Cəmil Həsənli: ”Mən bilmirəm, Əliyevin səsləndirdiyi firavanlıq ifadəsi nəyi ehtiva edir”
“Biz öz gələcəyimizi qururuq, qabağa gedirik. Bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır”, – prezident İlham Əliyevin sözləridir. O, bu sözləri Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı səsləndirib.
Məlumatı Azər-TAC yayıb.
“Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır”
Dövlət başçısı bildirib ki, Azərbaycanın daxili işinə qarışmaq istəyənlərin sayı çoxdur. Müxtəlif dövrlərdə işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdüblər:
“O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır – bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görmüşük. O ölkələr ki xaricdən idarə olunur, dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur”, – deyə o vurğulayıb.
“Öz yolumuzla getdiyimiz üçün bizə təzyiqlər artıb”
İlham Əliyev qeyd edib ki, son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub: “On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcək”.
“Dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayır, bizə, sözümüzə inanırlar”
İlham Əliyev bildirib ki, ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır:
“Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq. Azərbaycan xalqı bu günkü kimi rahat, təhlükəsizlik şəraitində yaşayacaq. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparır, xalqın maraqlarını müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq”.
”Ölkəni bürüyən böhran aparılan siyasətin nəticəsidir”
“Dünyanın demokratik qaydalarına uyğunlaşmaq və demokratik islahatlar keçirmək lazımdır. Azərbaycanı ümumdünya prosesinin getdiyi yoldan ayırmağa heç bir ehtiyac yoxdur. Bugün ölkəni bürüyən böhran aparılan siyasətin nəticəsidir”, – prezidentin çıxışını Meydan TV-yə şərh edən Milli Şuranın sədri Cəmil Həsənli belə deyib.
C. Həsənli bildirir ki, xarici dövlətlərin istəyi Azərbaycan hakimiyyətinin öz vətəndaşına hörmətlə yanaşması, insan hüquqlarını, vətəndaş haqlarını qəbul etməsi, insanları saxta ittihamlarla həbs etməməsidir:
Cəmil Həsənli prezidentin “bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə, sözümüzə inanırlar”, – deməsinə də münasibət bildirib. Deyib ki, Azərbaycan ərazilərinin 20 faizi 20 ildən artıqdır işğaldadır və hakimiyyət istilaya son qoymaq üçün heç nə etməyib. Əgər hakimiyyət beynəlxalq aləmdə böyük nüfuz qazansaydı, islahatlar aparsaydı, maddi sərvətlərin xalqın rifahına yönəltsəydi, ölkəyə böyük maraq olardı:
“Sadəcə, son 1-2 ildə neçə-neçə xarici şirkətin Azərbaycanı tərk etməsi statistikasına baxmaq lazımdır. Yeridilən siyasət artıq normal iqtisadi fəaliyyət üçün də yetərli deyil”.
“Müəllimin, həkimin aldığı cüzi əməkhaqqı ən elementar sosial ehtiyacları belə ödəmir”
Firavanlıq barədə Əliyevin dediklərinə gəlincə, Cəmil Həsənli deyir ki, Azərbaycanda təqaüdçülər bu gün 65-80 dollar civarında pensiya alır. 1 milyon 450 min pensiyaçıdan təxminən yarıya qədəri bu vəsaitə möhtac qalıb:
“Bu adamların 30-40 faizi öz intellektlərini, sağlamlıqlarını, enerjilərini ölkənin sosial-iqtisadi həyatının inkişafına sərf ediblər. Ancaq dünyada ən aşağı pensiya alan yaşlı əhaliyə çevriliblər. Yaxud müəllimin, həkimin aldığı cüzi əmək haqqı ən elementar sosial ehtiyacları belə ödəmir. Mən bilmirəm, Əliyevin səsləndirdiyi firavanlıq ifadəsi nəyi ehtiva edir. Odur ki, insanlar mitinqlərə gəlib tələblərini irəli sürməlidir”.
“Hakimiyyət bir ailənin güclənməsinə yönəlmiş addımlarla, referendum oyunlarıyla ölkəni nüfuzdan salır”
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, hakimiyyət xalqın və dövlətin maraqlarına uyğun hərəkət etsəydi, digər qüvvələrin düzgün tövsiyyələrinə ehtiyac qalmazdı:
”Ölkə qanunların tələbiylə idarə edilsə, iqtisadi-siyasi azadlıqlara malik olsaydı, kənardan təzyiq imkanları da xeyli dərəcədə məhdudlaşar, Qarabağ probleminin həlli asanlaşardı. Bu məsələlərə diqqətlə və mahiyyəti üzrə yanaşılmalıdır. Azərbaycan 100 il ölkənin müstəqilliyini təmin edən, Şərqin ilk demokratik dövləti kimi dünyaya tanıdan insanların iradəsiylə davam etsəydi, bugün tamamilə fərqli inkişaf səviyyəsində olardıq. Hakimiyyət bir ailənin güclənməsinə yönəlmiş addımlarla, referendum oyunlarıyla Azərbaycanı nüfuzdan salır”.
İsa Qəmbər Əliyevin “bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə, sözümüzə inanırlar” cümləsinə də fikir bildirib:
“Söz xatirinə hər şeyi demək olar, amma o sözlərin hansının həqiqət olduğunu, hansının həqiqətə uyğun olmadığını da ölkə daxilində hər kəs bilir, o cümlədən, ölkəni müşahidə edən digər dövlətlər və xalqlar hər şeyi görürlər”.