İlham Əliyev: “Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”

Foto: Azərtac

Prezident “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını yüksək qiymətləndirib, lakin bunun kifayət olmadığını deyib

Bu gün Bakıda “Yeni dünya nizamına doğru” mövzusunda ADA Universitetində keçiriliən beynəlxalq forumda Prezident İlham Əliyev də iştirak edib. O, forumda çıxışı zamanı Azərbaycan-Qərb, Ermənistanla münasibətlər və bir çox məsələlərə toxunub.

ABŞ-Azərbaycan münasibətləri

ABŞ ilə münasibətlər haqda danışan İlham Əliyev deyib ki, Azərbaycan Birləşmiş Ştatlara lazım olduğu zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra Azərbaycana qarşı 907-ci düzəlişi yenidən tətbiq etməyə başlayıblar.

“Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.

İlham Əliyev Bayden-Blinken administrasiyası dövrünü böhrana uğramış əlaqələr dövrü kimi təsbit edib.

“Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil”.

O qeyd edib ki, Azərbaycan hər zaman Birləşmiş Ştatlarla yaxşı münasibətlərin tərəfdarı olub. Çünki ABŞ dünyanın ən güclü dövlətidir.

“Tramp Administrasiyasının indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir”– İlham Əliyev deyib.

Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu qeyd edən Prezident bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. O, Azərbaycanın İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğunu vurğulayıb.

“Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.

İlham Əliyev Trampın atdığı addımları perspektivli adlandırıb.

“Prezident Trampın atdığı addımlar çox perspektivlidir, lakin bu, son deyil. USAID nəhənglərdən biridir, bu, tamamilə korrupsiyaya uğramış təşkilatdır”.

O, “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını yüksək qiymətləndirib, lakin bunun kifayət olmadığını deyib.

“Siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Freedom House” , “Amnesty International” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalıdır”.

Ermənistanla münasibətlər haqda…

Prezident bildirib ki, Ermənistan hakimiyyəti ABŞ-də demokratların hakimiyyətdən getməsi və Trampın prezident seçilməsindən məyus olublar.

“Ermənistanda ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi”.

İlham Əliyev bildirib ki, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər.

“Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır”.

“Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, – Azərbaycan Prezidenti belə deyib.

“Biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq”.

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın siyasi istebleşmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir:

“Sadəcə olaraq, burada müəyyən terminlər, müəyyən davranış və taktika fərqlidir. Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək”.

İlham Əliyev qeyd edib ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur.

Yaxın Şərq barədə

Ermənistanın rəhbərliyi ilə Suriyanın keçmiş rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan İlham Əliyev deyib:

“Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi”.

“İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”, – deyə İlham Əliyev bildirib.

Türkiyə- İsrail münasibətləri haqda danışan İlham Əliyev bildirib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib.

“İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”.

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu qeyd edən Prezident əlavə edib ki, bu iki ölkə arasında anlaşılmazlıq narahatedicidir:

“Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”.

İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan İlham Əliyev deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib.

“Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”.

Avropa təşkilatları haqda

Prezident çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibəti haqda da danışıb.

 “Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”- İlham Əliyev belə deyib.

Prezident bildirib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımaya bilər. O, bununla bağlı fikirləri Azərbaycanın nümayəndə heyətinin ötən il Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən səsləndirib:

“Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir”.

Onun deməsinə görə, bu mövqe elan edilib:

“Avropa İnsan Hüquqları Məhkəməsinin heç bir qərarı bizə şamil edilə bilməz, çünki biz səsvermə hüququndan məhrum olmuşuq. Biz o hakimlərin seçilməsində səs verməmişik”.

Qonşularla münasibətlər…

Prezident İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.

“Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, – deyən İlham Əliyev həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib. Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını Prezident bir daha xatırladıb.

“Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.

İlham Əliyev İran Prezidentinin bu ay Azərbaycana gözlənilən səfərini ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib adlandırıb.

“Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.

Gürcüstanla münasibətlərə də toxunan Azərbaycan Prezidenti bunun strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Cənubi Qafqaz regionu strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilib və bunu yalnız biz etmişik”.

Ana səhifəSiyasətİlham Əliyev: “Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”