”O, məsciddə cümə namazına rəhbərlik etməkdə ittiham olunur”
Həbsdəki ilahiyyatçı Sərdar Babayevin (Hacıhəsənli) cinayət işi ilə bağlı istintaq yekunlaşıb. İşə məhkəmə baxacaq. Məlumatı onun vəkili Cavad Cavadlı verib.
O, Masallı rayon Polis Şöbəsində S.Babayevlə birlikdə cinayət işinin materialları ilə tanış olduğunu deyib:
“Artıq iş məhkəməyə göndərilir. Elan olunmuş ittiham olduğu kimi qalır. Onu Cinayət Məcəlləsinin 168-1.1.3 maddəsi, yəni xaricdə təhsil almış şəxs olaraq Masallı şəhər Məscidində cümə namazına rəhbərlik etməkdə, cümə xütbəsi söyləməkdə ittiham edirlər. Rəsmi ittiham belədir”.
Vəkil cinayət işi materialları ilə tanışlıq zamanı bəzi detallara da aydınlıq gəldiyini deyib. Bildirib ki, Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsi S.Babayev barəsində qərəzli xasiyyətnamə verib.
“Polis Şöbəsinə təqdim olunmuş xasiyyətnamədə Sərdar Babayevin dini mərasimlərə, dini mərasimlərə qeyri-rəsmi qatıldığı, xütbə və moizələrində İran İslam Respublikasının siyasi, dini rejimini təbliğ etməsi göstərilir”.
Vəkilin sözlərinə görə, S. Babayevin bütün xütbələri və çıxışları internet resurslarında yerləşdirilib. İstintaq orqanı da onun çıxışlarını incələyib. Vəkil burada hər hansı qanun pozuntusunun aşkar edilmədiyini deyir:
“Xasiyyətnaməyə görə Masallı şəhər inzibati ərazi üzrə nümayəndəsini məhkəməyə verəcəyik”.
Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonradan həbs müddəti artırılıb.
Ona CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham verilib.
Rəsmilər bildiriblər ki, S.Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir. S.Babayevə dəfələrlə Masallı rayonundakı məscidə gedib xütbə oxumaması haqqında xəbərdarlıq verilib. Ancaq o, bu xəbərdarlığı eşitməyib.
Müdafiə tərəfi isə bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.
Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb.
Yerli sakinlərin bildirməsinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.