İlham Əliyev: Bəziləri məktubları əvvəllər gizlədirdilər

“Ümumiyyətlə, dialoqa gedənləri satqın, imtina edənləri demokratiya uğrunda ardıcıl mübariz aparlar elan etməkdən çəkinmək lazımdır”.

Source: Foto: Azərtac


“Prezident üçün həmin tezisləri hazırlayanlar ona yaxşılıqdan çox, xoşagəlməz duruma salırlar”

Martın 10-da VI çağırış Milli Məclisinin ilk iclası keçirilib. Toplantıda Prezident İlham Əliyev də çıxış edib.

Ölkə başçısı V çağırış Milli Məclis deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirərək deyib ki, yeni tərkib aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.


“Bütün namizədlər üçün bərabər şərait yaradıldı”

Prezident deyib ki, parlament seçkilərinin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir:

“Seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərildi. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etdi. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdırdılar. Bütün namizədlər üçün bərabər şərait yaradıldı, heç bir ayrı-seçkiliyə yol verilmədi. Əsas məsələ odur ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qaldı və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir”.

İlham Əliyev 9 fevral seçkilərinə beynəlxalq təşkilatların qiymətləndirilməsinə də toxunub:

“Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışdılar. Heç bir seçki qüsursuz olmur. Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. Bir məsələni – müşahidəçiləri də qeyd etmək istərdim. Bir məsələ də məni, sözün düzü, təəccübləndirdi. Deyə bilərəm ki, biz müşahidəçi qismində dəvət etdiyimiz bütün təşkilatları bu seçkilərdə görmüşük. Ancaq Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq bildirməliyəm ki, belə meyillər bizə qarşı bu gün də müşahidə olunur. Beləliklə, biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat yayırlar ki, bu seçkiləri müşahidə etməkdən imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik, biz sizi burada görmək istəmirik, biz sizə inanmırıq. Belə olan halda gəlib deyəsən ki, biz imtina edirik, bu, gülməlidir və təəccüblüdür”.


“Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz”

Dövlət başçısı yeni parlamenti çoxpartiyalı adlandırıb:

“Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etdi. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür. Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır”.

İ.Əliyev Prezident Administrasiyasının siyasi partiya sədrləri ilə görüşündən də danışıb:

“Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”.


“Yeni beşinci kolon axtarışı gedir”

Ölkə başçısı Prezident Administrasiyasının tam yeni tərkibdə formalaşdığını xatırladaraq deyib ki, hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir. Yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq:

“Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın. Sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək. Ona görə bizim bütün daxili problemlərimiz Azərbaycanın daxilində həll olunmalıdır”.

Prezident vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət etdiyini xatırladaraq əlavə edib ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik:

“Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.


“Hökumətin görüşmək təklifinə onların hesablamadığı cavabı verdik”

AXCP sədri Əli Kərimli dövlət başçısının dediklərinə “Facebook” səhifəsində reaksiya verib.

Əli Kərimli bildirib ki, onlar dialoqdan yox, imitasiyada rol almaqdan imtina ediblər:

“Hakimiyyət AXCP sədri olaraq mənimlə görüş təklif edəndə belə bir sadə sxem üzrə düşünmüşdü: AXCP sədri bizim istədiyimiz formada, yəni şərtsiz qaydada Prezident Administrasiyasının şöbə müdiri ilə görüş təklifini qəbul edərsə, çox yaxşı. Başlatdığımız dialoq imitasiyası bir az ciddiləşər, islahat nağılına yeni nəfəs verərik, həm də xalqa göstərərik ki, ritorikası fərqli olsa da, əməldə AXCP də digərlərindən fərqlənmir. Yox, əgər görüş, "dialoq" təklifimizdən imtina edərsə, o da pis deyil. Onda da kampaniya başladarıq ki, biz iqtidar – müxalifət dialoqunu həqiqətən istəyirdik. Hətta AXCP-yə də görüş təklif etdik, ancaq AXCP dialoqdan imtina etdi. Çünki o radikaldır, dinc, tədrici islahatlara qarşıdır və s.

