Yadigar Sadıqlı

Mənbə: meydan tv

Başlıq: Yadigar Sadıqlı

İkinci cəbhəyə gedən yol

Bu gün, iyunun 6-da Overlord əməliyyatının başlanmasının 75-ci ildönümüdür

1943-cü ilin oktyabrında nasist Almaniyasının kəşfiyyatı inanılmaz xoş sürprizlə üzləşdi. İngiltərənin Ankaradakı səfirinin şəxsi kamerdineri tam məxfi sənədlərin fotoşəkillərini pul qarşılığında almanlara təklif etdi. Səfir təhlükəsizlik qaydalarını pozaraq bu sənədləri evə götürürdü. Üstəlik, köhnə aristokratlara xas olaraq hər gün uzun müddət vanna qəbul etməyə öyrəncəli idi. Kamerdiner də bundan istifadə edərək sənədlərin şəklini çəkirdi.

"Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" timsalındakı belə bir uğuru almanlar heç arzulamağa cəsarət etməzdilər. Ankaradakı alman səfirliyində attaşe vəzifəsi tutan, əslində isə kəşfiyyat (SD) zabiti olan Lüdviq Moyziş "Siseron" kod adı verilən (kamerdiner öz adını deməkdən imtina edirdi, yalnız çox sonralar onun Elyas Bazna adlı alban olduğu bilinəcək) casusdan sənədləri almağa və qarşılığında pul ödəməyə başlayır.

Bir müddət sonra Moyziş sənədlərdə şifrəli "Overlord əməliyyatı" adına tez-tez rast gəlir. Lakin hətta "tam məxfi" qrifli sənədlərdə də həmin əməliyyatın mahiyyəti barədə hər hansı bir ipucu tapmaq mümkün olmur. Nasist rəhbərliyi bütün səfirliklərinə direktiv göndərərək bu mübhəm terminin altında nə gizləndiyini öyrənməyi tapşırır. Amma bunu yerinə yetirmək mümkün olmur.

Nəhayət, Moyziş özü bəzi detalları, o cümlədən elə Siseronun təqdim etdiyi Tehran konfransının protokollarını tutuşduraraq Overlordun Avropada İkinci cəbhə açmaq üçün desantçıxarma əməliyyatı olduğu qənaətinə gəlir və bu barədə Berlinə xəbər verir. Alınan cavab belə idi: "Mümkündür, lakin az ehtimallıdır".

***

İkinci dünya müharibəsinin ilk mərhələsi əsasən bir tərəfdə Almaniya, digər tərəfdə isə Böyük Britaniya və Fransa arasında gedirdi. 1940-cı ildə Fransanın sarsıdıcı məğlubiyyətindən sonra Böyük Britaniya Almaniyaya qarşı tək qaldı. Hitler bir ara Britaniya adalarına desant çıxarmaq barədə də planlar qurdu, lakin ingilis donanması və aviasiyasının gücü qarşısında vaz keçdi.

SSRİ isə bu zaman nasist Almaniyası ilə isti münasibətlərə malik idi. Bolşeviklər nasistlərlə birlikdə Polşa dövlətini ortadan qaldıraraq ərazilərini bölüşdürdülər. Sovet hökumətinin başçısı və eyni zamanda xarici işlər xalq komissarı (naziri) Vyaçeslav Molotov SSRİ Ali Sovetinin 31 oktyabr 1939-cu il tarixli sessiyasında etdiyi məruzədə müharibənin davam etməsinə görə Almaniyanı deyil, İngiltərə və Fransanı günahlandırırdı.

"Hər kəsə məlum olduğu kimi, köhnə Polşanın bərpasından söhbət gedə bilməz. Buna görə də əvvəlki Polşa dövlətinin bərpası bayrağı altında aparılan indiki müharibənin davam etdirilməsi mənasızdır. İngiltərə və Fransa hökumətləri bunu anlasalar da, müharibənin yekunlaşmasını və sülh bağlanılmasını istəmirlər, Almaniyaya qarşı müharibəni davam etdirmək üçün yeni bəhanə axtarırlar...

