İlham Əliyev: “Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır”

İlham Əliyev Azərbaycanda azad medianın, müxalifətin, QHT-lərin təzyiqə məruz qalmasını yalan hesab edib

Source: Specify Source


Azərbaycan Prezidenti: “Biz ermənilər deyilik, onlar bizə qarşı etnik təmizləmə törədiblər"

“Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə, biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq”.

Bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində

səsləndirib

.

Dövlət başçısı “Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir” sualını “əsassız ittihamdır” deyə reaksiya verib: “Birincisi, əgər bu məsələ Ermənistanı həqiqətən də narahat edirsə, nəyə görə onlar əsas prinsiplərlə razılaşmırlar? Çünki əsas prinsiplər təsdiqlənsə və Ermənistan mənim onlardan dəfələrlə tələb etdiyim öhdəliyi üzərinə götürsə, onda hər şey dayanacaq”.

İlham Əliyev deyib ki, Azərbaycan Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmə aparılmayacağına dair mütləq zəmanət verir: “Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?”.

Dövlət başçısı Azərbaycanda yaşayan ermənilərin çoxunun qorxu içində yaşadığı, hətta tanınmamaq üçün soyadlarını dəyişdikləri barədə sualı yanlış məlumat sayıb və əlavə edib ki, kimsə evlənəndə, soyadını dəyişməsi mümkündür:

“Burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu ermənilər var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz, onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır”.

Prezident “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilmiş sübutları feyk xəbər adlandırıb:

“Çünki “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı çox qərəzli mövqeyinə, hətta jurnalistlərin həbsxanalarda öldüyü zaman, hətta əsas müxalifət partiyasının rəhbəri həbsxanada olduqda belə Ermənistanda heç bir yanlışlıq görmədiyinə görə bunlar barədə heç bir məlumat vermir. Onlar yalnız bizə qarşı məlumat verirlər. Buna görə də biz “Human Rights Watch” təşkilatı ilə əməkdaşlığı beş-altı il bundan əvvəl dayandırdıq. Yalnız indi bu müharibə başlayanda biz onları bura gəlməyə və öz gözləri ilə görməyə dəvət etdik. Biz onların bu halları təsdiqləməsini istəyirdik, çünki onlar üçün “yox” demək imkanı yox idi. Buna görə biz onları dəvət etdik. Beləliklə, bu təşkilata Azərbaycanda etimad yoxdur”.

İlham Əliyev Azərbaycanda azad medianın, müxalifətin, QHT-lərin təzyiqə məruz qalmasını yalan hesab edib:

“Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var”.

İlham Əliyev Dağlıq Qarabağı statusu barədə indi danışmaq istəmədiyini bildirib: “İndi mən bu barədə danışmamağa üstünlük verirəm. Çünki indi yerində vəziyyət dəyişib. Lakin mən bunu dəfələrlə təklif etmişdim və ermənilər bunu rədd etdilər. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Bu, yenə də Ermənistan hökumətinin necə davranacağından asılı olacaq. Onların məntiqli olması üçün hələ də çox gec deyil. Onların danışıqlar masasında daha çox şey əldə etmələri üçün hələ də çox gec deyil. Çünki biz digər şəhər və kəndlərə nəzarəti ələ keçirəndən sonra danışılacaq bir şey qalmayacaq. Beləliklə, onlar vaxt itirirlər. Əgər onlar məntiqli davransalar, biz bəzi özünüidarəetmə formaları üzərində işləyə bilərik. Biz bunun əleyhinə deyilik. Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq”.

Ana səhifəSiyasətİlham Əliyev: “Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır”