İlham Əliyev: İqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər

Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər.

Source: Specify Source


“Bir çox özəl şirkət vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır”

Oktyabrın 16-da Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.

Bu barədə məlumatı

Azərtac

yayıb.

9 ayın sosial-iqtisadi göstəricilərini müsbət adlandıran ölkə başçısı qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olduğunu bildirib:

“Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik. Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir – ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür”.

Prezident yeni Baş nazir Əli Əsədovun əsas vəzifəsinin iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirmək olduğunu deyib:

“Yeni hökumət qarşısında bir çox vəzifə qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifə tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.


“Korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox”

İlham Əliyev bildirib ki, bir çox özəl şirkət vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır. Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbir görməlidirlər:

“Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.


“Mətbuat bir növ daxili mübarizə növünə çevrilib”

İlham Əliyev korrupsiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb:

“Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə. Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq.

Dövlət başçısı bildirib ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur:

“Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

157124709032367410_1000x669.jpg
müşavirə


“Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər”

Prezident gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verdiyini dedi:

“Gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, – bunu təkcə onların boynuna atmaq olmaz, – hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik”.

Ana səhifəİqtisadiyyatİlham Əliyev: İqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər