Sərdar Cəlaloğlu: ”Hətta rəsmi statistika da prezidentin dediklərinin əksini göstərir”
“Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır”.
Bu sözləri martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki “Ürək Mərkəzi”nin açılışı zamanı prezident İlham Əliyev deyib.
APA-nın məlumatına görə, tədbirdə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da iştirak edib.
Prezident son illər səhiyyə sahəsində çox böyük işlər görüldüyünü, 600-dən çox xəstəxananın, tibb obyektinin əsaslı təmir və yaxud yenidən inşa olunduğunu söyləyib:
“Demək olar ki, bütün rayonlarımızda ya yeni tikilən, ya da əsaslı təmir olunan xəstəxanalar yaxşı xidmət göstərir. Biz səhiyyə sahəsinin maddi-texniki bazasını artıq yaratmışıq. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır və bu gün bizim səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə, Dünya Səhiyyə Təşkilatı bizdə bu sahədə görülən işlərə yüksək qiymət verib. Statistik göstəricilərdə də bu, özünü göstərir, insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir”.
Prezident yeni mərkəzin ən müasir standartlara cavab verdiyini bildirib, dünya səviyyəsində ən yüksək qiymətə layiq olan bir mərkəz adlandırıb:
“Səhiyyə sahəsinin inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Çünki bu sahəyə ayrılan vəsait dövlətin siyasətini, niyyətini ifadə edir. Keçən il bütün bölgələrdə 5 milyon insan pulsuz müayinə olunub. Bu il də 5 milyon insan pulsuz müayinədən keçəcək. Yeni istifadəyə verilmiş bütün tibb ocaqlarında vətəndaşlarla görüşlər zamanı onlara söyləyirdim ki, siz mütləq ildə bir dəfə müayinədən keçməlisiniz. Bu, ilk növbədə, insanlara lazımdır, eyni zamanda, dövlətimizin inkişafı üçün də bunun çox böyük mənası var”.
İxtisasca həkim olan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu prezidentin fikirlərini Meydan TV-yə şərh edib. O, Dünya Səhiyyə Təşkilatının hesabatına əsaslanaraq bildirib ki, Azərbaycan uzunömürlülərin sayına görə 250 ölkə arasında sonunsu cərgələrdə dayanır: “Ona görə prezidentin fikirləri beynəlxalq təşkilatların statistikasına uyğun gəlmir. Məsələn, Yaponiya, Almaniya və Böyük Britaniyada orta ömür 72-75 götürülürsə, Azərbaycanda 40-45 orta həddir.
Biz nəinki Avropa, hətta digər ölkələr var ki, orda da orta yaş həddi bizdən yüksəkdir. İkincisi, uşaq və ana ölümünün səviyyəsinə görə də Azərbaycanda vəziyyət qənaətbəxş deyil. Düzdür, səhiyyə obyektləri inşa olunub, amma heç kimə sirr deyil ki, özəl sektor adı altında xüsusi biznes strukturları yaradılıb və tikilən binalarda vətəndaşlara tibbi yardım göstərilmir. Tibbi yardım 5-6 çarpayılıq hansısa nazirin, deputatın, işbazın yaratdığı klinikalarda var. Orda da dünya standartlarından aşağı tibbi xidmət göstərilməsinə baxmayaraq, qiymətlər dünya standartlarından çox yüksək olur. Nəticədə vətəndaşlar İrana, Türkiyəyə və Gürcüstana müalicə olunmağa gedirlər. Əgər səhiyyə xidməti keyfiyyətli və qiymətlər aşağıdırsa, vətəndaşlar niyə adları çəkilən ölkələrə üz tuturlar? Çox maraqlıdır ki, Azərbaycanda yüksək tibbi xidməti yalnız xaricdən dəvət edilən müətəxəssislər həyata keçirir. Özəl klinikalar xarici ölkələrin həkimlərilə müqavilə bağlayır, onlar bir neçə aylığa gəlib 15-20 ən mürəkkəb əməliyyat edib pullarını qazanırlar. Bu, tibbin yox, tibb biznesinin inkişafıdır. Hətta rəsmi statistika da prezidentin dediklərinin əksini göstərir”.
S.Cəlaloğlunun sözlərinə görə, indiki vəziyyətin əsas göstəricisi dövlət büdcəsidir:
“Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi normativ var, büdcənin neçə faizi səhiyyəyə ayrılırsa, səhiyyənin vəziyyəti onunla müəyyən olunur. Azərbaycanda səhiyyəyə ayrılan vəsait dünya ölkələri sırasında ən sonuncu yerlərdədirsə, o zaman hansı inkişafdan danışmaq olar? Bu mənada Azərbaycan Avropa yox, Somali, Nigeriya və bəzi ölkələrlə müqayisə oluna bilər. Əgər dövlət sağlamlıq hüququnu maliyyələşdirmirsə, büdcədən 2-3 faiz vəsait ayırırsa, səhiyyə necə inkişaf edə bilər? İnkişafın birinci şərti maddi-texniki bazanın yaradılmasıdır, hansı vəsaitlə maddi-texniki baza inkişaf edir? Dövlət büdcəsindən adambaşına ayrılan 2-3 manatla heç dərman almaq olmaz, ağır əməliyyatlardan isə danışmağa ehtiyac yoxdur”.
S.Cəlaloğlu güman edir ki, prezidentdə səhiyyə sahəsi ilə bağlı yanlış məlumatlar var:
“Çünki dövlət başçısının dedikləri reallığı əks etdirmir. Azərbaycanda təhlükəli xəstəliklər artır, qan təzyiqi, şəkər, xüsusilə sosial amillərlə bağlı xəstəliklər böyük templə inkişaf edir. Səhiyyə sahəsində də xüsusi inkişaf olmadığından bunların qarşısı alınmır”.
Partiya sədri hesab edir ki, səhiyyə sahəsinin inkişafının birinci göstəricisi tibb elminin nailiyyətidir:
“Azərbaycanda yüksək səviyyəli səhiyyə təşkil olunubsa, o zaman gərək tibb elminin əhatəsi və dərinliyi də böyük olsun ki, dünyaya elmi yeniliklər təqdim edə bilək. Halbuki, Azərbaycan tibb eliminin alimləri dünyada tanınmır və qəbul olunmur. Ona görə prezidentin nikbinliyini bölüşmürəm”.