“Yaxın illərdə qazın ixracatda çəkisi artacaq”
“Hər zaman iqtisadiyyatımızın neft və qazdan asılılığının azaldılmasına çalışmışıq və davamlı inkişafı əsas götürmüşük. İqtisadiyyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir”.
APA
-nın məlumatına görə, bunu Azərbaycan prezidenti
İlham Əliyev
Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq: “Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir”.
Devalvasiya məsələsinə toxunan İlham Əliyev onu da deyib ki, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edəcək:
“Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafını üçün aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Həmçinin xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9.8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq”.
Azərbaycanda işsizlik səviyyəsinin 5 faiz olduğunu söyləyən prezident bildirib ki, ən böyük uğur yoxsulluğu 5 faizə qədər salmağımızdır: “Bu göstərir ki, biz “Holland sindromu”na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar”
Dövlət başçısı onu da bildirib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma azadlığı təmin edilib, əhalinin 75 faizi internet istifadəçisidir. Biz genişzolaqlı interneti ölkənin ən ucqar nöqtələrinə belə çəkirik. Biz dərk edirik ki, müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik.