Həsən Ruhaninin Bakı səfərinin ilk gününün yekunları
Noyabrın 12-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində ikitərəfli sənədlər imzalanıb.
Bundan öncə prezidentlər- İlham Əliyevlə Həsən Ruhaninin təkbətək, eləcə də, nümayəndə heyətlərinin iştirakı ilə görüşləri olub.
“Turan İA” xəbər verir ki, yekunda alternativ və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma; iqtisadi və texniki əməkdaşlıq haqqında, yüksək texnologiyalar və poçt sahəsində əməkdaşlıq; sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi haqda memorandumlar imzalanıb.
Daha sonra brifinqdə çıxış edən İ.Əliyevin söylədiyinə görə, imzalanan sənədlər, fikir mübadilələri və noyabrın 13-də keçiriləcək biznes forum ikitərəfli əlaqələri möhkəmləndirəcək.
Prezident İran-Azərbaycan münasibətlərindən də danışıb: “İranla Azərbaycan arasında gözəl siyasi əlaqələr var. Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir”.
İqtisadiyyata toxunan dövlət başçısı deyib ki, energetika sahəsində əməkdaşlıq müzakirə olunub: “Neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra edilməsi də gözlənilir”.
“Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir”, – deyə, prezident qeyd edib.