Sənan Paşayev bir müddət əvvəl prokuror müavini təyin edilmişdi
Sənan Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.
Bu barədə mayın 23-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
2022-ci ilin dekabrın 29-da öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Baş prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad edilmişdi.
Dekabrın 30-da Azərbaycanın Baş prokuroru Kamran Əliyevin əmrinə əsasən, Sənan Paşayev Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olundu.
M. Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.
Yeni təyin edilən Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışırdı.
Sənan Paşayevin adı vətəndaş cəmiyyəti təmsilçiləri, media nümayəndələri və siyasi fəalların istintaq prosesindəkı pozuntularda keçirdi.
O, hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, araşdırmaçı-jurnalist Xədicə İsmayıl, həmçinin Meydan TV və “Azadlıq” radiosunun fəaliyyəti ilə bağlı istintaqı aparmış müstəntiqlərdən biridir.
Onun adı həmçinin AXCP üzvü, Qarabağ qazisi Babək Həsənova işgəncə verdirməkdə hallanıb.
2022-ci ilin dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.
Bir gün sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.
Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.
İlham Əliyev Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.
2022-ci ilin dekabrın 22-də isə Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.