapa bilmir – ölkə Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır, yoxsa Rusiya və İranla əməkdaşlığa üstünlük verir?

Balanslaşdırılmış adlandırılan, əslində isə Rusiyaya yönələn Azərbaycanın xarici siyasət kursu nəticəsində Bakıya təzyiqlər artır. Təzyiqlər artdıqca, Azərbaycan rəhbərliyi də şantaj dili ilə danışmağa üstünlük verir. Ərazicə kişik olan bir ölkənin rəhbərliyinin dünyanı idarə edən super güclərlə şantaj dilində danışmasına ciddi analitiklər kinayə ilə yanaşırlar.

Müşavirədə diqqəti çəkən əsas məqamlardan biri də “ikinci hakim ailə”nin maraqlarına ciddi zərbələrin endirilməsi oldu. Prezidentin sərt tənqidinə məruz qalan vergilər naziri Fazil Məmmədov,  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov məhz “ikinci hakim ailə”yə yaxınlıqları ilə seçilirlər.

Ən maraqlısı isə odur ki, bu hakimiyyətdaxili qruplaşma  Qərbə inteqrasiya tərəfdarları kimi tanınırlar. XİN rəhbəri Elmar Məmmədyarovun başı üzərindən artıq uzun müddət idi ki, “qara buludlar” dolaşırdı və ölkənin baş diplomatına hücumların da məhz  Rusiyayönümlü “köhnə qvardiya” tərəfindən təşkil edildiyi artıq heç kəsdə şübhə doğurmurdu. Avroatlantik məkanla inteqrasiya tərəfdarı olan E.Məmmədyarovu  Rusiyapərəst “köhnə qvardiya”nın nümayəndəsi Novruz Məmmədovun əvəzləməsi və ya milli təhlükəsizlik, iqtisadi sahələrin yenidən Rusiyayönümlülərin əlinə keçməsi ölkənin gələcək inkişafı üçün faciəli sonluqla yekunlaşa bilər.

Ehtimal etmək olar ki, yaxın zamanlarda tənqidə məruz qalan məmurların bir hissəsi postlarını  itirəcəklər. Hətta gurultulu məmur həbslərinin ola biləcəyi də istisna edilmir. Həbslərin məmurlarla məhdudlaşmayacağı da proqnozlaşdırıla bilər. Bütün bunlar parlament seçkilərinə az qalmış həyata keçirilir. Proseslər fonunda Moskvanın növbəti parlamenti hədəf seçdiyi bəlli olur.

Beləliklə, son müşavirədən çıxan nəitəyə görə,  ölkədə heç bir köklü dəyişiklik baş verməyəcək; paradiqmalar dəyişməyəcək; ciddi islahatlar olmayacaq; vətəndaş cəmiyyəti ilə dialoq baş tutmayacaq. Bununla da hakimiyyət siyasi kursunu müəyyənləşdirdi. Prezidentin çıxışından bəlli oldu ki, vətəndaş cəmiyyəti və müxalifətlə gərginliyin aradan qaldırılması istiqamətində əməli addımlar atılmayacaq. İ.Əliyevin çıxışı mahiyyətcə daha sərt idarəçiliyə çağırış idi.

Lakin unutmaq olmaz ki, bu “yeni-köhnə” siyasi kurs hakimiyyətin özü üçün də başağrısı gətirə bilər. Son zamanlar hakimiyyəti itirə bilmək ehtimalı iqtidardaxili didişmələrin tempini azaldırdı. İndi isə mərkəzdənqaçma tendensiyası daha ağır fəsadlar verə bilər.

Qarşıdan isə parlament seçkiləri gəlir. Bu amilə görə, prezident iqtisadi islahatlar və demokratik transformasiya tərəfdarı kimi görünməyə məhkumdur. Cəmiyyət islahatlar gözləyir. Hakimiyyət ən azı belə imitasiyalara getməyə məhkumdur.

Prinsipcə, İ.Əliyevin son çıxışı son zamanlar aparılan kadr siyasətinin fəlsəfəsinə də ziddir. Bu ya paradoksal siyasi kursun davamı, ya da “köhnə qvardiya”nın revanşı kimi dəyərləndirilə bilər. Məsələ ondadır ki, yeni kadr dəyişikliklərində diqqəti cəlb edən əsas məqam yeni təyinatlar zamanı regionçuluq amillərinin nəzərə alınmaması və dominantlıq təşkil edən bölgənin korporativ maraqlarına ciddi zərbələrin endirilməsi olub. Son müşavirə ilə “köhnə qvardiya”ya “ikinci nəfəs” vermiş oldu…

Ana səhifəXəbərlərİlham Əliyev nə demək istədi?