Ancaq biz hökumətin görüşmək təklifinə onların hesablamadığı cavabı verdik. Nə qaçaraq görüşə yollandıq, nə də görüşdən imtina etdik. Mövqeyimizi aşkar şəkildə, xalqın qarşısında bəyan etdik ki, dialoq təşəbbüsünüz ciddidirsə, dialoqun mövzusu, predmeti olmalıdır. Dialoq zamanı subordinasiya qaydalarına əməl olunmalıdır. Bildirdik ki, AXCP sədrinin müavini Seymur Həzi Prezident Aparatının şöbə müdüri Ədalət Vəliyevlə siyasi məhbusların azad edilməsi; sərbəst toplaşma azadlığının təmin edilməsi; seçki islahatının aparılması; yeni seçkilərin keçirilməsi; Qarabağ problemi və dövlətin təhlükəsizlik məsələlərini müzakirə edə bilər. Gördüyünüz kimi, AXCP özünün, üzvlərinin, sədrinin pozulmuş hüquqları ilə bağlı deyil, yalnız ümumxalq maraqlarına uyğun məsələləri müzakirə etməyə hazır olduğunu bildirib. Onu da bildirdik ki, tərəflərin nümayəndələri müzakirə olunan məsələlərlə bağlı ilkin razılıq əldə etsə, gerçək dialoq tərəflərin rəhbərliyi səviyyəsində davam edə bilər. Bu mövqeyimizə cavabı bir gün sonra İlham Əliyev özü verdi və bizim imitasiyadan imtina edib, real məzmunlu dialoqa hazır olmağımızı görüşdən imtina kimi qiymətləndirdi. Bizim əvvəlcədən də güman etdiyimiz özünü doğrultdu”.

eli_kerimli_705.jpg
Əli Kərimli

Əli Kərimli hesab edir ki, hakimiyyət real müxalifətlə predmetli və gerçək dialoqa hazır deyil, onun istədiyi dialoqun görüntüsünü yaratmaq, imitasiya ilə xalqı və dünya ictimaiyyətini aldatmaq idi:

“O ki qaldı İlham Əliyevin AXCP-ni “marginallaşmış”, “dərnək tipli qruplaşma” adlandırmasına, həvəsi varsa, özünü aldatsın, xalqı belə yalanlar aldatmaz artıq. Adama deyərlər, sən necə güclü, sabit hakimiyyətsən ki, həmin “dərnək tipli qruplaşmanın” mitinqlərindən qorxursan, bir ildən çoxdur ki, mitinqlərə razılıq verməyə ürək etmirsən, həmin “qruplaşma” mitinq edəndə şəhərin mərkəzində, metronu, ictimai nəqliyyatı, interneti, hətta mobil rabitəni bağlayırsan, şəhərin mərkəzinə zirehli texnika yeridirsən? Hə, bir də İlham Əliyev gərək unutmasın ki, söhbət artıq təkcə Milli Şura və AXCP-dən getmir, xalqımızın mütləq əksəriyyəti indiki hakimiyyətə müxalifətdədir və köklü dəyişiklik istəyir”.


“Mən dialoqun məqsədini görmürəm”

Siyasi şərhçi Rauf Mirqədirov bütün hallarda hakimiyyət tərəfindən dialoq təklifini pozitiv adlandırıb:

