İlham Əliyev: Cənub Qaz Dəhlizinə daha bir neçə ölkə qoşula bilər

”Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır, dörd önəmli layihədən ibarətdir”

Source:
foto trend.az
foto trend.az


”Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır, dörd önəmli layihədən ibarətdir”


“Azərbaycan və Türkiyənin birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində deyib.

Dövlət başçısı qeyd edib ki, Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir. Bu rol getdikcə artır və Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır.

İlham Əliyev vurğulayıb ki, Cənub Qaz Dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir: “Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır, dörd önəmli layihədən ibarətdir. Biri TANAP, digərləri Cənubi Qafqaz Boru Kəməridir ki, bizim qazımızı Azərbaycandan Türkiyə sərhədinə – Türkiyə-Yunanıstan, Türkiyə-Gürcüstan sərhədinə qədər gətirir; ondan sonra Transadriatik kəməri və “Şahdəniz” yatağının işlənməsi. Cənub Qaz Dəhlizi bu gün uğurla icra edilir. Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii resurslarla zəngin olmayan ölkələr çalışırlar ki, müxtəlif yerlərdən onlara yeni resurslar gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır. Və çoxşaxəli diversifikasiya yolu ilə həm nefti, həm də qazı dünya bazarlarına çıxarır”.

Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrasında artıq yeddi ölkə birləşib: “Və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, cəmi 25 ildir ki biz müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftə, qaza bağlı idi. Bu gün isə neft və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sahələrinə yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir. Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii resurslarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda şəklində fəaliyyət göstərməlidirlər, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft və qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarmızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Enerji siyasətimiz bizə imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici sərmayədən asılı idik, bu gün isə biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik. O cümlədən qardaş Türkiyəyə bizim qoyduğumuz və qoyacağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı gücləndirir, türk iqtisadiyyatını gücləndirir və bizim birliyimizi gücləndirir”.

Ana səhifəXəbərlərİlham Əliyev: Cənub Qaz Dəhlizinə daha bir neçə ölkə qoşula bilər