İlham Əliyev hakimiyyəti təhvil verməyə hazırlaşır? – PROQNOZ

Yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin qarşısında çoxsaylı problemlərin həlli durur

Source:

Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə tapşırılıb ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidirlər.

Nazirlər Kabinetinə 2015-ci il və 2016-cı il dövlət büdcələrində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 2015-ci və 2016-cı illərdə fəaliyyətinin maliyyələşməsini təmin etmək, maddi-texniki təminatı ilə bağlı məsələləri həll etmək, aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini, normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib, mərkəzi icra hakimiyyəti orqanlarına isə normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.


KADRLAR və FƏALİYYƏT

Ortada olan məlumatlara görə, İlham Əliyev gələn ilin birinci yarısında Xarici Kəşfiyyat Xidməti üçün yeni inzibati bina tikilməsi barədə göstəriş verəcək. Onun üçün də dövlət büdcəsindən ilkin olaraq 5-7 milyon manat ayıracaq. MTN-in hazırkı binası isə çox güman ki, Dövlət Təhlükəsizliyi Xidmətinə qalacaq. Başqa bir ehtimala görə, hər iki qurum keçmiş MTN-in binasında birgə fəaliyyət göstərəcəklər.

Hazırda MTN-in ortalama 10 minlik heyəti (hərbi və mülki) sərəncama keçirilir. Ehtimallara görə, onlardan yalnız hərbi heyət tam tərkibdə yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibinə keçiriləcək. Mülki heyətin isə çox cüzi hissəsi – əsasən texniki işçilər və aşağı vəzifələrdə çalışan bəzi şəxslər yeni qurumların fəaliyyətinə cəlb olunacaqlar.

Gələn ilin əvvəlində DTX və XKX-da bir sıra vəzifələrə mülki və hərbi əməkdaşların qəbulu ilə bağlı elanların verilməsi gözlənilir. DTX-yə qalacaq 5 minlik hərbi heyətin sayının iki dəfədən çox azaldılması gözlənilir. Proqnozlara görə, DTX-da maksimum 2 min nəfərə yaxın hərbi qulluqçu xidmət edəcək. Qurumun mülki işçilərinin sayı isə təxminən 4 min nəfər təşkil edəcək. Bununla da, ehtimallara görə, DTX-da hərbi yük tədricən azaldılacaq və üstünlük hüquq-mühafizə fəaliyyətinə veriləcək. O cümlədən, dövlətdaxili müəssisə və idarələrdəki keçmiş MTN əməkdaşları DTX-da fəaliyyət göstərəcəklər.

XKX-yə gəldikdə isə burada məhdud sayda hərbi və mülki qulluqçular xidmət edəcəklər. Azərbaycanın xaricdəki səfirliklərindəki keçmiş MTN postları XKX-nin tərkibinə veriləcək. Hazırda həmin postları tutan şəxslərin vəzifələrindən çıxarılması istiqamətində addımlar atılmasına başlanılıb, paralel olaraq onların yerinə yeni əməkdaşların cəlb olunması işi həyata keçirilir. Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinə xarici dilləri bilən mülkilərin və hərbçilərin cəlb olunması gözlənilir.

Adlarından göründüyü kimi, Dövlət Təhlükəsizliyi Xidməti dövlətin daxili təhlükəsizlik məsələləri ilə məşğul olacaq, Xarici Kəşfiyyat Xidməti isə xaricdən Azərbaycana gələ biləcək təhdidlərə qarşı mübarizə aparacaq. Hər iki qurumun rəhbər sənədlərində əsasən bu məsələlərin diqqətə alınacağı gözlənilir. Hər iki qurumun birgə fəaliyyət nöqtəsi Azərbaycanın daxilində xarici kəşfiyyata işləyən şəxs və qrupların ortaya çıxarılması ilə bağlı ola bilər. Bu istiqamətdə birgə araşdırma aparılması üçün qurumlararası birgə qrupun yaradılması mümkündür.


PROBLEMLƏR

İlham Əliyevin imzaladığı fərmanda bildirilir ki, qeyd edilən iki qurum Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə yaradılıb. Görəsən, qeyd edilən məqsədlərə nail olmaq İlham Əliyev hakimiyyəti üçün əsas hədəfdirmi?

