“Novaya qazeta” Əliyevlə Hacıyevin düşmən olmasının səbəblərindən
yazır
“Cahangir Hacıyevin istefasından az öncə bankın səhmlərinin dünyadakı böyük birjalarda satışı üçün hazırlıq prosesi başlamışdı. Bunun üçün əvvəlcə “Beynəlxalq Bank”ın səhmlərinin dövlətə məxsus nəzarət paketi özəlləşdirilməliydi. Məhz həmin vaxtda prezident İlham Əliyevə çatdırıblar ki, Cahangir Hacıyev “Beynəlxalq Bank”ın dövlətə aid olan nəzarət paketini əldə etmək niyyətindədir. Bu işi reallaşdırmaq məqsədilə kredit almaq üçün artıq Qərbdə danışıqlara da başlayıb. Danışıqlar əvvəlcədən hazırlanmış və Azərbaycanın hakim elitasıyla razılaşdırılmamışdı. Görünən budur ki, Cahangir Hacıyevə bunu bağışlamadılar…” – bu, Rusiyanın “Novaya qazeta”sında dərc olunmuş araşdırmadan bir hissədir.
“Milyarder olmaq istəyən həbsxanada oturacaq” başlıqlı araşdırmada “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri, 15 il həbsə məhkum edilmiş Cahangir Hacıyevlə prezident İlham Əliyev arasında münasibətlərin gərginləşməsi, bu bankın Nəqliyyat filialı vasitəsilə ölkədən çıxarılan 2.9 milyard dolların Danimarka “Danske Bank”ının Estoniya şöbəsinə, oradan da Britaniyada qeydiyyat keçən şirkətlərə göndərilməsi, ardından da ABŞ və Avropa siyasətçilərinin satın alınmasına xərclənməsi və başqa detallardan bəhs olunur.
“Cahangir Hacıyevlə birlikdə mühakimə olunub, lakin şərti cəza alanlar arasında “Beynəlxalq Bank”ın Nəqliyyat filialının rəhbəri olmuş Kənan Orucov da vardı. Ona üç il şərti cəza verilmişdi. Məhz bu filial vasitəsilə “Danske Bank”ın Estoniya filialına, oradan da Britaniyada qeydiyyatdan keçmiş şirkətlərə 2.9 milyard dollar pul köçürülüb. Bu köçürmələr də istintaqı və məhkəməni maraqlandırmadı.
Kənan Orucova verilmiş üç il şərti cəza da sual yaradır: ona qarşı belə humanizm rəhbərlik etdiyi, “Beynəlxalq Bank”ın 35 filialından biri olmasına baxmayaraq, baş ofisdən sanki ayrı muxtariyyət kimi fəaliyyət göstərən bu filialdan “çamaşırxana” kimi istifadə edilərək ölkədən çıxarılan 2.9 milyard dolların ABŞ və Avropa siyasətçilərinin satın alınmasına yönəlməsi barədə bildikləriylə əlaqəli ola bilərdimi? Çünki bildiklərini danışa bilərdi…”, – müəllif yazır.
Məqalədə Maltada jurnalist Dafna Karuana Qalisiyanın (Daphne Caruana Galizia) qətlə yetirilməsinə də toxunulub. Yada salınır ki, 2017-ci ilin yaz və yay aylarında “Malta İndependent” qəzetində Dafnanın araşdırmaları dərc olunmuşdu: “Həmin materiallardan aydın olurdu ki, Maltanın Baş nazirinin ailəsinin nəzarətində olan ofşor şirkətlərə Azərbaycan prezidenti İlham Əliyevin qızlarına bağlı şirkətlərdən pullar köçürülüb. Bundan sonra ölkədə siyasi böhran yaşandı, hökumət istefaya getdi, növbədənkənar seçkilər təyin olundu.
Dafna araşdırmalarını davam etdirir, Azərbaycan prezidentinin ailəsinin nəzarətində olan şirkətlərlə bağlı informasiyalar toplayırdı. Lakin o, araşdırmalarını yekunlaşdıra bilmədi – 16 oktyabr 2017-ci ildə jurnalistin avtomobilinə partlayıcı qoyuldu və o, qətlə yetirildi”.
Müəllif yazır ki, baxmayaraq, “Beynəlxalq Bank”-ın səhmlərinin yarıdan çoxu dövlətə məxsusdur, o, tam dövlət bankı deyildi. O zaman banka rəhbərlik edən C.Hacıyev həm də onun səhmlərini almağa başlamışdı:
“Səhmlərin sahibləri arasında həm fiziki, həm də hüquqi şəxslər vardı. Artıq 2010-cu ildə səhmlərin 30 faizi şəxsən Cahangir Hacıyevin nəzarətində idi. Lakin onların cəmi 0.2 faizini öz adına rəsmiləşdirmişdi. Qalanı isə qohumları və yaxın dostlarının adına idi.
“Beynəlxalq Bank”-ın illik maliyyə hesabatlarından görünür ki, bank mütəmadi dividendlər ödəyib. Məsələn, 2008-2010-cu illədə “Beynəlxalq Bank”ın səhmlərinin Hacıyevin nəzarətində olan üçdə bir hissəsinə illik təxminən 10 milyon dollar ödənilib. 2011-ci ildə bank dividend ödənişini məhdudlaşdırıb, gəlirlərin böyük hissəsini bankın inkişafına yönəldib. Hətta o ildə də Hacıyevin nəzarətində olan səhmlərə görə 2.5 milyon dollar dividend hesablanmışdı. Ümumilikdə isə 2015-ci ilə qədər “Beynəlxalq Bank”ın Cahangir Hacıyevin nəzarətində olan səhmlərinə görə dividend olaraq, 50 milyon dollardan çox vəsait ödənilib”.
Məqalədə bildirilir ki, C.Hacıyev, hətta “Beynəlxalq Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən gedəndən sonra da bankın dövlətə məxsus səhmlər paketinin alqı-satqısında iştirakdan imtina etməmişdi:
“Dövlətin payının özəlləşməsi prosesinə hazırlıqlar 15 iyul 2015-ci ildə başladı. Həmin vaxt prezident İlham Əliyev dövlətə məxsus səhmlərin özəlləşdirilməsi barədə fərman imzaladı. Cahangir Hacıyevlə bağlı informasiyanın İlham Əliyevə necə çatdırıldığını isə yalnız təxmin eləmək olar. Bəlkə də onun hərəkəti açıq-aşkar utanmazlıq kimi təqdim olunub. Və Azərbaycan prezidenti Hacıyevin həbsinə razılıq verib…”