İngiltərə hökuməti bəyan edib ki, guya onun üçün Almaniyaya qarşı müharibəsinin məqsədi nə az, nə çox, "hitlerizmin məhv edilməsi"dir. Belə çıxır ki, müharibənin ingilis, onlarla birlikdə fransız tərəfdarları da Almaniyaya köhnə məzhəb müharibələrini xatırladan "ideoloji müharibə" elan ediblər... Hər bir insan anlayar ki, ideologiyanı silah gücünə məhv etmək olmaz, ona müharibə yolu ilə son qoymaq olmaz. Buna görə də "HİTLERİZMİN MƏHV EDİLMƏSİ UĞRUNDA SAVAŞMAQ NƏİNKİ MƏNASIZDIR, HƏTTA CİNAYƏTDİR" (seçmə mənimdir - Y.S).

SSRİ-nin nəzarəti altında olan Kommunist İnternasionalı da müharibənin ilk günlərindən onu hər iki tərəf üçün ədalətsiz, imperialist müharibə elan etdi. Artıq cəbhəyə yollanan Fransa kommunistləri fərar etdilər, müharibə əleyhinə təbliğat aparmağa başladılar. Nəticədə, Fransa hökuməti Kommunist Partiyasının fəaliyyətini qadağan etdi, onun bəzi liderləri həbs olundular, bəziləri Moskvaya qaçdılar. İngiltərə kommunistləri də müəyyən tərəddüddən sonra eyni mövqe tutdular.

***

1941-ci il iyunun 22-də Almaniyanın hücumu nəticəsində SSRİ-nin müharibəyə cəlb olunması ilə vəziyyət dəyişdi. İndi Almaniyaya qarşı, "hitlerizmi məhv etmək" uğrunda mübarizə hər bir kommunistin müqəddəs borcu sayılırdı. İngiltərənin Baş naziri Çörçill öz memuarlarında bu transformasiya haqqında belə yazırdı:

"Rusiya Almaniya tərəfindən hücuma məruz qalmadan öncə onun hökuməti, görünür, özündən başqa kimsə barədə düşünmürdü... Sovet rəhbərliyi 1940-cı ildə Fransada cəbhənin çöküşünü və bizim 1941-ci ildə Balkanlarda cəbhə yaratmaq üçün uğursuz cəhdlərimizi heykəl soyuqqanlığı ilə izləyirdi. Onlar nasist Almaniyasına iqtisadi və heç də az əhəmiyyətli olmayan başqa yardım göstərirdilər. İndi özləri aldanaraq və qəfil yaxalanaraq, yandırıcı alman qılıncının altına düşdülər.

Onların birinci istəkləri (sonra isə bu dəyişməz siyasətə çevrildi) Böyük Britaniya və onun imperiyasından istənilən mümkün yardımı tələb etmək idi; həmin imperiyadan ki, onun mümkün bölüşdürülməsi barədə Stalin və Hitler arasındakı müzakirələr son səkkiz ayda sovet rəhbərliyinin diqqətini alman qüvvələrinin Şərqdə cəmləşməsindən yayındırmışdı...

Onlar artıq 1941-ci ilin yayında İkinci cəbhənin yaradılması üçün risklərə baxmayaraq və nəyin bahasına olursa olsun ingilislərin Avropaya çıxmasını istəyirdilər. İndiyə qədər "kapitalist və imperialist müharibəsi"ni günahlandıran Britaniya kommunistləri axşam işdən qayıdır, tələsik divarlarda və hasarlarda "İkinci cəbhə və dərhal!" yazmağa başlayırdılar".

Doğrudan da Stalin 18 iyul 1941-ci il tarixində Çörçillə yazdığı elə ilk məktubunda Fransanın və Avropanın şimalında cəbhə yaratmağın mümkünlüyündən bəhs edir. Sovet rəhbəri bunu təkcə ümumi işin naminə deyil, İngiltərənin öz mənafeyi üçün olduğunu qeyd edirdi. Halbuki, həmin dövrdə ingilislərin bunun üçün heç bir imkanları yox idi.

Çörçill yazır: "Ruslar, yaxşı müdafiə olunan düşmən sahilində nəhəng ordu çıxarmaq və saxlamaq üçün zəruri olan desant əməliyyatının xarakterini heç zaman azacıq səviyyədə belə anlamırdılar. Hətta amerikalılar belə həmin vaxt bütün bu çətinlikləri tam dərk etmirdilər.

