İqtisadçı: ”Əhalinin artımını iqtisadi inkişafla əlaqələndirmək çox yanlışdır”
Aprelin 17-də Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində iştirak edib. Tədbirdə çıxış edən prezident deyib ki, Azərbaycan növbəti 3-4 ildə əsas istehlak malları ilə özünü tam şəkildə təmin etməlidir:
“Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaq. Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik”.
İlham Əliyev çıxışında diqqəti ölkə əhalisini sayına da çəkib:
“Biz daim inkişafda olmalıyıq. Çünki ölkə dinamik şəkildə inkişaf edir və əhali artır. İnkişaf etmiş ölkələrdə əhalinin sayı ya sabit qalır, ya da azalır. Bizim ölkəmizdə isə əhali artır. 2004-cü ildə birinci regional proqramı qəbul edərkən bizdə əhali az idi. İndi əhalinin sayı 10 milyona yaxınlaşır. Bu, əlbəttə, bizim böyük üstünlüyümüzdür, eyni zamanda, onu göstərir ki, iqtisadi inkişaf çox sürətli olub. Ona görə insanlar daha da yaxşı yaşamağa başladılar, rifah yüksəldi və təbii ki, əhali də artır. Ancaq eyni zamanda, bu müsbət tendensiya bizim qarşımızda çox ciddi vəzifələr qoyur. Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir”,-prezident belə deyib.
Ölkə başçısı dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə olunmasına da toxunub:
“Biz ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.
İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə prezidentin niyyətini dəstəklədiyini, hər kəsin də bu arzuya qoşulduğunu deyib.
İqtisadçı insanların yerli mal almaq arzusunda olduğunu desə də, bu arzunun reallıqla uzlaşmadığını əlavə edib.
Nazim Bəydəmirli Azərbaycanın coğrafi mövqeyi, iqlim şəraitinin vətəndaşların işgüzarlığı gündəlik istehlak mallarınının təmin olunmasına imkan verdiyini düşünür.
O, dəfələrlə bu barədə özünün və həmkarlarının məsələ qaldırdığını deyir:
“Ancaq məsələnin həlli bir neçə səbəbdən asılı deyil. Bilirsiniz, biznes daxili istehsalı təmin etdiyi zaman ixraca yönəlik mallar ixrac etmək imkanı qazanır. Əgər daxili tələb qarşılana bilmirsə, malın ixrac potensialı sıfra bərabərdir. Təbii ki, məsələ hədəf olmalı, əmək məhsuldarlığı yüksəldilməli, müxtəlif şirkətlərə daha çox mal ixrac edilməsi üçün şərait yaradılmalıdır. Əgər normal rəqabətli iqtisadiyyat qurulsa, sahibkarları iqtisadi stimallaşdıran siyasət aparılsa, deyilənlər gerçəkləşəcək. Yox, əgər hansısa məmurun sahibkarın fəaliyyətinə müdaxilə edirsə, iqtisadi fəalliyyət aşağı olacaq, biznes dözümsüzlüyü yüksək olduqda isə xarici ölkələrdən Azərbaycana investisiya gəlməyəcək. Çünki ciddi şirkətlər hansısa ölkə ilə maraqlananda beynəlxalq reytinqlərə baxırlar. Təəssüf ki, Azərbaycanın beynəlxalq reytinqi arzuolunan səviyyədə deyil. Nə biznes dözümsüzlüyü, nə də rəqabət baxımından tələb olunan səviyyəyə çatmamışıq. Ona görə yaxın 1-2 ildə deyilənlərin gerçəkləşməsi mümkünsüzdür”.
AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev isə əhalinin artımının iqtisadi inkişaf kimi xarakterizə olunmasını gülünc hesab edir:
“Nəsil artımını şərtləndirən çox səbəblər var. Azərbaycan şəraitində bu səbəblər daha zəngindir. Ancaq bunu birbaşa iqtisadi inkişafla bağlamaq çox yanlışdır. İqtisadi inkişafı xarakterizə edən konkret göstəricilər var: birinci, ölkə üzrə Ümumi Daxili Məhsulun göstəricisinin dinamikası, ikinci, sənayedə, kənd təsərrüfatında məhsul həcminin dinamikası, üçüncü, Azərbaycana düşən gəlirlərin həcmi üzrə dəyişmələr, nəhayət, investisiya qoyuluşunun həcmi. Bu siyahını xeyli artırmaq mümkündür. Amma bu göstəriciləri kənara qoyub, konkret olaraq əhalinin artımını iqtisadi inkişafla əlaqələndirmək çox yanlışdır”.
Nemət Əliyev bildirib ki, 20-30 il əvvəllə müqayisədə bugün çoxuşaqlı ailələrin sayı xeyli dərəcədə aşağı düşüb:
“Ötən əsrin 60-70 və 80-ci illərin əvvəllərində 5, 6, hətta 9, 10 uşaqlı ailələr vardı, onlara orden verilirdi. Bu gün sadaladıqlarım yoxdur, insanlar o qədər ağır duruma düşüblər ki, 2-3 nəfərlik ailələrin sayı çoxluq təşkil edir. Prezidentin fikirlərindən belə çıxır ki, Azərbaycan 60-70-80-ci illərə qayıdıb? Görürsünüzmü, paradoksal durum yaranıb. Əgər əhalinin sayı ilə iqtisadi inkişaf arasında əlaqə yaratsaydıq, onda belə çıxırdı ki, 20-30 il əvvəl iqtisadi inkişaf daha yüksək olub. Amma əks mənzərə idi. Əhalinin sayı ilə iqtisadi inkişaf arasında bütün sərhədlərin kənara qoyulmasının da tərəfdarı deyiləm. Sadəcə, birbaşa əlaqə kimi xarakterizə etmək kökündən yanlışdır və bu gün buna yol vermək olmaz. Hazırda ölkə iqtisadiyyatını böhrandan çıxarmağın yollarını araşdırmaq vacibdir. Onsuz hökumətin səhvləri nəticəsində ölkə ağır duruma düçar olub. İndi yanlışlıqların sayını artırmaqla daha fəlakətli vəziyyət yarada bilərlər”.