O, 3 gün MTN-də saxlanıldıqdan sonra barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
İslamazeri.az saytı tanınmış ilahiyyatçı Hacı Elşən Mustafaoğlunun həbs olunması barədə məlumat yayıb. Xəbər verilir ki, Elşən Mustafaoğlu 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış.
Sayt məlumat yayıb ki, dekabrın 19-da Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçının hansı maddə ilə ittiham olunduğu hələ məlum deyil.
Elşən Mustafaoğlu 1974-cü il noyabrın 8-də Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.
1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.
1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.