İlahiyyatçı İlqar İbrahimoğlu sərbəst buraxılıb (yenilənib)

“Onun dövlətə xəyanət etdiyi qəti inandırıcı görünmür”, – Rüfət Səfərov yazıb.

Source: Foto: arxiv


7.51.


İlahiyyatçı Hacı İlqar İbrahimoğlu oktyabrın 20-də səhərə yaxın sərbəst buraxılıb. Bu barədə Hacı İlqar İbrahimoğlu "Facebook" səhifəsində yaydığı video müraciətində bildirib.


Hacı İlqar İbrahimoğlu deyib ki, onu evdən aparıblar, ardınca şahid qismində dindirilmək üçün dəvət olunub:


"Bir neçə saat maraqlandırılan suallar ətrafında geniş müzakirələr keçirildi. Bütün dindirilmə boyu çox peşəkar, korrekt davranma olub. Beləliklə, mənə ünvanlanan bütün mövzuyla bağlı məsələlər cavablandığı üçün hazırda sərbəst buraxılmışam".


Hacı İlqar İbrahimoğlu yaxın bir neçə gündə ona müraciət etməməyi xahiş edib:


"Çünki texniki imkanım olmadığı üçün sosial şəbəkələr vasitəsilə mənə müraciət etməyin. İnşaallah, yaxın bir neçə gündə xidmətinizdə olacam".

***


DTX-nın ilahiyyatçının evində axtarış apardığı haqda məlumatlar var

İlahiyyatçı Hacı İlqar İbrahimoğlunun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Məlumatı “Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov öz “Facebook” hesabından yayıb. Onun sözlərinə görə, ilahiyyatçının yaşadığı evdə axtarış aparılır.

“Hacı İlqar İbrahim oğlunun dövlətə xəyanətdə ittiham olunacağına dair məlumatlar gəlir.

Onun dövlətə xəyanət etdiyi qəti inandırıcı görünmür”, – Rüfət Səfərov yazıb.

Oktyabrın 19-da axşam saatlarında “Facebook” hesabından canlı yayıma çıxan İlqar İbrahimoğlu da deyib ki, DTX əməkdaşları yaşadığı evin həyətindədir: “Bu gün əziz peyğəmbərimizin bütün islam dünyasında mövludu qeyd olunur. Çox təəssüflər olsun, bir neçə dəqiqə öncə xəbər aldıq ki, evimizə gəliblər. Hazırda mən də evə doğru gedirəm. Bu müraciəti etməyi faydalı gördüm. Birmənalı olaraq Allah qatında bir daha bəyan edirəm ki, biz dövlətimiz, xalqımız üçün hər zaman əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Bizim mövqeyimiz Allaha bəndəlikdir”.

“Ümid edirik ki, sular durulacaq və bu bulanıq suda cürbəcür öz işlərini görmək istəyən xalqın düşmənləri, qütbləşmə istəyənlər öz istəklərinə çatmayacaqlar”, – hüquq müdafiəçisi deyib.

İlqar İbrahimoğlu vəkillərdən xahiş edib ki, ilk andan onun müdafiəsinə qoşulsunlar.

İlahiyyatçının saxlanılması ilə bağlı rəsmi məlumat yoxdur.

Ana səhifəSiyasətİlahiyyatçı İlqar İbrahimoğlu sərbəst buraxılıb (yenilənib)