İlham Əliyev: Əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır

Körpənin doğulmasını “tarixi hadisə” adlandıran ölkə başçısı deyib ki, bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır

Source: Foto: Azərtac

İqtisadçı: ''Əhalinin nisbi artım göstəricisi pisləşməsəydi, 10 milyonuncu sakin bir il əvvəl də dünyaya gələ bilərdi''

Azərbaycanın Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva

aprelin 9-da

Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

Körpənin doğulmasını “tarixi hadisə” adlandıran ölkə başçısı deyib ki, bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır:

“Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır”.

Bir gün öncə oxşar fikirləri Milli Məclisin deputatı Elman Nəsirov da deyib.

“Azərbaycan əhalisinin sayının 10 milyona çatması hər bir azərbaycanlını sevindirir,” – deyən deputat düşünür ki, on milyonuncu Azərbaycan vətəndaşının dünyaya gəlməsi ölkədə inkişafın göstəricisidir:

“Çətin iqtisadi vəziyyətdə yaşayan ölkələrin əhalisi artmır. Onlarda doğum faizi aşağı olur. Odur ki, Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması həm də tarixi nailiyyətimizdir. Bu, ölkəmizin ümumi inkişafının nəticəsi kimi qiymətləndirilə bilər”.

E.Nəsirov həm də düşünür ki, əhalinin sayının 10 milyon nəfərə çatması Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində demoqrafik üstünlüyünün göstəricisidir:

“Hazırda Azərbaycanda əhalinin dinamik artımı, Ermənistanda isə kəskin azalması prosesi gedir. Ola bilsin ki, Paşinyan hakimiyyəti dövründə Ermənistanı tərk edənlərin sayı azalsın. Yaxud da doğum artsın. Amma bunun əksi baş verməkdə davam edir. Ən son məlumata görə, son 10 ay ərzində 30 mindən çox insan Ermənistanı birdəfəlik tərk edib. Doğum isə kəskin şəkildə aşağı düşüb. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan bütün parametrlər üzrə Ermənistanı üstələməkdədir”.

elman_nesirov_esas_001.jpg
Elman Nəsirov

Deputat ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan əhalisinin az olduğunu, buna səbəbinsə AXC-Müsavat hakimiyyəti olduğunu söyləyib:

“Xaos və hakimiyyətsizlik olan yerdə təbii ki, demoqrafik göstəricilər də aşağı düşür. Bunu hər birimiz yaxşı xatırlayırıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-Müsavat hakimiyyəti dövründə, ümumiyyətlə, əhali artımından söhbət gedə bilməzdi. Çünki insanlar yalnız çörək haqqında düşünürdülər, sabaha inamları yox idi”.

Deputat düşünür ki, indi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət güclənib:

“Bizim ən böyük nailiyyətimiz isə indiki sabitlik, təhlükəsizlik mühitidir. Bütün bunlar Azərbaycanın inkişafını şərtləndirir. Eyni zamanda, demoqrafik proseslərə də müsbət təsir göstərir. Ona görə də bu gün yeni ailə həyatı quran gənclərimiz fərqindədir ki, onların dünyaya gətirdiyi övladlarını saxlamağa maddi imkanları olacaq”.

Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı öz “Facebook” hesabında deputatın fikirlərinə münasibət bildirib:

“Elman Nəsirov yenə şedevr yaradıb. Deyir, AXC-Müsavat hakimiyyəti dövründə əhali artımından söhbət gedə bilməzdi.

O tarixçi deputata biri desin ki, həmin hakimiyyətin ömrü elə bir hamiləlik müddəti qədər oldu”.

İqtisadçı Nemət Əliyev isə deyir ki, əgər son illərdə əhalinin nisbi artım göstəricisi pisləşməsəydi, 10 milyonuncu sakin bir il əvvəl də dünyaya gələ bilərdi. Bu göstəricini bir az yaxşılaşdırmaq mümkün olsaydı, bu hadisə 2014-cü ildə də baş verə bilərdi:

“Lakin son illərdə bu göstəricini nəinki yaxşılaşdırmaq, qoruyub saxlamaq, heç onun pisləşməsinin də qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən 10 milyonuncu sakinin dünyaya gəlişi xeyli ləngiyib”.

