Neftçilər metro stansiyasının yaxınlığında dayanıb avtobus gözləyirdim, bir yaşlı xanımın telefonda danışdığı şəxsə “O ki, mənim pulumu qaytarmır, onu Həzrət Abbasa tapşırıram” dediyini eşitdim. Bu ifadə yəqin ki bir çoxunuza tanışdır. Bəlkə siz də, nə zamansa, üzləşdiyiniz haqsızlıq qarşısında çarəsizliyinizi ilahi, metafizik qüvvələrdən ədalət axtararaq özünüzə təskinlik vermisiniz. Bəzi insanlar isə haqsızlıq qarşısında dözə bilməyib, haqlarını bərpa etmək istəyərkən haqsız vəziyyətə düşüb, həbs olunublar. Belə hallardan qaynaqlanan yüzlərlə cinayət hadisəsi meydana gəlir. Məhkəmələr ədalətli fəaliyyət göstərsə, ədaləti bərpa edən qurum olaraq çalışsa, əminəm ki, meydana gələn bir çox cinayətlər aradan qalxmış olar.
İnsan düşünən və mühakimə edən varlıqdır. İctimai varlıqlar olaraq biz mühakimələrimizi qavramlarla həyata keçiririk. Ədalətli-ədalətsiz, doğru-yanlış, yaxşı-pis kimi ölçülər bizim gündəlik sosial- ictimai həyatımızda şəxsən iştirak etdiyimiz və ya dolayısıyla iştirakçısı olduğumuz davranışları mühakimə etmək üçün müraciət etdiyimiz qavramlardır.
Cəmiyyətdə fərdlərin birgə yaşayışını müəyyən edən hüquq qaydaları mövcuddur. Bu qaydaların pozulması ədalətsizlik, pozulan hüquqların məhkəmələr, ədalət institutları tərəfindən bərpa edilməməsi isə xaos yaradır. Fərdlər arası münasibətləri, fərdlər və dövlət arasında münasibətləri müəyyən edən qanunların qorunması və bu qanunların pozulması halında meydana gələn ədalətsizliyin məhkəmələr tərəfindən bərpa edilməsi birgə yaşayışımızı, sistemə olan inamımızı qoruyur.
Məşhur Roma hüquqşünası Ulpian ədaləti “hər kəsə öz payına düşəni verməklə, davamlı çalışmaq” kimi xarakterizə edir. Hər kəsin payına düşəni vermək mədəni, inkişaf etmiş dünyəvi dövlətlərdə məhkəmələr tərəfindən həyata keçirilir. Fərdlərin və ya bir qrupun reallaşdırmış olduğu ədalətsiz davranışa görə payına düşəni ən obyektiv şəkildə müəyyən etmək, demək olar ki, mümkünsüzdür. Belə olanda ədalətin məhkəmələr tərəfindən müəyyən edilməsi daha zəruri hala gəlir.
Fərdi ədalət anlayışını bir dəyər olaraq, cəmiyyətdə fərdlər tərəfindən qəbul edilməsi və davranışlarının ölçüsünə çevrilməsi çox vacibdir. Lakin fərdlər qarşılaşdıqları haqsızlığa özləri cəza müəyyən etməməli, qarşı tərəfi fərdi olaraq cəzalandırmağa çalışmamalıdırlar. Çünki məhkəmələrin fundamental funksiyası sadəcə hüquq pozuntusuna yol vermiş fərdi cəzalandırmaq deyil, eyni zamanda həmin fərdlərin obyektiv və ədalətli cəzalandırılmalarına da nail olaraq ədaləti bərpa etməkdir.
Azərbaycanda siyasi korrupsiyalaşmış sistem daxilində məhkəmə institutları iflasa uğrayıb. Məhkəmələr ədalətin bərpa edildiyi qurum olmaq funksiyasını, xüsusiyyətini itirib, sadəcə siyasi iqtidarın və maddi gücü olan fərdlərin maraqlarını təmsil edən özəl “şirkətlər”ə çevriliblər. Ölkədə azad mətbuatı təmsil edən jurnalistlər, hüquq mudafiəçiləri bu məhkəmə zallarında iqtidar tərəfindən öz maraqlarına uyğun formada mühakimə edilərək 7, 8 və bəzən də uzun müddətlik həbs edilirlər. Sistemin şəffaflığını, hesabatlılığını və ədalətli fəaliyyətini mümkün edən institutlar məntiqli formada məhv edilib.
