İlham Əliyev

Mənbə: prezident.az

Başlıq: İlham Əliyev

İlham Əliyev AXC hakimiyyətini "kollektiv Paşinyan" adlandırdı

"Savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, öz ölkəsini məhv edən"

“Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı”.

Bu fikirləri ölkə başçısı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin azad edilməsi ilə bağlı xalqa müraciətində səsləndirib.

Prezident Kəlbəcər rayonunun işğal altına düşməsində Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyət daşıdığını deyib: “Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi”.

"Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər", - Əliyev bildirib.

İlham Əliyevin sözlərinə görə, əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.

Dövlət başçısı Kəlbəcərin Azərbaycan ərazisi olmasının tarixi baxımdan təsdiqləndiyini söyləyib: “Kəlbəcərin tarixi abidələri, həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır”.

İlham Əliyev sual edib ki, niyə işğaldan azad olunan ərazilərdəki məscidlərin vəziyyəti narahatlıq doğurmurdu: “Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Ermənistanı terror dövləti adlandıran Əliyev bildirib ki, tarixi abidələrin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrin qırılması, çayların məcrasının dəyişdirilməsi və digər əlamətlər var: “Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Onlar bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə üz-üzə idik!”.

İlham Əliyev rayonun bərpa ediləcəyini bildirib: “Heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y2mx9k

Ən çox baxılan