İlham Əliyev: Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir

Qubad İbadoğlu: “Prezidentin bəyanatı mövcud reallıqla uzlaşmır”

Source:
İlham Əliyev
İlham Əliyev


Qubad İbadoğlu: “Prezidentin bəyanatı mövcud reallıqla uzlaşmır”

“Biz yeni iş yerləri yaratmalı, işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Dünya miqyasında Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və belə qalmalıdır”, – prezident İlham Əliyevin sözləridir.

APA yazır ki, o, bunları Saatlıda keçirilən müşavirədə deyib. Bildirib ki, bəzi qonşu ölkələrdə işsizlik böhran həddinə çatır. Eyni zamanda, orada demoqrafik böhran yaşanır:

“Bizdə isə əhali artır. Ona görə yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı müsbət göstəricidir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var”.

İlham Əliyev ilin əvvəlindən təkcə ictimai işlərə 40 mindən çox vətəndaşın cəlb edildiyini deyib:

“Ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradılıb. Dövlət şirkətlərində, qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş işlə təmin edilib. Bu, təmir-tikinti işləridir. Yaşıllıqlara qulluq etmək üçün nəzərdə tutulan iş yerləridir”.

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu dövlət başçısının istinad etdiyi mənbənin pullu xidmət orqanları tərəfindən işsiz statusu verdiyi şəxslər olduğunu deyir. Bildirir ki, həmin işsiz statusu olan şəxslərin sayı 35 min 83 nəfərdir. Əslində bu, mövcud reallığı təhrif edir. Azərbaycanda işsiz olan insanların səviyyəsi 35 minlə məhdudlaşmır:

“Bu baxımdan prezidentin bəyanatı rəsmi statistik məlumatlara əsaslanır və mövcud reallıqla uzlaşmır. Əgər ev təsərrüfatlarının əmək müayinəsi aparılsa, rəsmi rəqəmlərdən dəfələrlə yüksək nəticə alınacaq. Ölkədə iqtisadi fəal əhali 5 milyon 14 min 500 nəfərdir. Bunun 2 milyonu xaricdə çörək qazanmaq məcburiyyətindədir. Azərbaycanda özünü işlə təmin etmək şansları yüksəkdirsə, onlar niyə Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxıstanda iş axtarmalıdır?!”

Q.İbadoğlu işsizliyin böyük potensialının sənaye sektorunda olduğunu deyir. Bildirir ki, son 2 ayda bu sektorda məhsul istehsalının səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz azalıb. Son 10 ildə sənaye sektorunda tənəzzül tempi bu səviyyədə olmamışdı. Digər məşğulluq potensialının yüksək olan sahələrindən biri tikintidir. Bu sektorda tənəzzül daha dərindir. Tikinti sektorunda iş yerlərinin təminatı ildən-ilə məhdudlaşır. Çünki tikinti-quraşdırma işlərinin həcmi çox aşağı düşüb”.

İqtisadçı kənd təsərrüfatı sektorundakı durumdan da danışıb. Deyir, pambıqçılıq və bitkiçiliklə bağlı yeni iş yerləri açıla bilər, amma bu, aqrar sektordakı insanların iş ehtiyaclarını təmin etmək səviyyəsində deyil:

“Ola bilər ki, prezident pambıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutur. Ancaq ölkənin aqrar sektorunda işsizlərin hamısını işlə təmin etmək potensialı yoxdur”.

Qubad İbadoğlu prezidentin dövlət sektorunda 40 min iş yerinin yaradılması barədə fikirlərini də münasibət bildirib. Deyir, həmin iş yerləri müvəqqəti ola bilər. Amma muzdla işləyənlərin sayı 1 milyon 510 min nəfərdir. Onun da 883 min nəfəri dövlət sektorunda çalışır:

“Dövlət sektorunda iş yerlərinin artımı qeydə alınsa da, bu, müvəqqəti və aşağı ödənişlidir. Maliyyə mənbələri olmadığından bunun davamlı olacağına inanmıram. Odur ki, prosesin əhəmiyyətli töhfə kimi qeyd olunmasını qəbul etmirəm”.

Ana səhifəXəbərlərİlham Əliyev: Azərbaycan işsizliklə mübarizədə nümunəvi ölkə kimi göstərilir