“Vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar eyni hüquqa malikdir, o cümlədən erməni xalqı”
Azərbaycanın dövlət başçısı İlham Əliyev noyabrın 20-də xalqa
müraciət
ini Ağdam rayonunun işğaldan azad olunması təbriki ilə başlayıb. Prezident ağdamlıların köçkün olmadığını xatırladaraq bildirib ki, rayonun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir:
“İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə – bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik”.
“Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaq”
İlham Əliyev deyib ki, Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib:
“Prezidentin ehtiyat fondundan ilkin olaraq 50 milyon manat ayrılıb. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaq. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir”.
“Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur”
Prezident bildirib ki, Kəlbəcər rayonunu boşaldan işğalçılar bütün evləri, binaları, məktəbləri dağıdırlar, sökürlər, öz vəhşiliklərini göstərirlər:
“Bütün beynəlxalq aparıcı media qurumları bunu lentə alır və dünyaya yayır, biabır edir onları. Onlar özləri özlərini biabır edirlər, qorxaqcasına qaçıblar bizim qabağımızdan. Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər – 10 mindən çox fərari olub”.
İ.Əliyev ikinci dünya savaşın xatırladaraq deyib ki, Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub:
“İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələrinin özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır? Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası var. Heç ağılı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası var. Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq v bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı etnik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq. Biz onların şəhərlərini dağıtmamışıq, halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıtmaq nə böyük problem idi? Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi. Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur. Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir”.
“Mən də o liderlərdən deyiləm ki…”
Ölkə başçısının sözlərinə görə, Ermənistan tərəfinin Dağlıq Qarabağdan 90 min erməninin qaçqın olması xəbəri yalandır:
“Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və indi də bilirik orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan”.
Prezident 27 sentyabrdan başlanan hərbi əməliyyat zamanı 3 mindən çox evin dağıdıldığını deyib:
“94 şəhidimiz, 400-dən çox yaralı mülki şəxs var. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə”.
“Nə üçün səs qaldırmırsınız?”
İlham Əliyev beynəlxalq aləmin, qərb ölkələrinin Ermənistandakı siyasi olaylara susqun nümayiş etdirməsindən narazılığını ifadə edib:
“Gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Yaxud da ki, Monitorinq Komitəsi. Orada bizim Azərbaycan üzrə bir neçə məruzəçi təyin ediblər. Ermənistan monitorinq altında olmalıdır. Niyə susursan Avropa Şurası? Hanı sənin rəhbərlərin, hanı sənin monitorinq komitən, siyasi komitən. Görmürsünüz ki, Ermənistanda repressiya baş alıb gedir? Görmürsünüz ki, diktator at oynadır? Özü də məğlub edilmiş diktator, rəzil vəziyyətdə olan diktator. Bəs, niyə səsinizi çıxarmırsınız? Bəs, hanı sizin demokratiyanız, insan haqlarınız? Cavab var? Yoxdur. Olmayacaq. Mənim sözlərimdən sonra bax, görərsiniz, olmayacaq. Ört-basdır edəcək. Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan, Avropa Parlamenti? Özünü guya dünyanın demokratiya mərkəzi sayırsan. Bir səs çıxar, açıqlama ver, bəyanat ver, qına bunu. Dünyanın gözü qarşısında diktator bütün müxalifəti məhv edir. Bir adamı öldürüb. O parlamenti zəbt edənlər arasında bir nəfər artıq ölü tapılıb. Nə üçün səs qaldırmırsınız? Niyə? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz? Yaxşı, ballistik raketlə bizi vurdu, susdunuz, kasetli bombalarla, fosforlu bombalarla bizi vurdu, susdunuz. Böyük ölkələr, özlərindən Avropanın lideri düzəldən ölkələr, siz niyə susursunuz?”