”Polis məhkəməyə gedən yolu bağlayaraq heç kəsi buraxmaq istəmirdi”
Martın 16-da Şirvan Apelyasiya Məhkəməsində ilahiyyatçı Sərdar Babayevin işinə baxılıb. Vəkil Cavad Cavadlı “Facebook”-da proses zamanı gərginlik yaşandığını yazıb.
Bildirib ki, Şirvan şəhər polisi məhkəməyə gedən yolu bağlayaraq heç kəsi buraxmaq istəməyib:
“Sərdar Babayevin vəkili olmama baxmayaraq, məni də buraxmaq istəmirdilər. Sonradan anladılar ki, bu mümkün məsələ deyil. Məni xüsusi maşınla məhkəmə binasının önünə gətirdilər”.
C.Cavadlı məhkəmənin şikayətlərini təmin etmədiyini də bildirib:
“Birinci məhkəmə instansiyasının qərarı qüvvədə saxlandı”.
Cavad Cavadlı gərginliyin bununla bitmədiyini söyləyir. Deyir, məhkəmdən sonra prosesi izləməyə gələn “Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzi”nin rəhbəri, ilahiyyatçı İlqar İbrahimoğlunu saxlayıblar:
“Buna görə polis idarəsinə getmək istəsəm də, icazə vermədilər. Maşınımızı saxladılar, bizi şəhərdən çıxmağa məcbur etdilər. Polislə əlaqə saxladım. Yaxın saatlarda İ.İbrahimoğlunun sərbəst buraxılacağını dedilər”.
Bununla bağlı Şirvan şəhər Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.
2017-ci il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib.
O, CM-in 168.1-ci maddəsi (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) ilə ittiham edilir. S.Babayev həbs edilərkən rayonda bəzi dindar kəsimdən olan insanlar bunu etirazlarla qarşılayıblar. Nəticədə daha bir neçə şəxs saxlanaraq inzibati qaydada cərimələnib.