“İkinci hakim ailə” revanşa hazırlaşır

Nəzərlər yenidən “Azərbaycanın Rişelyesi”nə dikilib
Taxt-tac oyununun ikinci hissəsi başlayır

Source:


Nəzərlər yenidən “Azərbaycanın Rişelyesi”nə dikilib


Taxt-tac oyununun ikinci hissəsi başlayır

Türkiyə – Rusiya arasında dərinləşən soyuq savaş fonunda, NATO Kremlə qarşı bütün güclərini səfərbər edir. Hələ ki baş verənlər sərt ritorika və pafosdan uzağa getmir.  İctimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiyaya məruz qalır. Soyuqqanlı müşahidəçi anlayır ki, Moskva  və Ankara münasibətlərindəki gərginlik uzun sürməyəcək. Lakin bütün bunların fonunda yenidən belə bir sual yaranır – Bakı Avroatlantik məkana inteqrasiya kursuna sadiqdirmi, yoxsa Azərbaycanda artıq ancaq şimal küləkləri əsəcək?

Kənar baxışla baxdıqda belə bir təəssürat yaranır ki, Azərbaycan hakimiyyəti daxilində  Rusiya ilə daha sıx əlaqələr qurulmasında maraqlı olanlar az deyil və onlar ciddi hazırlıqlara başlayıblar.

İstənilən halda, müşahidə edilən gərgin proseslər kataklizmlərin xəbərçisidir. Qərbin Azərbaycanın gələcəyi ilə bağlı düşüncələri iqtidardaxili münasibətləri də əsaslı dərəcədə korladı.  Parlament seçkilərinə qədər baş verənlər bir həqiqəti də üzə çıxartmışdı – “ikinci hakim ailə”nin mövqelərinə ciddi və ardıcıl  zərbələr endirilir.  Bu savaş uzun illərdir davam edir. Lakin “MTN işi” ilə məsələ geosiyasi çalar almağa başladı. Bir sözlə, baş verənlərdə “beynəlxalq iz”  açıq – aydın sezilir.

“İkinci hakim ailə”yə yaxın şəxslərin “vurulması” yalnız “toplananların yerini dəyişdikdə cəm dəyişmir” düsturunun təsdiqi deyil. Bu dəfə savaş Rusiyapərəst məmurların Türkiyəyə və ABŞ-a rəğbəti olan kadrların üzərində qələbəsi kimi dəyərləndirilə bilər. Bir sözlə, artıq xarici dəstəyi və ölkə daxilində fərqli elektoratı olan iki iqtidar qrupu siyasi rinqə çıxıb. Bu savaşı durdurmaq artıq imkansız görünür. Ehtimal edə bilərik ki, qruplardan biri tam təslim olmayana qədər “savaş baltaları” havada yellənəcək və daha iriçaplı silahlar işə düşəcək.

Maliyyə sektoruna tam nəzarəti götürən “ikinci hakim ailə” digər sferalara da təsir etməyə başlamışdı. O cümlədən bəzi güc nazirliklərinə və strateji qurumlara nəzarəti ələ almışdı.

Maraqlısı odur ki, bir sıra hallarda “ikinci hakim ailə” qərbçi kimi tanınan kadrları irəli çəkməyə başlamışdı. Bir sözlə, siyasi müstəvidə yeni mübarizə başlayıb və bu savaşda hər kəs öz çətiri altında döyüşə atılır.

Azərbaycan hakimiyyətinə xarici və daxili təzyiqlərin artdığı bir zamanda, iqtidarın ən önəmli simalarının da savaş baltalarını havada yelləməsi, artıq bu savaşın ölüm-dirim məsəlinə çevrildiyinin göstəricisi kimi dəyərləndirilə bilər.

Bu dəfə söhbət yalnız yeni maliyyə bölgüsündən getmir, geosiyasi rəğbət də önəmli rol oynayır.  Şübhə yoxdur ki, hakimiyyət dəhlizlərindəki savaşı dərinləşdirənlər bütün bu proseslərin mərkəzi hakimiyyəti laxlatdığını gözəl dərk edirlər.

Bəlkə də elə onların əsas məqsədləri də budur. Qarşıdan yeni prezident seçkiləri gəlir və “ikinci hakim ailə” artıq seçkilərdə öz namizədi ilə çıxış etmək niyyətindədir. Görünən budur ki,  “ikinci hakim ailə” vertikal  sui-qəsd həyata keçirməyi planlaşdırıbmış. Lakin müxalifəti sıradan çıxardan “köhnə qvardiya” bu dəfə də proseslərə müdaxilə etməli oldu və nəticədə “ikinci hakim ailə”nin mövqelərinə ciddi zərbələr endirildi. Son qalmaqallı həbslər, kadr dəyişiklikləri, gözlənilən yeni həbs dalğasının pərdəarxasının təhlili onu deməyə əsas verir ki, problem hakim elitadan prezidentliyə növbəti namizədin kim olacağın ilə bağlıdır.

