İlham Əliyev: “Ermənistan danışıqlardan yayınsa, sülh olmayacaq”

Foto: Azərtac

“Azərbaycan Qarabağ ermənilərinin məsələsini daxili işi hesab edir”

“Biz sülh prosesinə müəyyən nikbinliklə yanaşırıq. Bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Bu, sülh müqaviləsinin mətninin hazırlanması üzrə ilk belə görüşdür. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdam şəhərində Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Əliyev qeyd edib ki, Ermənistan zaman-zaman danışıqlardan yayınıb: “Biz, adətən, Ermənistanın danışıqlar aparmaq istəmədiyi zaman, məsələn, Qarabağ münaqişəsi üzrə 28 il davam edən danışıqlarda istifadə etdiyi taktikanı bilirik. Belə davam etsə, sülh olmayacaq”.

“Əgər Ermənistan buna gedərsə, o zaman növbəti ciddi səhvə yol verəcək. Onlar bizim iradəmizi, Azərbaycan xalqının potensialını lazımınca qiymətləndirmədilər və buna görə böyük bədəl ödədilər”, – deyə ölkə başçısı əlavə edib.

İlham Əliyev Qarabağın erməni əhalisi məsələsinə də toxunub.

O deyib ki, Azərbaycan bunu özünün daxili işi hesab edir və xarici qüvvələrlə məsələni müzakirə etmək niyyətində deyil:

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhali bizim vətəndaşımızdır. Biz onların həyatını necə qurmaq barədə heç bir beynəlxalq mərkəzlə müzakirə aparmayacağıq”.

Əliyev beynəlxalq birliyi Azərbaycan əhalisinin humanitar fəlakətinə göz yummaqda suçlayıb:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə işğal olunmuş ərazilərə səfər ediblər, şəhər və kəndlərin dəhşətli şəkildə dağıdılmasının şahidi olublar. Onlar ərazilərin ermənilər tərəfindən qanunsuz məskunlaşdırılmasını görüblər, amma Ermənistanı pisləməyiblər. ATƏT-in Minsk Qrupunun qondarma fəaliyyətinin 27 ili ərzində Ermənistanın ünvanına bir kəlmə belə qınaq olmayıb. Ona görə də biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək cəhdlərini dəstəkləyə bilmərik, çünki onlar öz mandatını yerinə yetirməyiblər”.

“Azərbaycan beynəlxalq hüququ özü bərpa edərkən, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərkən artıq vasitəçiliyə ehtiyacı yoxdur”, – dövlət başçısı vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə ötən həftə demişdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə Qarabağ məsələsi daxil olmaya bilər.

“Biz gözləyirik, ola bilsin ki, Dağlıq Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə daxil edilməsin. Parisdə çıxışım zamanı qeyd etdim ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalıdır. Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas benefisiar Qarabağ xalqının seçdiyi nümayəndələr olmalıdır”, – Paşinyan belə deyib.

Onun sözlərinə görə, bu məsələ Qarabağ separatçılarının lideri Arayik Arutyunyanla razılaşdırılıb .

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətİlham Əliyev: “Ermənistan danışıqlardan yayınsa, sülh olmayacaq”