İkinci qrup əlil ata qızının xəstəliyinə görə böyrəyini də satıb

“Dərmanlar baha idi, almağa pulum yox idi…”


“Dərmanlar baha idi, almağa pulum yox idi…”

Azərbaycanda böyrək alverilə bağlı məhkəmə araşdırmaları davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan 52 yaşlı Vahib Xudadatov insanları böyrəklərini satmağa məcbur etməkdə, onları aldatmaqda ittiham olunur. Lakin böyrəyini satmış zərərçəkənlər bildirir ki, onlar maddi ehtiyac üzündən orqanlarını satıblar, kimsə məcbur etməyib.

İyunun 3-də məhkəmədə dindirilən Vəli Salmanov da şikayət və tələbi olmadığını bildirib. V.Salmanov böyrəyini satmaq istəsə də, son nəticədə alınmayıb.

“Bir neçə banka ümumilikdə 4500 dollar kredit ödəməliydim. Rəhmətlik Xankişiyə də 1000 manat borcluydum. İş axtarırdım, ancaq tapa bilmirdim. Başqa yol qalmamışdı”, – Vəli Salmanov böyrəyini satmaq istəyinin səbəbini istintaqa ifadəsində belə izah edib.

O bildirib ki, böyrəyini satmaq barədə internetdə elan yerləşdirib. V.Salmanov bundan sonra Vahib Xudadatovla tanış olub, böyrəyini 8 min manata satmağa razılaşıb. Daha sonra onu müayinə üçün İrana göndəriblər. Bu cinayət işindəki bütün böyrək köçürmələri əməliyyatlarını icra etmiş iranlı həkim Mohsen Tahiri orada ona deyib ki, böyrəyi transplantasiya üçün uyğun deyil: “Bundan sonra Sahib (Vahib Xudadatovu böyrəyini satanlar Sahib kimi tanıyıb) mənə 20 manat verib Bakıya göndərdi”.

Samux sakini Sarvan Məmmədov isə böyrəyini 8 min manata satıb. O da məhkəmədə bildirib ki, V.Xudadatova qarşı şikayət və tələbi yoxdur. Çünki böyrəyini maddi ehtiyac ucbatından özü satıb.

S.Məmmədov istintaqa ifadəsində bildirib ki, 2015-ci il təvəllüdlü qızı talassemiya xəstəsidir. Onun müalicəsi üçün pul lazım olub. Zərərçəkənin sözlərinə görə, dərmanlar bahadır və onları almağa maddi imkanı yox idi. Həmin vaxt uşaq 1 yaş yarımlıq olub.

S.Məmmədov özü də talassemiya daşıyıcısıdır, ikinci qrup əlildir. O, böyrəyini satmaq barədə internetdə elan verib və bundan sonra V.Xudadatovla tanış olub. Onun böyrəyi Şahmar Əsədov adlı şəxsə Tacikistanda köçürülüb. İlkin müayinələr isə öncə Bakıda “Elmed” klinikasında, daha sonra İranda “Xomeyni xəstəxanası”nda olub. Həm Bakıda və İrandakı müayinələri, həm də Düşənbə şəhərindəki transplantasiya əməliyyatını iranlı həkim Mohsen Tahiri həyata keçirib. S.Məmmədov talassemiya daşıyıcısı olmasına baxmayaraq, onun qanının təmiz olması barədə analiz cavabı alınıb.

Bu cinayət işində bəhs olunan bütün böyrək əməliyyatlarını iranlı həkim Mohsen Tahiri icra edib. Əməliyyatlar əvvəllər (2016-cı ilin martına qədər) Gürcüstanda “Lanset” klinikasında, daha sonra Tacikistanın paytaxtı Düşənbə şəhərində icra olunub.

Həm M.Tahiri, həm də “Lanset” klinikasının azərbaycanlı sahibi Fərman Ceyranlı barəsində də bu işdən cinayət işi ayrılıb.

S.Məmmədov ifadəsində onu da bildirib ki, əslində, transplantasiya əməliyyatı 2016-cı ilin noyabrında olmalıydı. Lakin onlar Düşənbəyə getmək istəyəndə Bakıda Binə hava limanında həm onu, həm də böyrək əməliyyatı üçün gedən başqa şəxsləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tutub aparıb. Tutulanlar arasında iranlı həkim və V.Xudadatov da olub. Lakin onların hamısı sonradan buraxılıb.

Məhkəmə prosesi davam edir.

Ana səhifəXəbərlərİkinci qrup əlil ata qızının xəstəliyinə görə böyrəyini də satıb