İlham Əliyev: “Azərbaycan 12 ölkəyə təbii qaz ixracını Gürcüstan vasitəsilə həyata keçirir”

Foto: Azərtac

Gürcüstan Prezidenti: Ümid edirik ki,  Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə tarixi saziş imzalanacaq

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfər edib.

Aprelin 16-da Azərbaycanın Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

İlham Əliyev bildirib ki, hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.

“Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”, – İlham Əliyev deyib.

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili çıxışı zamanı deyib ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

“Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq. Gürcüstanın bəyan etdiyi sülh siyasətini və regionda sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha vurğulamaq istərdim”, – Mixeil Kavelaşvili bildirib.

Ana səhifəSiyasətİlham Əliyev: “Azərbaycan 12 ölkəyə təbii qaz ixracını Gürcüstan vasitəsilə həyata keçirir”