İlham Əliyev: Aİ ilə əməkdaşlığımızın genişləndirilməsi region üçün yaxşı mesajdır

Federika Mogerini ”Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb

Source:


Federika Mogerini ”Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini ilə işçi yeməyi edib.

Görüşdə Azərbaycana səfərini məmnunluqla xatırlayan F. Mogerini əməkdaşlığımızın daha da möhkəmləndirilməsi, əlaqələrimizin bundan sonra da genişləndirilməsi baxımından prezident İlham Əliyevin Brüsselə səfərinin əhəmiyyətini qeyd edib.

Bu barədə APA prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bakı ilə əməkdaşlığın Avropa İttifaqı üçün böyük önəm daşıdığını vurğulayan xanım Mogerini “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Federika Mogerini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd edib və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.

İlham Əliyev Federika Mogerininin ölkəmizə səfərindən ötən dövr ərzində əlaqələrimizin daha da inkişaf etdiyini bildirib. Avropa İttifaqı ilə əməkdaşlığımızın genişləndirilməsinin həm Azərbaycan, həm də region üçün yaxşı mesaj olduğunu deyən dövlət başçısı Avropa İttifaqının Azərbaycan üçün etibarlı dost və tərəfdaş olduğunu qeyd edib.

Ana səhifəXəbərlərİlham Əliyev: Aİ ilə əməkdaşlığımızın genişləndirilməsi region üçün yaxşı mesajdır