”Müxtəlif ölkələrdən ən müasir pilotsuz uçuş aparatları, döyüş texnikası alınır”
“Son illər müxtəlif ölkələrdən aldığımız ən müasir texnika, silah-sursat ordu potensialımızı gücləndirir”, – prezident İlham Əliyevin sözləridir.
O, bu sözləri yanvarın 23-də Abşeron rayonunun Pirəşəkkül qəsəbəsindəki yeni hərbi şəhərciyin açılışında deyib. Xəbəri prezidentin rəsmi saytı yayıb.
Prezident bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlərin Azərbaycanın müdafiə gücünü artırdığını söyləyib:
“Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir”.
İlham Əliyev deyib ki, dünyada maliyyə-iqtisadi böhran davam etsə də, Azərbaycan ordunun güclənməsi üçün böyük vəsait ayırır və ayırmaqda davam edəcək.