İlham Əliyev: Bu il iqtisadi artım olacaq

”Neft qiymətlərinə adaptasiya baş verir”

Source:


”Neft qiymətlərinə adaptasiya baş verir”

“Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkəmiz böyük uğurlar əldə edib”, – prezident İlham Əliyevin sözləridir.

“Ötən il qeyri-neft sektorunda artım olub”

O, bu sözləri V Qlobal Bakı Forumunun açılışında deyib. Məlumatı APA yayıb. Prezident bildirib ki, hökumət və xalq arasında birlik olanda torpaqlar işğal altında qalsa belə, iqtisadiyyat inkişaf edir:

“Azərbaycanda yoxsulluq son 15 ildə 5 faizə qədər azalıb. Düzdür, iqtisadiyyat neft qiymətlərinin aşağı düşməsindən əziyyət çəkib, ancaq islahatlarla bu çətinliyi qısa müddətdə həll edə bildik. Neft gəlirləri 3-4 dəfə aşağı düşürsə, bu, həyat tərzinə təsir edir. Müəyyən çətinliklər var, ancaq neft qiymətlərinə adaptasiya baş verir. Bu il iqtisadi artım olacaq. Neft və qaz sahəsini kənara qoysaq, görərik ki, ötən il qeyri-neft sektorunda artım olub. Son iki ay ərzində qeyri-neft məhsullarının ixracını iki dəfəyə qədər artıb. Biz ixracımızı genişləndirməliyik. Odur ki, bizə xarici bazarlar lazımdır. Bunun üçün həmin bazarlara malik ölkələrin rəhbərləri ilə yaxşı siyasi əlaqələr qurmalıyıq”.

“Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”

İlham Əliyev deyib ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Bu da qarşılıqlı hörmətdən və daxili işlərə qarışmamaqdan irəli gəlib:

“Qonşu ölkə ilə problem varsa, bu, hər iki tərəfə pis təsir göstərir. Ermənistanı kənara qoysaq, digər qonşularla çox yaxşı münasibətlər qurmuşuq. Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Bu, tək enerji ilə bağlı deyil. Keçən ay Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başlamışıq. Biz siyasətimizi milli maraqlara, reallıqlara əsaslanaraq qurmalıyıq”.

“Bizim siyasətimiz real vəziyyətə əsaslanır”

Prezident Avropa İttifaqına münasibətdə də real məqsədlər irəli sürdüklərini deyib:

“Tərəfdaşlarımız da belə yanaşır. Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdansa, strateji tərəfdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdik. Bizim siyasətimiz real vəziyyətə əsaslanır. Bəzi hallarda isə reallıqları dəyişməyə yönəlib. Bəzən bizim qonşularımız arasında anlaşma itir, bu zaman biz sabitləşdirici rol oynamağa çalışırıq”.

Ana səhifəXəbərlərİlham Əliyev: Bu il iqtisadi artım olacaq