Müttəfiqlər Normandiyada

Müttəfiqlər Normandiyada

Mənbə: google.az

Qoşun çıxarılan ərazidə nəinki dənizdə, həmçinin havada üstünlüyü təmin etmək lazım idi. Bundan əlavə, həyati dərəcədə önəmli üçüncü amili də nəzərə almaq vacibdir. Düşmənin güclü müqaviməti şəraitində istənilən desantın uğurlu çıxışının əsasını xüsusi quraşdırılmış desant qayıqlarının, ilk növbədə tank desantı üçün özü üzən vasitələrin mövcudluğu təşkil edirdi". Daha sonra Çörçiill 1941-ci ildə bütün bunlara malik olmadıqlarını yazır.

Sentyabrın 4-də sovet səfiri İvan Mayski Stalinin növbəti məktubunu Çörçillə təqdim etmək üçün baş nazirlə görüşdü. Stalin yenə də SSRİ-nin ağır vəziyyətini təsvir edir, vəziyyətdən çıxış yolunu İkinci cəbhənin dərhal açılmasında görür. Mayski isə "Sovet Rusiyası məğlub olarsa, siz müharibəni necə udacaqsınız?" tərzində çıxış edir. Səfirin sözlərində minnət və tənə duyan Çörçill ona ötkəm cavab verir:

"Xatırlayın, cəmi dörd ay əvvəl biz öz adamızda bilmirdik, siz almanların tərəfində bizə qarşı çıxmayacaqsınızmı? Həqiqətən də biz bunu tamamilə mümkün hesab edirdik. Ancaq hətta o zaman da biz özümüzün son qələbəmizdən əmin idik... Nə baş versə də, necə davransanız da, sizin bizi... qınamaq haqqınız yoxdur". Səfir Mayski "Sakitləşin, əziz mister Çörçill" deyərək ortamı yumşaltmağa çalışır.

Bununla belə, İkinci cəbhə sovet-ingilis yazışmalarının əsas mövzusu olaraq uzun müddət qaldı.

***

1941-ci ilin dekabrında İkinci dünya müharibəsinə qoşulan amerikalılar da Avropada İkinci cəbhənin dərhal açılmasının tərəfdarı idilər. 1942-ci il martın 9-da ABŞ prezidenti Ruzvelt Çörçillə göndərdiyi məktubunda "Mən Avropa qitəsində yeni cəbhənin bu ilin yayında açılmasında getdikcə daha çox maraqlı oluram" yazırdı. Amma Çörçill yuxarıda göstərilən səbəblərdən buna müxalif çıxır.

ABŞ və Britaniya liderlərinin 19-25 iyun tarixlərində Vaşinqtonda keçirdikləri konfransda Şimali Afrikaya qoşun çıxarmaq barədə razılığı gəldilər. Burada ingilislər hələ 1940-ci ilin sentyabrından italyalılarla, 1941-ci ilin fevralından isə həm də almanlarla döyüşürdülər. Kod adı "Torch" (Məşəl) olan desantçıxarma əməliyyatı 8-16 noyabr tarixində keçirildi və bəzi nöqsanlara baxmayaraq, uğurla başa çatdı.

Avropada isə daha öncə, avqustun 19-da Britaniya və Kanada hərbçiləri Fransanın şimalında yerləşən Dyep limanına kəşfiyyat və təcrübə toplamaq məqsədilə dəniz desantı çıxardılar. Əməliyyat çox uğursuz oldu: 6086 desantdan bir neçə saat ərzində 3623 nəfər itirildi (ölü, yaralı və əsir olaraq). Əməliyyatda iştirak edən hərbi-hava qüvvələri isə 106 təyyarə itirdilər. Bununla belə, Dyep əməliyyatı sonrakı desantçıxarma əməliyyatları ("Torch" da daxil olmaqla) üçün qiymətli təcrübə oldu.

