”Yarışlara 3 mindən artıq idmançının qatılacağı gözlənilir”
Azərbaycan prezidenti İlham Əliyev aprelin 5-də İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Abdullah bin Musaed bin Abdulazizi qəbul edib.
AZƏRTAC yazır ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən İHİF-in prezidenti bu yarışlara 3 mindən artıq idmançının qatılacağını vurğulayıb.
Prezident İ.Əliyev isə deyib ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işləri görülüb.
Bir müddət öncə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında demişdi ki, məqsəd 57 ölkənin oyunlarda iştirakını təmin etməkdir:
“50 ölkənin təsdiq cavabını almışıq. Qalan 7 ölkə isə gələ bilmir. Bəzilərinin maliyyə problemləri var. Çalışırıq onlara kömək edib, oyunlara cəlb edək”.
2017-ci il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. 20 idman növü üzrə keçiriləcək yarışda 50-dən çox müsəlman ölkəsinin təmsil ediləcəyi gözlənilir. İyunda isə Bakıda Formula 1 yarışı keçiriləcək. Bu, Azərbaycanın indiyədək keçirdiyi ilk böyük yarışmalar deyil. Daha əvvəl “Eurovision”, “2015 Yay Avropa Olimpiya Oyunları”, “Formula 1 2016 Gran Prix” yarışlarına ev sahibliyi edib.