İlham Əliyev: “Əgər Ermənistan sülh imzalamaq istəyirsə, Azərbaycanın iki şərtini qəbul etməlidir”

Foto: president.az

Almaniya Prezidenti rəsmi Bakı və Yerevanı sülh sazişini mümkün qədər tez imzalamağa çağırıb

Aprelin 2-də Prezident İlham Əliyevin və Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə geniş tərkibdə və təkbətək görüşü keçirilib.

Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

İlham Əliyev bildirib ki, almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb.

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi verib. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”.

“Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir”, – İlham Əliyev belə deyib.

Azərbaycan Prezidenti ikinci məsələnin Ermənistan Konstitusiyası ilə bağlı olduğunu açıqlayıb.

“İkinci məsələ Ermənistanın Konstitusiyası ilə bağlıdır. Ermənistan Konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O, Konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan Konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə Azərbaycan və Ermənistanı sülh sazişi mətninin razılaşdırılmasının başa çatması münasibətilə təbrik edib. F.Ştaynmayer rəsmi Bakı və Yerevanı məqamı əldən verməməyə, eləcə də sazişi mümkün qədər tez imzalamağa çağırıb:

“Çox böyük bir addım atılıb. Hər iki tərəfi sülh sazişi mətninin razılaşdırılmasını başa çatdırmaları münasibətilə təbrik edirəm. Bu gün Prezident İlham Əliyevlə görüşdə sülh sazişinin tezliklə imzalanmasının şahidi ola biləcəyimizə ümidvar olduğumu qeyd etdim. Cənubi Qafqazda dayanıqlı sülh olacaq. Buna çox ümid edirəm və tərəfləri bütün çətinliklərə və çağırışlara baxmayaraq, bu məqamı qaçırmamağa çağırıram”.

Ştaynmayerin fikrincə, prosesi başa çatdırmaq üçün tərəflər siyasi iradə nümayiş etdirməlidirlər:

“Əminəm ki, bu, baş verəcək”.

F.Ştaynmayer 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsinə görə Ermənistana qarşı niyə heç bir tədbir görülmədiyinə dair suala cavab verərkən bildirib ki, Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir.

“Biz həmişə demişik ki, bu, sizin ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer həmçinin bildirib ki, Azərbaycan və Ermənistana qarşılıqlı etimadın bərpası üçün vaxt lazım olacaq.

“Qarşılıqlı etimadı bərpa etmək üçün vaxt və səy lazımdır. Bu, çox uzun bir prosesdir. Ölkələrə və xalqlara hələ çox vaxt lazım olacaq. Barışıq üçün zaman lazımdır və onu əldən verməməliyik”

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin qurulmasında ilk addım sülh sazişinin imzalanması ola bilər:

“Düşünürəm ki, sülh sazişinin imzalanması üçün söylənilən şərtlər yerinə yetiriləndir. Hər iki tərəf razılığa gələcək, Ermənistan və Azərbaycan arasında sülh prosesinin qarşısındakı maneələr aradan qaldırılacaq”.

Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, ikitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir.

“Əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin martın 30-da Cənubi Qafqaza səfəri başlayıb. O, əvvəlcə Yerevanda görüşlər keçirib, daha sonra Bakıya gəlib.

Ana səhifəSiyasətİlham Əliyev: “Əgər Ermənistan sülh imzalamaq istəyirsə, Azərbaycanın iki şərtini qəbul etməlidir”