Bəs cəmiyyətdə birgə yaşayışı mümkün edən bu qurumlar işləməyəndə nələr baş verir, fərdler öz tapdanmış haqlarını bərpa etmək üçün kimə müraciət edirlər?
Cəmiyyətdə dünyəvi hüquq qaydalarının qoruyucusu olan məhkəmələrin məhv edilməsi insanları ilahi, metafizik qüvvələrdə ədalət axtarışına sövq edir. Yüksək rütbəli bir məmurun övladı və ya bir yaxını qəzada vəfat edəndə, vəzifəsindən uzaqlaşdırılanda hər kəsin içindən bir səs yüksəlir: “İlahi Ədalət”. Bu kimi halları nə dərəcədə ədalətin bərpası olaraq qiymətləndirmək mümkündür, buna şübhə edirəm. Ədalətin başlıca ölçülərindən biri cinayətkarın nəyə görə cəzalandırıldığını bilib, cəzasını şüurlu formada qəbul etməsidir. Digər halda başına gələn hadisə onun üçün uğursuz bir qəzadan başqa bir şey deyil.
Yapon rejissor Nagisa Oşimanın 1968-ci ildə çəkdiyi “Asılaraq Ölmək” (Death by Hanging) filmi bu baxımdan maraqlı ola bilər. Filmin qəhrəmanı Do-yun Yu iki qıza təcavüz etdikdən sonra onları öldürür, məhkəmə isə onu asılaraq ölümə məhkum edir. Do-yun Yu asılarkən tərslikdən fiziki ölümü tam gerçəkləşmir. Sadəcə travmadan dolayı müvəqqəti yaddaş itkisinə məruz qalır. Cinayətkar özünə gəldikdən sonra onu yenidən asmağa qərar verirlər, ancaq Do-yun Yu’nun yaddaşını itirdiyinin fərqinə varırlar.
Adamlardan birisi qaydaları təkrardan oxuyaraq xatırladır ki cinayətkar yaddaşını itirdiyindən nəyə görə cəzalandırıldığını bilmir, belə olan halda biz onu asa bilmərik. Qısası, polis əməkdaşları, həkimlər cinayət səhnəsini yenidən canlandıraraq Do-yun Yu’nun yaddaşını bərpa etməyə çalışırlar.
Ədalətin bərpa olunması üçün cinayətkar nəyə görə cəzalandırıldığını bilməli və qəbul etməlidir. Eyni zamanda zərər çəkən tərəf cinayətkarın etdiyi davranışdan dolayı mühakimə edilib, cəzalandırıldığına şahid olmalıdır ki, sistemə (ədalətə) olan inamını itirməsin. Əks halda vətəndaşlar ilahi, metafizik qüvvələrin ədaləti bərpa edəcəyini ümid edərək yaşayacaqlar.
Mingəçevir şəhər polis idarəsində özünü eyvandan ataraq intihar etdiyi deyilən şəxsin, qeyri-döyüş şəraitində öldürülən əsgərlərin niyə və kim(lər) tərəfindən öldürüldüyünü valideyinləri bilməyəcək. Övladlarının yoxluğu ilə nə zamansa ilahi ədalətin cinayətkarları cəzalandıracağına ümid edərək, yaşayacaqlar.
Repressiv, avtoritar cəmiyyətlərdə vətəndaşlar ədaləti məhkəmələrdən yox, ilahi qüvvələrdən gözləyirlər. Bu onların yeganə təskinlik və rahatlıq qaynaqlarıdır. Əgər biz cəmiyyət olaraq özümüzü Avropa mədəniyyəti içində görürüksə, ədalətin Avropa mədəniyyətində qəbul olunmuş dünyəvi mənasını da mənimsəməliyik, onun qaynağını ilahi qüvvələrdə yox insan iradəsi və ağlında axtarmalı, ədalətin dini deyil bəşəri bir qavram olduğunu qəbul etməliyik.
İnsan ağlına və iradəsinə əsaslanan, cəmiyyətin rifahını təmin edəcək ədalətli idarəetmə sistemi qurmalı və dilimizi, ictimai təfəkkürümüzü bu istiqamətdə dünyəviləşdirməliyik. Elə bir cəmiyyət qurmalıyıq ki, orada hər kəs öz payına düşəni ala bilsin.
Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…