“Baş redaktor aclıq aksiyasını dayandırmayıb”
Penitensiar Xidmət “reallıq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimovun aclıq aksiyasını dayandırdığını
açıqlayıb
.
Sentyabrın 5-də Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayaraq bildirib ki, İkram Rəhimov aclıq aksiyasını dayandırıb, qida qəbuluna başlayıb:
“Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün İ.Rəhimovun ailəsi ilə əlaqə saxlayıb. Ailəsi yayılan məlumatın əsassız olduğunu, İkram Rəhimovun aclıq aksiyasını davam etdirdiyini söyləyib.
Avqustun 7-dən aclıq aksiyasına başladığını açıqlayan İ.Rəhimovun ailəsi dünən, sentyabrın 4-də onun səhhətinin kəskin pisləşdiyini bəyan etmişdi.
“Realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimovun 27-ci gündür aclıq aksiyası keçirdiyi və 15 kilo çəki itirdiyi deyilir.
İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri – Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.
İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.