İlham Aslanoğlunun azadlığa çıxmasına bir həftə qalmış təkrar məhkəməsi olub
2017-ci ildə yüzlərlə hərbçinin işgəncəyə məruz qalması və nəticədə onlardan bir qisminin işgəncə nəticəsində ölməsinə səbəb olmuş “Tərtər işi”nin ictimai araşdırmasıyla məşğul olan hüquqşünas İlham Təhməzovun (Aslanoğlu) həbsdən çıxmasına 1 həftə qalmış onun həbsdə saxlanma müddəti artırılıb. Dekabrın 2-də onun haqqında yeni ittiham hökmü çıxarılıb. Bu hökmü dekabrın 2-də Mingəçevir Şəhər Məhkəməsində hakim Elza Cəbrayılzadə verib. Yeni hökmə əsasən, İlham Aslanoğlu Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 1 il 6 ay azadlıqdan məhrum edilib.
Bu hökm Mətləb Osmanovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb. Məhkəmədən Meydan TV-yə bildirilib ki, sözügedən iddia ərizəsi Mingəçevir Şəhər Məhkəməsinə hələ sentyabr ayında daxil olmuşdu.
Mətləb Osmanov hüquqşünası ona böhtan atmaqda ittiham edir. İlham Aslanoğlu isə onun iddiasının əassız olduğunu deyir. Məhkəmədən də iddianın rədd edilməsini istəyib. Həmçinin məhkəmə prosesinin gedişində ekspertiza təyin edilməsi haqda vəsatət qaldırıb, hansı ifadələrin böhtan xarakterli olmasının müəyyənləşdirməsini istəyib. Lakin vəsatət təmin edilməyib.
İlham Aslanoğlu 2022-ci il iyunun 9-dan həbsdədir. O, Yevlax Rayon Məhkəməsinin hökmüylə 6 ay azadlıqdan məhrum edilib. Həmin cəza müddəti 1 həftə sonra başa çatacaqdı.
“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan haqları İlham Aslanoğlu haqqında dekabrın 2-də çıxarılmış hökmü qanunsuz, sifarişli sayır. Təşkilat hesab edir ki, bu hökm “Tərtər işi”ni araşdıran hüquqşünasın həbsdə saxlanma müddətini uzatmağa hesablanıb.