“Onsuz da uzun müddət idi QHT-lər və siyasi qüvvələr hakimiyyətə iqtisadi, siyasi və Qarabağ məsələsi ilə əlaqədar dialoqun zəruriliyi barədə təkliflərini səsləndirirdilər. Amma hakimiyyət bu təklifi yaxına buraxmırdı. Sadəcə, hazırkı vəziyyətdə dialoqun nə üçün edildiyi, nəticələri haqda sualların cavabı çox vacibdir. Yəni mən dialoqun məqsədini görmürəm, hansı məqsədlə dialoqa başlanılıb, sualı açıq qalır. Dialoq yalnız o zaman islahatlara hazırlıq, islahatların məzmununun müəyyənləşdirilməsi üçün addım ola bilər ki, onda məqsədlərini ortaya qoya bilərik. Tərəfləri maraqlandıran konkret mövzular olsun və bu məsələlər ətrafında müəyyən fikir mübadiləsi keçirib proqramlar təklif edilsin. Hakimiyyət də, müxalifət də islahatlarla bağlı yanaşmalarını ortaya qoyacaqsa, o zaman dialoqla bağlı çox ciddi nəticələrə gəldiyinə ümid etmək olar. Ən azı Azərbaycanı qarşıda gözləyən siyasi-iqtisadi təlatümlərdən təkamüllə çıxış yoluna doğru addım atıldığına ümid etmək olar”.

Jurnalist mühacir Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirovun sözlərinə görə, Prezident Administrasiyasının rəsmisinin müxalifət nümayəndələri ilə görüşünün predmeti və məzmunu olmadığı üçün belə görüşlər istənilən zaman dayandırıla bilər:

“Hələlik gerçək dialoqdan daha çox dialoqun illüziyasını yaratmaq cəhdi görünür. Amma bunun belə hakimiyyət tərəfindən dərki pozitivdir. Prezidentin müxalifətin bir hissəsini marginallaşaması fikrinə gəlincə, ümumiyyətlə, bütün müxalifət marginallaşıb, dərnək halına gəlib. Bunun məsuliyyəti və günahkarı ilk növbədə hakimiyyətin özüdür. Prezident üçün həmin tezisləri hazırlayanlar ona yaxşılıqdan çox, xoşagəlməz duruma salırlar. Əgər ölkədə müxalifət marginallaşırsa, dərnək halına gəlibsə, bu, o deməkdir ki, ölkədə insan haqları, mətbuat azadlığı və demokratiya ilə bağlı ciddi problemlər var. Yaxud iddia edə bilərlər ki, Azərbaycanda ümumiyyətlə, demokratiya yoxdur, insan haqları tamamilə tapdanır”.

Rauf Mirqədirov müxalifətin bir hissəsinin dialoqdan imtinasını taktiki addım kimi mümkün sayır:

“Ümumiyyətlə, dialoqa gedənləri satqın, imtina edənləri demokratiya uğrunda ardıcıl mübariz aparlar elan etməkdən çəkinmək lazımdır. Yaranmış vəziyyətdə, hər iki taktikadan istifadə etmək olar. Çünki bir tərəf dialoqu sonsuz və nəticəsiz qarşıdurmadan daha yaxşı hesab edir. Digər tərəf dialoqun başlanması üçün müəyyən şərtlər irəli sürə bilər. Sözsüz ki, bu şərtlər mövcud şəraitə uyğun olmalıdır. Hazırda hakimiyyətdən bütün demokratik standartları həyata keçirməyi tələb etmək sadəlövhlük olardı. Daha vacibi dialoqun mövzusunu, vaxt məhdudiyyətini, hansı nəticələrin olacağını müəyyənləşdirməkdir. Bu halda hər iki taktikadan istifadə edən müxalifətin olmasına normal yanaşmaq lazımdır. Əgər müxalifət liderləri situasiyaya praqmatik yanaşsalar, bir-birlərini aşağılayıcı ifadələrdən imtina edərlər. Ona görə də müxalifət hakimiyyətlə qaçılmaz olan dialoqun məqsədlərini, sərhədlərini və parametrlərini müəyyənləşdirməlidirlər. Bunun ətrafında da dialoq aparılmalıdır. Əgər söhbət ölkənin inqilabi yoluyla yox, təkamül inkişafına üstünlük verirlərsə”.

Ana səhifəSiyasətİlham Əliyev: Bəziləri məktubları əvvəllər gizlədirdilər