Şimali Afrikadakı döyüşlər 1943-cü ilin mayında amerikan-ingilis qüvvələrinin qələbəsilə başa çatdı. Alman-italyan ordularının komandanı Rommelin məğlubiyyətin qaçılmazlığı barədə xəbərdarlıqlarına baxmayaraq, Hitler qoşunlarını buradan çıxarmaqdan imtina etdi. Nəticədə 250 minə qədər alman və italyan əsir düşdü. Stalinqraddan 3 ay sonra baş verən bu hadisə Ox ölkələri (Almaniya, İtaliya, Yaponiya) üçün növbəti ağır zərbə oldu. Təsadüfi deyil ki, Üçüncü Reyxdə onu "ikinci Stalinqrad" adlandırırdılar.

İyul ayında müttəfiqlər o dövrə qədər ən böyük dəniz desantı əməliyyatını həyata keçirdilər - Siciliyaya qoşun çıxardılar. Sentyabrın 3-də isə onlar artıq materik İtaliyaya çıxmağa başladılar. Daha beş gün sonra İtaliya müharibədən çıxdığını elan etdi və müttəfiqlərlə sülh bağladı. Lakin almanlar hadisələrin belə gedişinə hazır idilər. Onlar İtaliyaya qoşun yeritdilər və dünənki müttəfiqlərini tərkisilah etdilər. Roma da daxil olmaqla ölkənin xeyli hissəsi nasistlərin işğalı altında düşdü.

Şərq cəbhəsində də işlər almanlar üçün yaxşı getmirdi. 1943-cü ilin yaz-payız kampaniyalarının əsas hadisələri Kursk döyüşü və Dnepr uğrunda döyüşlər idi. Ağır itkilər bahasına da olsa (1943-c il SSRİ-nin ən çox hərbi qüvvə itirdiyi il oldu) sovet qoşunları cəbhənin müxtəlif istiqamətlərində 500-1300 km irəliləməyə nail oldular.

Antihitler koalisiyasının belə uğurları fonunda 1943-cü il 28 noyabr - 1 dekabr Tehranda "Böyük üçlüyün" (Çörçill, Ruzvelt və Stalin) görüşü keçirildi. Konfransın əsas müzakirə mövzusu İkinci cəbhənin açılması idi. Müəyyən müzakirələrdən sonra Ruzvelt Stalinə İkinci cəbhənin 1944-cü ilin mayında açılacağına söz verdi (əslində iyunda baş tutdu). Sovet lideri bu xəbərdən çox məmnun oldu və öz növbəsində, Almaniya məğlub edildikdən sonra Yaponiyaya qarşı hərbi əməliyyatlara qoşulmaq barədə öhdəlik götürdü.

Noyabrın 30-da Böyük Britaniya səfirliyində Çörçillin 69 yaşının tamam olması münasibətilə ziyafət təşkil olundu. Səbəbkar kral tərəfindən hazırlanan və Stalinqrad müdafiəçilərinin şücaətinə həsr olunan qılıncı Stalinə təqdim etdi. Stalin qılıncın qınını öpəndən sonra onu naqolay şəkildə marşal Voroşilova ötürdü, sonuncunun da baş-ayaq tutması nəticəsində qılınc qından çıxaraq yerı düşdü. Buna baxmayaraq, ziyafət xoş əhvalda davam etdi.

***

Siserondan aldığı məlumatlar nəticəsində Moyzişin gəldiyi qənaət doğru idi: "Overlord" (tərcüməsi - Hökmdar) İkinci cəbhə açmaq üçün keçiriləcək əməliyyatın şərti adı idi. Bu texniki cəhətdən olduqca mürəkkəb əməliyyat idi, insan itkilərinin sayını azaltmaq üçün mühəndislərdən xüsusi fərasətli ixtiralar tələb edirdi.

Lakin onun bəlkə də daha çətin cəhəti milyonlarla insanın, minlərlə texnikanın iştirak edəcəyi bu nəhəng əməliyyatın gününü və yerini almanlardan gizli saxlamaq, daha yaxşısı isə onları yanlış informasiyalara inandırmaq idi. Bu müşkül vəzifələrin öhdəsindən necə ustalıqla gəlinməsi barədə isə növbəti məqaləmdə bəhs edəcəyəm.

Bu gün, iyunun 6-da Overlord əməliyyatının başlanmasının 75-ci ildönümüdür. Nasizmə qarşı digər döyüşlərdə olduğu kimi İkinci cəbhənin açılması zamanı həlak olan hərbçiləri də hörmətlə anırıq.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/73dym7

Ən çox baxılan