Bütün baş verənlər fonunda “köhnə qvardiya”nın lideri Ramiz Mehdiyevin siyasi kombinasiyalarının hələ də alternativsiz olması barədə deyilən fikirləri gücləndirir. Onu  çox zaman Arman-Jan dyu Plessi de  Rişelye ilə müqayisə edirlər.

Ömrünün sonunadək Fransanın faktiki rəhbəri hesab edilən, tarixə “Qırmızı Kardinal” ləqəbi ilə düşmüş Rişelyedən də  sarayda çoxunun xoşu gəlmirdi, amma  kral IV Henrix onu “mənim yepiskopum” deyə çağırardı.  Bu baxımdan, R. Mehdiyevə ata və oğul Əliyevlərin isti münasibətlərinin mahiyyətini anlamaq mümkündür.  Əslində, “Azərbaycanın Rişşelyesi” İlham Əliyevə ən böyük xidməti 2003-cü ildə göstərdi. Hakim komandanın avtoritar lideri Heydər Əliyevin dünyasını dəyişməsi ilə iqtidar çaşğınlıq içində idi.  Xarici simpatiya da müxalifətin tərəfində idi. Heç də təsadüfi deyil ki, yüksək ranqlı məmurlar Müsavatın o zamankı başqanı İsa Qəmbərə “cənab prezidentim” deyə müracət edir və özlərini əliyevşina qurbanları adlandırırdılar.

Beynəlxalq dəstək də tərəddüd içində idi.Heydər Əliyevin Gülhanə xəstəxanasından Rusiya təyyarəsi ilə ABŞ-a aparılması gələcək hakimiyyətin taleyini faktiki olaraq həll etmişdi, amma hakim komanda artıq müxalifətə keçməyi planlaşdırdığı bir zamanda “Azərbaycanın Rişelyesi” prosesə müdaxilə etdi və ata Əliyevin komandasını oğul Əliyevin çətiri altında toplaya bildi.

Növbəti 5 ildə, 2008-ci ilə qədər R. Mehdiyev müxalifəti və tənqidçi medianı, o cümlədən iqtidardakı rəqiblərini  sıradan çıxartdı və oğul Əliyevin ikinci prezidentliyinə gedən yolda əngəl qalmadı. Düşünmək olardı ki, oğul Əliyev də  kral IV Henrix kimi edəcək və onu “mənim yepiskopum” adlandıracaq.Amma…

…Siyasətin öz qaydaları var. 2008-ci ilin sonlarında artıq siyasi hakimiyyətini kifayət qədər möhkəmləndirmiş İlham Əliyev qeyri-adi gediş etdi.  Bu  gediş barədə ölkədə olduqca az insan məlumatlıdır və birbaşa məlumatın içində olan simalar da ona şübhə ilə yanaşırdılar. İlham Əliyev sərəncam imzaladı – Ramiz Mehdiyev vəzifəsindən azad edilir. “İkinci hakim ailə” sevinc göz yaşları içərisində idilər. Onların hesablamalarına görə, 2013-ci ildə ölkənin yeni prezidentin ata soyadı fərqli olacaqdı. Lakin…

… Lakin söhbət siyasətə gəlişinin ilk günlərindən daimi intriqaların mərkəzi obyektinə çevrilən bir fiqurdan gedirdi. Satqınlığın qurbanı olmamaq üçün, o, heç kimə etibar etmir və onun bu keyfiyyəti ətrafındakılarda qorxu və müəmmalar yaranırdı.  “Azərbaycanın Rişelyesi” ölkənin birinci şəxsinə bir telefon zəngi etdi və… İlham Əliyevin imzaladığı sərəncam ictimaiyyətə təqdim edilmədi.

Yenə də Rişelye yada düşür. 1642-ci il 2 dekabrda XIII Lüdovikə Rişelye belə deyir: “Artıq vida vaxtıdır. Siz Əlahəzrətləri tərk edərkən mən yalnız özümdə onunla təskinlik tapıram ki, sizin krallığınız öz qüdrətinin və şöhrətinin ən yüksək pilləsində olduğu bir dövrdə düşmənləriniz məğlub edilmiş və alçaldılmışdir. Bütün əməyimin və xidmətlərimin qarşılığında Siz Əlahəzrətlərindən mənim doğmalarımı himayə etməyinizi və xeyir-dua verməyinizi istəməyə cürət edirəm. Mən onlara öz xeyir-duamı yalnız o şərtlə verəcəyəm ki, onlar Sizə sədaqətlərini heç bir zaman pozmayacaq və sona kimi sizə tabe olacaqlar”…

