İlham Əliyev: ”Bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq”

Prezident: “Biz bu dövrə hazır deyildik”

Source:
İlham Əliyev Munhen konfransında
İlham Əliyev Munhen konfransında

“Biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə – ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

“Əslində, biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlayıb və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır”, – deyə o vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, bu, real bir çağırış idi: “Lakin yenə də qeyd etmək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, hesab edirəm ki, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq”.

“Hesab edirəm ki, neftin qiyməti yüksək olduqda, hökumət, əlbəttə ki, iqtisadiyyatın ən önəmli və cəlbedici sektorlarını öz əlində saxlamaq üçün əlindən gələni edəcək. Lakin neftin qiyməti 30 dollar olduqda hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa daha çox hazırdır”.

Dövlət başçısı neftin bugünkü qiyməti ilə bağlı vəziyyətin xarici investorlar üçün daha cəlbedici olduğunu düşündüyünü bildirib. “Çünki bu gün aktivlərimizin özəlləşdirilməsi investorlardan daha çox bizim özümüzə lazımdır. Əlbəttə ki, biz bu sahədə bir balans tapmalıyıq ki, hökumət və investorlar da öz payını ala bilsinlər. Burada biz vacib olan iqtisadi islahatlara, biznes mühitinin yaxşılaşdırılmasına, özəlləşdirmə yolunun davam etdirilməsinə və neftdən asılılığın azalması məsələsinə gəlirik”, – deyə o vurğulayıb.

“Neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir. Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik”.

Azərbaycanın ixracının 90 faizini neft və qaz təşkil etdiyini deyən dövlət başçısı bildirib ki, buna görə də növbəti illər üçün əsas vəzifə ixrac potensialını şaxələndirməkdir: “Bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq”.

Siyasi risklərə gəlincə Azərbaycan prezidenti qeyd edib ki, bu, ölkələrdən asılı olan məsələdir. “Hər bir ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var. Əlbəttə ki, iqtisadi vəziyyət və insanların gündəlik həyatı siyasi sabitlik və inkişafa təsir edir. Lakin hesab edirəm ki, neftin qiymətinin mütəmadi olaraq dəyişkən xarakter daşımasının dərk edilməsi ən vacib məqamdır. Biz neftin qiymətinin yüksək olduğu dövrdə yaşamışıq, indi isə neftin qiymətinin aşağı olduğu bir dövrdə yaşayırıq. Bizim üçün ən əhəmiyyətlisi isə neftin qiyməti yenidən yuxarı qalxdıqda bu islahatları davam etdirmək və bacardığımız qədər neft və qazdan asılılığımızı azaltmaqdır”, – deyə o vurğulayıb.

Ana səhifəXəbərlərİlham Əliyev: ”Bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq”