İlham Əliyev daha bir icra başçısını vəzifəsindən azad edib

Şahin Məmmədov. Foto: Azərtac

Lerik, Göygöl və Masallıya yeni icra başçıları təyin olunub

Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İham Əliyev iyulun 25-də sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Sabiq icra başçısı Şahin Məmmədov 2004-2005-ci illərdə Samux Rayon İcra Hakimiyyətinin, 2005-2019-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 3 il idi ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Masallı Rayon İcra Hakimiyyətinin yeni başçısı Araz Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin idarə rəisi olub. 2019-cu ildə İlham Əliyevin sərəncamı ilə ona general-mayor rütbəsi verilib.A.Əhmədov mayor rütbəsində olarkən 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Prezident bu gün Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Göygöl rayonunun yeni başçısı Elvin Paşayev 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.

Araz Əhmədov (solda), Elvin Paşayev və Əkbər Abbasov (sağda). Foto: president.az

O, əvvəllər Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb.

Lerik rayonunun 1988-ci il təvəllüdlü yeni başçısı Əkbər Abbasov isə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bu ilin mayında, Lerik Rayon icra başçısı Rövşən Bağırov isə ötən ilin aprelində vəzifələrindən azad ediliblər. Sonuncu elə həmin aprelində Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ana səhifəXəbərlərİlham Əliyev daha bir icra başçısını vəzifəsindən azad edib