2008-ci il 24 dekabrda  Ramiz Mehdiyev prezidentə ad günü hədiyyəsi etdi və onun təklifi ilə parlament 2009-cu il 18 marta  refendium təyin edildi və eyni şəxsin prezident seçkilərində iştrakına olan məhdudiyyəti ləğv edildi…

… Burada bir faktı da xatırlatmaq yerinə düşür. Refendiumdan az sonra  aprel ayında isə ADNA-da terror baş verdi, lakin siyasi elita bu dəfə də təhlükəsizliyini təmin edə bildi.

2015-cü il seçkiləri də kataklimzsiz keçirildi. Qarşıdan 2018-ci il gəlirdi. Yenə tərəddüdlər başlamışdı. Hakimiyyətin namizədi kim olacaq? Eyni şəxs dördüncü dəfə namizəd olacaq, yoxsa artıq əksər nazirliklərə nəzarəti ələ alan “ikinci hakim ailə”  zəfər çağına hazırlaşa bilər?

Parlament seçkilərinə günlər qalırdı. Ölkəni şayiələr bürümüşdü. “Azərbaycanın Rişelyesi”nin səhhəti pisləşmişdi. Növbəti parlamentlə bağlı ən müxtəlif siyahıların mövcudluğu barədə danışılırdı. Hər qrup öz maraqlarını müdafiə edirdi. “Boz kardinal” ictimaiyyət arasında görünmür, ya da əsa ilə gəzən bir qoca kimi bir neçə dəqiqəlik gözə dəyirdi. Vaxt isə gözləmirdi. Parlamentdə kimlər təmsil olunacaq sualı aktual idi və…

… Seçkiyə təxminən 1 həftə qalmış, “Azərbaycanın Rişelyesi” toy məclisində göründü. Hər kəsin nəzəri onun əlindəki əsada idi. Onların qarşısında hakimiyyətin yenilməz güc sivmolu olan bir şəxs deyil, taqətdən düşmüş bir qoca dayanırdı. Elə bu an toy məclisində iştirak edənlərin heyrətdən gözləri bərəldi. Əlindəki əsanı nümayişkarəna bir kənara tullayan “Azərbaycanın Rişelyesi”  rəqs eləməyə və üzündəki bir qədər hiyləgər təbəssümlə ətrafı süzməyə başladı.

Ertəsi gün o, artıq Prezident Aparatındakı öz kabinetində idi. Bu kabinetdə çox tarixi olaylara  ssenari yazılmışdı. Növbəti ssenari yazıldı. Parlamentdə yalnız “Azərbaycanın Rişelyesi”nin “yaşıl işıq” yandırdığı şəxslər iştirak edəcək. Belə də oldu. Hətta “konsturktiv müxalifət” parlamentə buraxılmadı.

Sonra daha maraqlı proseslər cərəyan etdi. Eldar Mahmudov və Əli Abbasov nazir postundan uzaqlaşdırırdılar. Hər iki qurumda gurultulu həbslər başladı.  İctimai rəy xalqa (oxu-prezidentə) xəyanət etmiş şəxsləri linç edirdi.  Mətbuat vergilər nazirinin həbsindən yazmağa başlamışdı. Baş verənlər onu deməyə əsas verirdi ki, növbəti prezidentin soyadı dəyişməyəcək, “Azərbaycanın Rişelyesi” bu dəfə də əsas söz sahibi olmuşdu. Deyəsən, narahatçılığa əsas yox idi. Lakin…

… Prokurorluq Fazil Məmmədovla bağlı yazılara son qoyulmasını tələb etdi.  Ardınca daha maraqlı bir hadisə baş verdi – “ikinci hakim ailə” nin protejesi Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edildi. Ardınca Milli Məclisin rəhbərliyi yenidən köhnə qaydada formalaşdırıldı. Hətta adı Eldar Mahmudovla əlaqələndirilən Oqtay Əsədov da postunu qoruya bildi. “İkinci hakim ailə” bu mərhələdə revanş götürməyə başladı.

Ölkədə isə hər kəs kadrların tam dəyişməsini gözləyirdi. Proses deyəsən donduruldu. Yenidən dövlət başçısı qarşısında belə bir dilemma yaradılır – ya komanda dəyişir, ya prezidentin özü postundan getməli olur. Nəzərlər yenidən “Azərbaycanın Rişelyesi”nə dikilib. İndi növbəti addım onundur…

Ana səhifəXəbərlər“İkinci hakim ailə” revanşa hazırlaşır