İlham Əliyev: Azərbaycanda heç kim döyülmür, söyülmür, heç bir məhdudiyyət qoyulmur

”Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir”

Source:
İlham Əliyev
İlham Əliyev


”Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir”

Mayın 27-də “Buta” sarayında Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. “Azərtac”-ın məlumatına görə, dövlət başçısı İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Prezident çıxıında Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışan İlham Əliyev deyib ki, bu, dünya üçün tarixi hadisədir. Ona görə ki, ilk dəfə idi müsəlman aləmində demokratik respublika yaranmışdı.


“Bu gün Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir”

AXC-nin süqutundan, sovet dövründən danışan ölkə başçısı deyib ki, müstəqil siyasət aparmaq mümkün olmasa da, o dövrdə də müsbət məqamlar az deyildi: “İlk növbədə, təhsillə bağlı məsələlər öz həllini tapdı və bu gün Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir. Elmin, mədəniyyətin, incəsənətin, kənd təsərrüfatının, sənayenin inkişafı sovet dövründə təmin olunmuşdur. Xüsusilə, o dövrdə ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Əgər Sovet Azərbaycanının sosial-iqtisadi statistikasına nəzər salsaq, bunu görmək mümkündür ki, 1970-ci illərə qədər Azərbaycan ən geridə qalmış yerlərdə idi. Ancaq Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan inkişaf etməyə başladı və qısa müddət ərzində donor respublikaya çevrildi”.


“Ölkəni xaos bürümüşdü”

İlham Əliyev Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə təkrar hakimiyyətə gəlməsindən də danışıb. Deyib ki, həmin illərdə ölkəii xaos bürümüşdü. Daxili çəkişmələr, anarxiya, silahlı quldur dəstələri meydan oxuyurdu. Özbaşınalıq, iqtisadi tənəzzül, hərbi böhran və bütün bu xoşagəlməz hallar nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı: “Bu dəhşətli vətəndaş müharibəsində qardaş qanı axıdıldı. Belə bir vəziyyətdən istifadə edən erməni millətçiləri, Ermənistan işğalçıları torpaqlarımızı işğal etdilər. 1992-ci ildə Şuşa və Laçın, 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi əlaqə yarandı”.


“Biz


prinsipial seçimimizə sadiqik



“2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir, bu siyasətə sadiqdir. Əlbəttə, dünya dəyişir, bölgə dəyişir. Biz indi tam fərqli geosiyasi vəziyyətdə yaşayırıq. Ancaq biz həm xarici, həm daxili siyasətlə bağlı prinsipial seçimimizə sadiqik”.

Prezident daha sonra qeyd edib: “2003-cü ildən bu günə qədər görülən işlər haqqında çox danışmaq istəməzdim. Hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq nüfuzu artıb, biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq, milli iqtisadiyyat üç dəfədən çox artıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb. Azərbaycan çox böyük əhəmiyyət kəsb edən transmilli, enerji və nəqliyyat layihələrini uğurla icra edib. Azərbaycan qaz, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Biz enerji, xüsusilə neft-qaz layihələrinin icrasında liderlik keyfiyyətlərimizi bütün dünyaya nümayiş etdiririk. Biz indi regional nəqliyyat mərkəzinə çevrilirik. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri bir ailə kimi rahat yaşayır. Yəni, bu siyahını uzatmaq olar. Mən görülən işlər haqqında danışsam, saatlarla vaxt lazım olacaq.

Əsas məsələ ondan ibarətdir ki, biz görüləcək işlər haqqında danışaq. Çünki möhkəm təməl var. Həm 1993-2003-cü illərdə, eyni zamanda, son illər ərzində əldə edilmiş nailiyyətlər inkişaf üçün möhkəm təməl yaradıb. Biz bu təməl üzərində müstəqil dövlət quruculuğu prosesini davam etdiririk”.





Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır



İlham Əliyev deyib ki, Azərbaycanda bundan sonra da təhlükəsizlik və sabitlik təmin edilməlidir: “Təhlükəsizlik və sabitlik. Bu iki amil olmasa, heç bir ölkə inkişaf edə bilməz. Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, – dünyada gedən prosesləri biz görürük, – bu, yüksək qiymətə layiq olmalıdır. Sabitliyə gəldikdə isə, bunun təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqı dövlət siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir və əlbəttə, Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan xalqı istəyir ki, sabitlik möhkəmlənsin, Azərbaycan daha da güclənsin. Ona görə sabitliyin təminatçısı Azərbaycan xalqıdır, onun iradəsidir”.





Azərbaycanda heç kim vəhşicəsinə döyülmür



Prezident deyib ki, MDB məkanında, Avropada, Yaxın Şərqdə, eləcə də qonşuluğumuzda çox təhlükəli proseslər gedir: “Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır? Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir, Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur? Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır.

Mübarizə üsullarına gəldikdə isə burada da heç bir innovasiya, yenilik yoxdur, köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq bütün bunlara öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və iradəmizə zərrə qədər təsir edə bilməz. Ancaq mən bir daha demək istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Prezident bu ilin “Multikulturalizm ili” elan olunmasından da danışıb. O, həmçinin ölkənin xarici siyasətindən söz açıb:

“Bizim siyasətimiz müstəqil siyasətdir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq və Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Qonşularla münasibətlərimiz bizim üçün prioritet təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, belə olmalıdır”.


“Azərbaycan xalqı istəməz ki…”

Ölkə başçısı çıxışında Ermənistanın təcvüzündən, apreldə gedən döyüşlərdən söz açıb:

“Xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır. Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur. Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik”.

Ana səhifəXəbərlərİlham Əliyev: Azərbaycanda heç kim döyülmür, söyülmür, heç bir məhdudiyyət qoyulmur