İkinci 90-lar?

Gözümüzün qabağında 90-lara qayıdırıq

Source:

Zaur Qurbanlı
Zaur Qurbanlı

Bizim coğrafiyada bir çox elm sahəsinin araşdırıb öyrənməsi üçün zəngin material verən dövrlərdən biri də 1990-cı illərdir. İmperiya dağılmış, iqtisadi əlaqələr sözün həqiqi mənasında dolaşıq düşmüş, infrastruktur doymaq qabiliyyəti olmayan subyektlərin əlinə keçmişdi. Yoxsulluq baş alıb getdiyindən insanların bacardıqları yollarla pul qazanmalarına imkan verirdilər.

Məsələn, küçə ticarətləri, balaca “marşrutka”larda sərnişin daşımaq, yolda qoyulan dondurma, soyuq su aparatları, sürətlə yayılan fahişəlik və s. Bütün bunlar ölkəyə çoxlu pul gəldikcə, qismən və ya tamamilə yığışdırıldı və ya gizlədildi. Neftdən gələn və 90-lara münasibətdə fantastik hesab edilən məbləğ korrupsiya yolu ilə yeyilirdi, amma pul o qədər çox idi ki, daşıb kasıbların “üstünə tökülürdü”. “Paket maaş”, “premiya”, artan tikintilərdə fəhləlik, məhz o yeyilən pulları yemək üçün quraşdırılan infrastrukturlardakı iş yerləri və s. vasitəsilə bu nəhəng puldan bir hissə aşağı təbəqələrə də çatırdı.

Nəticədə Dubaya “qadın ixracı” dəbdən düşdü, küçə ticarəti nümayişkəranə surətdə yığışdırılmağa başlandı (düzdür, rayonlarda, Bakının kənarlarında qaldı, amma əvvəllər şəhərin ən mərkəzi yerlərində də küçənin ortasında göyərti bazarına qədər tapmaq olurdu), balaca “marşrutka”lar əvəzinə avtobuslar işləməyə başladı. Çünki belə xırda-mırda işlərdə işləyən yüz minlərlə adamın acından ölmək təhlükəsi yox idi artıq, nəticədə onların acından üsyan eləmək təhlükəsi də yox oldu, ona görə də hökumət rahat şəkildə onların işlərini əllərindən ala bildi.

Bir-iki il əvvəl isə məlum oldu ki, neft erasının sonunun başlanğıcı gəlib çatıb. Neftin qiyməti elə düşdü ki, camaatı aclıq təhlükəsindən qoruyan lazımsız “infrastruktur iş yerləri” sürətlə azaldı. On minlərlə işsiz adam meydana gəldi. Hətta bir dəfə necə qəfil meydana gəldilərsə, 7-8 rayonda eyni zamanda üsyana qalxdılar. Üsyanlar dərhal yatırıldı, amma hökumət də başa düşdü ki, belə getməz, qayıtmaq lazımdır bu adamların itin zülmünü çəkdiyi 90-cı illərə.

Hələ ki, mərkəzə çatmasa da, Bakının nisbətən kənarlarında (söhbət kəndlərdən getmir, Neftçilər, Əhmədli kimi şəhər ərazisindən gedir) küçə ticarəti xeyli artıb. Artıq səkilərdə yerimək bir az da çətinləşib. Hər yerdə nə isə satırlar – gün gözlüyü, hətta optik gözlük, alt paltarı, şirniyyat, uşaq oyuncağı, limon… Eləcə də 90-ların rəmzlərindən olan dondurma aparatları və stəkanda verilən soyuq su aparatları və ya qabları qoyulub. Mətbuat və hüquq müdafiəçiləri institutu böyrü üstə qoyulduğundan xəbərimiz olmur, amma ağaclar sürətlə kəsilir, yerlərində kafelər açılır. Hətta ictimai parklar bütövlükdə hasarlanıb kafe və ya restorana çevrilir. “Koroğlu” metro stansiyasında isə cıqqılı “marşrutka”lar yenə peyda olub. Nömrələri də yoxdur. Bir marşrut üzrə adamları yığıb aparırlar. Yəqin konduktorların “64-ün yolu ilə 466” qışqırdığını hələ unutmamışıq.

Sosial şəbəkələrdə xeyli adam ərəb turistlərə seks xidməti təklif edən xanımların həddən çox artmasından şikayət edir. Bu, mənə “Dubay eksportu” dövrümüzü xatırladır. Bakıda turistlər əvvəllər də olub, amma bu mənzərə yaşanmayıb. 90-larda xanımlarımızı təyyarə-təyyarə özümüz satırdıq, indi isə müştərilər qapıya gəlib. Düşünürəm ki, namus məsələsi azərbaycanlıların həssas yeri olduğundan hökumət bu bazarın tənzimlənməsinə girişəcək. Həm alver aborigenlərin gözündən uzaq olacaq, həm də yaxşı gəlir gətirən bu sahəni inhisarçı olaraq əllərinə alacaqlar. Aborigenlər üçün əsas odur ki, onlar görməsinlər (“Qaqaş, qızı apar məhlədən kənarda nə istəyirsən elə, amma bizim məhlədə əl-ələ tutmayın” düşüncəsidir). Həm də gözdən-könüldən iraq olsa, bu xidmətə peşəkar fahişə olmayanlar da cəlb edilə biləcək. Müşahidə qabiliyyəti güclü olan bir nəfər yazmışdı ki, 90-cı illərdə peşəkar fahişə olmayan adamlar (müəllimələr, həkimlər və s.) işdən sonra gedib fahişəlik edirdilər. Ölkəyə pul gələndən sonra sakitcə o işi tərgitdilər.

Hökumət hətta xırda sahibkarlığa müdaxiləni də azaldıb. Pub, kafe açmaq işinə girişənlər artır. Çünki 6 ay – 1 il vergi, “fövqəladə” və s. “pulyığan” orqanlar onları narahat eləmir. Sonra da gəlib öz qiymətlərini deyirlər – qanuni ödənişlər+rüşvət – ikisi birində. Hətta bu 6 ay-1 illik müddət bitəndə adını dəyişib yeni adla qeydiyyatdan keçən sahibkarlıq subyektləri var ki, bu yolla dövlət orqanlarını “aldadırlar”. Təbii ki, onları aldatmaq olmaz, sadəcə buna da göz yumulur. Adını dəyişən bu subyektlərə münasibətdə ödənişlərdən azad 6 aylıq müddət yenidən başlayır.

Gözümüzün qabağında 90-lara qayıdırıq. Amma bu, hökumətin istədiyi kimi yalnız küçə ticarəti, insan alveri kimi dar sahələrdə olmaya da bilər. Əhali eyni əhalidir, bizi 90-lardan uzun zaman ayırmır. Camaat hər şeydə 90-lara qayıda bilər – daha çox sərbəstlik, daha çox hüquq və azadlıqlar olmuş 90-lara. Proqnozlaşdırmaq çətindir. İqtisadiyyatın siyasi dəyişikliklərə gətirəcəyinə inanmadığımdan mən bu barədə pessimistəm. Amma bilmək olmaz. Bizdən nə desən, çıxar.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim Fikrimcəİkinci 90-lar?