Ölkə başçısı MDB dövlətləri başçılarının sammitində ikitərəfli əməkdaşlıqdan danışıb
“Azərbaycan MDB-də iştiraka böyük əhəmiyyət verir”. Bunu prezident İlham Əliyev oktyabrın 10-da Minskdə Birliyə üzv dövlət başçılarının sammitində bildirib.
“Hesab edirik ki, təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birinin probleminin daha yaxşı başa düşülməsi, habelə digər mühüm məsələlərin həlli işində çox şeyə nail olunub. Biz həmçinin MDB-yə üzv ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda qarşılıqlı fəaliyyət göstəririk. Hesab edirəm ki, ikitərəfli münasibətlər təşkilatımız çərçivəsində möhkəmlənir və biz bundan sonra da ikitərəfli əməkdaşlığın potensialını artırmağa çalışacağıq”, – deyə Əliyev bildirib. Xəbəri “Rossiya-24” yayıb.
Dövlət başçısının sözlərinə görə, MDB çərçivəsində iqtisadi sahədə, investisiyalar sahəsində müsbət hallar var. Amma narahatlıq doğuran məsələlər də var: “Əlbəttə, sərhədlərimizdən o qədər də uzaqda olmayan bir yerdə baş verənlər bizi narahat edir. Yaxın Şərqdə, Avropa hissəsində vəziyyət, əlbəttə ki, adekvat qiymətləndirmə tələb edir və hər bir ölkə öz fəaliyyəti ilə etimad, təhlükəsizlik və əməkdaşlıq tədbirlərinin möhkəmləndirilməsinə töhfə verməyə çalışmalıdır. Biz Azərbaycanda regional və beynəlxalq işlərdəki rolumuzu nəzərdən keçiririk. Hesab edirik ki, ölkəmizin həyata keçirdiyi siyasət risklərin azalmasına, vəziyyətin sabitləşməsinə yönəlib”.
İlham Əliyev deyib ki, Azərbaycan enerji resurslarının istehsalçısı olan bir ölkə kimi bu sahədə öz tərəfdaşları ilə əməkdaşlıqda maraqlıdır.