Arif İsmayılovla məsləhətçisi korrupsiyada günahlandırılır
Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyev həbs edilib.
Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun birgə məlumatında belə deyilir.
Bildirilir ki, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Materiallar üzrə cinayət işi başlanıb və Arif İsmayılovla Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.
Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir,”- məlumatda deyilir.
Həmçinin bildirilir ki, son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib.
Martın 1-də Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə məhkəmə-hüquq sistemini tənqid edib, bu sahədə islahatlara çox ciddi ehtiyac olduğunu və müvafiq göstərişlər verdiyini
deyib.