Əsas sual doğuran məsələ: hər iki qurum – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinə keçmiş Milli Təhlükəsizlik Nazirliyindən çox ciddi problemlər miras qalıb. Bu problemlərin əsas hissəsi aşağıdakılardan ibarətdir:

Təhlükəsizlik və kəşfiyyat sahəsində savadlı, vətənpərvər, müasir kadrların məqsədyönlü şəkildə sıradan çıxarılması səbəbindən ciddi kadr çatışmazlığıı;

Xüsusi xidmət orqanlarının fəaliyyətində ortaya çıxan idarəçilik böhranı;

Kadrların vəzifələrə cəlb olunmasında ənənəvi rüşvət və korrupsiyanın mövcudluğu, ümumilikdə, indiyə qədər xüsusi xidmət orqanlarının fəaliyyətində mövcud olan korrupsiya və rüşvətxorluq;

Xüsusi xidmət orqanlarının fəaliyyətində Azərbaycanın milli təhlükəsizlik maraqlarının əleyhinə yönəlik (dövlət maraqlarının şəxsi maraqlar naminə qurban verilməsi, xarici kəşfiyyatla destruktiv əməkdaşlıq münasibətləri və s.) fəaliyyətlərin olması;

Xüsusi xidmət orqanlarının daxilində şəxsi heyətdaxili münasibətlərdə və eyni zamanda cəmiyyətlə əlaqələr zorakı, qeyri-qanuni üsullara üstünlük verilməsi;

Hər iki qurumun fəaliyyətini tənzimləyən sənədlərin, qanunvericiliyin əsasən sovetlər dövründən qalması və onların modernləşdirilməsi istiqamətində səylərin və təşəbbüslərin olmaması;

Xüsusi xidmət qurumlarının fəaliyyətində insan hüquqlarının pozulması, sosial təminatın aşağı olması, eyni zamanda xüsusi xidmət qurumlarının fəaliyyətində sağlam mühitin olmaması səbəbindən hərbi qulluqçuların və mülki işçilərin karyera imkanlarının ciddi şəkildə məhdudlaşdırılması;

Xüsusi xidmət orqanlarının fəaliyyətinin qeyri-şəffaflığı, cəmiyyətə, mətbuata açıq olmaması, parlament qarşısında qeyri-hesabatlılıq;

Xüsusi xidmət orqanlarının cəmiyyətin aktiv kəsiminə (jurnalistlərə, QHT fəallarına, siyasi partiya nümayəndələrinə) münasibətdə qeyri-qanuni davranışı;

Xüsusi xidmət orqanlarının qanunverici, icraedici və məhkəmə kimi bütün hakimiyyət qollarına təsir və təzyiq vasitəsi kimi çıxış etməsi;

Xüsusi xidmət orqanlarının Azərbaycanda demokratik dəyişikliklərə dəstək verən yerli və beynəlxalq təşkilatlara, dövlətlərə qarşı qarayaxma kampaniyasının təşkilatçısı olması;

Xüsusi xidmət qurumlarının Azərbaycan cəmiyyətinin demokratiya uğrunda mübarizəsini əngəlləyən qurum olması və s.

İlham Əliyevin yeni yaratdığı qurumların yuxarıda qeyd edilən problemlərin öhdəsindən gələcəyini proqnozlaşdırmaq mümkün deyil. Ən azı ona görə ki, bu, baş versə, onda İlham Əliyev və onun komandası yaxın dövrdə hakimiyyətini təhvil verməlidir. Doğrudanmı İlham Əliyev buna hazırlaşır? Bu qətiyyən inandırıcı deyil… O səbəbdən yeni yaradılan qurumların fəaliyyətində əsas hədəfin əvvəl olduğu kimi Azərbaycanın demokratik inkişafını əngəlləməkdən ibarət olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil.

Beləliklə, yaxın perspektivdə də Azərbaycanın milli təhlükəsizlik maraqları mövcud hakimiyyətin şəxsi maraqlarına qurban veriləcək…

Ana səhifəXəbərlərİlham Əliyev hakimiyyəti təhvil verməyə hazırlaşır? – PROQNOZ