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı 10 milyonuncu sakinin dünyaya gəlişini hazırkı siyasətin təntənəsi kimi ictimai fikrə təlqin etməyə çalışanların nəzərinə çatdırır ki, əhalinin illik say artımı 2011-2018-ci illər ərzində 124 min nəfərdən 83 min nəfərə düşüb:

“Əhalinin təbii artım göstəricisi bu dövrdə 33 faizdən çox pisləşib: doğulanların sayında 21 faiz azalma, ölənlərin sayında 6,5 faiz artım baş verib. Bu dövrdə dağılan ailələr 38 faiz artıbsa, bağlanan nikahların sayında 29 faiz azalma əmələ gəlib”.

Nemət Əliyev bildirir ki, ölkənin demoqrafik göstəricilərinin bu dərəcədə pisləşməsində mövcud sosial-iqtisadi problemlərin rolunun kifayət qədər böyük olması şübhəsizdir:

“Bu və digər səbəblərdən əhalinin artım tempi son 7 ildə 1,4 faizdən 0,8 faizə düşüb”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı

Qubad İbadoğlu

isə Azərbaycanın 10 milyonuncu sakininə “xoşgəldin” məktubu yazıb.

“Gəl, səni ölkənlə tanış eləyim, sağımız neftlə, solumuz qazla zəngin səltənətin 10 miyonuncu sakini! Dünyaya faktiki 1517 manat, imzalanmış sazişlər üzrə isə 3000 manata yaxın borcla qədəm qoymusan, qədəmləri mübarək bala! Sən dünyaya gəldiyin ilin 1 yanvar tarixinə hakimiyyət 15 milyard 176 milyon manatlıq xarici borcla yanaşı, 250 milyad dollarlıq xarici sərmayənin də axırına çıxıb.

Sən dünyamıza gələnə qədər, vətəndaşı olduğun ölkənin Neft Fonduna, Neft Şirkətinə və dövlət büdcəsinə neftdən 190 milyard dollar qədər pul gəlib. Vətəndaşı olduğun ölkənin çoxlu neft quyuları, neft sazişləri var. Onlardan yalnız 2 layihədən -“Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neftin satışından 138 milyard 206 milyon dollar, “Şahdəniz” yatağındakı qazın satışından 2 milyard 506 milyon dollar, cəmi 140 milyard 712 milyon dollar gəlirimiz olub və Neft Fondunda yığılıb. Sən doğulana qədər həmin layihələrdən əldə edilən Neft Fonduna yığılan 140 milyard 712 milyon dollardan 102 milyard 197 milyon dollarını saga-sola xərcləyiblər, yerdə qalan 38 milyard 515 milyon dollarını isə xaricdə saxlayırlar. Niyə xaricdə saxlayırlar? Allah işini bilmək olmaz, mənim balam. Hələ sevinmə, gerisini dinlə. Bugünədək 152 milyard dollar (190 milyard dollar– 38 milyard dollar) neft-qaz gəlirləri və 250 milyard dollar xarici sərmayə, bütövlükdə 402 milyard dollar məsrəf olunub. Hə, gün gələcək, dil açacaqsan, soruçacaqsan ki, bəs, mənim payıma düşən 42 min dollar necə oldu, onu da xərclədinizmi? Bəli, xərclədilər, təkcə sənin payını yox, atanın, ananın, babanın, nənənin – 9 milyard 999 milyon 999 min 999 vətəndaşımızın da payını rahatca həzm-rabedən keçirdilər, üstündən də su içdilər,”- deyə iqtisadçı məktubunda vurğulayıb.

Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Aprelin 7-də bu münasibətlə paytaxtın bütün rayonlarında atəşfəşanlıq olub.

Ana səhifəXəbərlərİlham Əliyev: Əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır