İlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması noyabra qədər real görünür”

Foto: president.az

Ölkə başçısı deyib ki, Ermənistan Naxçıvanla yol əlaqəsi qurmaq imkanını bloklayır

Azərbaycan Prezidenti İlham Əliyev noyabra qədər Ermənistanla sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründüyünü bildirib.

Bu barədə İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Əliyevin fikrincə, baza prinsipləri üzərində razılığa gəlmək variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar:

 “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”.

Biz sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. İşğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmirdi. O zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, – deyə Əliyev əlavə edib.

İlham Əliyev onu da vurğulayıb ki, Ermənistan artıq sülh sazişində dırnaqarası “Dağlıq Qarabağ” amili olmamasına razılaşıblar:

“Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil. Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz Ermənistana belə bir şansı verməyəcəyik”.

Zəngəzur dəhlizinə gəldikdə, Əliyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur:

Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanmışdır. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur. İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin, bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyusedicidir”.

Ölkə başçısı Qazax rayonunun ötən əsrin 90-cı illərində işğal olunmuş 4 kəndinin II Qarabağ müharibəsindən dərhal sonra gündəmə gətirdiyini bildirib:

“Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin ekskavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətİlham Əliyev: “Ermənistanla sülh sazişinin imzalanması noyabra qədər real görünür”