Elçin Sadıqov ona qarşı kampaniya aparıldığını iddia edir
Vəkil Elçin Sadıqov ona qarşı kampaniya aparıldığını deyir. Vəkil öz Facebook səhifəsində bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Mən 10 ildən artıq vəkillik təcrübəsinə sahibəm. Vəkillik karyeram boyunca nüfuzlu siyasi xadimlərdən, mülkiyyət və digər haqları pozulan sıravi vətəndaşlardan tutmuş, şübhəli ittihamlarla həbs olunan jurnalistlərə qədər yüzlərlə insanın hüquqlarını müdafiə etmişəm. Bir çoxunu narahat etmiş olsa da, fəaliyyətimi hər zaman olduğu kimi ləyaqətlə davam etdirməkdəyəm. Bu peşənin nə qədər çətin, diqqət tələb edən olduğunu, vəkilliklə məşğul olan hər kəsin hansı məsuliyyət daşıdığını gözəl anlayıram. Bütün vəkillərə öz işlərində güclü olmalarını, hüquqlarını müdafiə etdikləri şəxslərə yardımçı ola bilmələrini arzulayıram. Ancaq hər bir işdə, peşədə olduğu kimi bu sahədə fəaliyyət göstərən şəxslər də müəyyən prinsiplərə sadiq olmalı, öz fəaliyyətlərini başqalarının uğurlarını qaralamaq, başqalarının hüquqlarını görməzdən gəlmək üzərində qurmamalıdırlar. Təəssüf edirəm ki, vəkil Adəm Məmmədov öz fəaliyyətini vəkil etikası, qanunvericilik ölçüləri, normal insani münasibətləri gözləmək üzərində deyil, cinayətkarı azadlığa çıxarmaq naminə insanlara şər atmaq, qurama, zorla, ələ almaqla izahatlar almaq yolunu tutub. Təəssüflər olsun ki, Adəm Məmmədovun mənə qarşı apardığı qara nüfuz kampaniyasına cavab vermək məcburiyyətində qalmışam”.
Elçin Sadıqov bildirir ki, vəkil Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Həmin hökmü Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə qüvvədə saxlayıb. Həmin cinayət işində 18 (faktiki zərərçəkmiş) şahid, üç zərərçəkmiş şəxs olub: “Zərərçəkənlərdən biri mənim anam – Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən vəkil Adəm Məmmədov zərərçəkən anamdan, habelə mənim başqa yaxınlarımdan, psixi xəstə olan, imtina etdiyimiz bacımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. Vəkil Adəm Məmmədov müxtəlif medialarda mənim adımı hallandırmaqla hüquqlarını müdafiə etdiyi şəxsin işini Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarmaq, bu da olmazsa, mənə qarşı əsassız şikayətlər təşkil edib adımdan istifadə edərək, işi siyasiləşdirməklə cinayətkarın əfv olunmasına nail olmaq istəyir. Bunun üçün davamlı olaraq mediada Azərbaycan kişisinə yaraşmayan üslubda mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır”.
Elçin Sadıqov deyir ki, Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsin işinə Ali Məhkəmənin Plenumunda baxılması üçün şirnikləndirmə və ya qorxutma yolu ilə iş üzrə zərərçəkmiş şəxslərin yeni izahatlarını toplayır: “Hətta işdə adı keçməyən şəxslərin izahatları mənə qarşı istifadə edilmək məqsədilə alınır. Onun taktikası bundan ibarətdir ki, cinayətkar Azad Məmmədov heç bir ictimai təhükəli əmələ yol verməyib, guya onun məhkum edilməsi mənim anamın təşkil etdiyi qurama zərərçəkənlərin onun üzünə durması səbəbindən baş verib. Təəssüf edirəm ki, vəkil Adəm Məmmədov bu işində mənim psixi pozuntuları olan bacımdan pul qarşılığında aldığı izahatdan da istifadə etməyə çalışır.
Bildirmək istəyirəm ki, şəxsən mənim sözügedən cinayət işi ilə heç bir bağlılığım yoxdur. Vəkil Adəm Məmmədovun mənə qarşı aparıdğı kampaniyaya görə tanış olduğum cinayət işi barədə qeyd etmək istərdim ki, bu işdə 18 (faktiki zərərçəkmiş) şahidin, 3 zərərçəkmiş şəxsin adı keçir. Əvvəldə bildirdiyim kimi, anam Azad Məmmədovun dələduzluğuna məruz qalanlardan yalnız biridir. Anam A.Məmmədovun dələduzluğundan 2008-ci ildə şikayətçi olduğu halda digər zərərçəkənlər 2006-cı ildə şikayətçi olublar. Anam digər zərərçəkənləri şikayətçi olduqdan sonra, yəni 2008-ci ildə tanıyıb”.
Vəkil vurğulayır ki, hüquqlarını müdafiə etdiyi şəxslərə hər zaman dürüstlüklə xidmət göstərib, hər zaman vəkil etikasına əməl edib: “Təəssüflə qeyd edirəm ki, vəkil Adəm Məmmədov tərəfindən çirkin kampaniyaya məruz qalmağım məni hüquqi vasitələrlə özümü qara hücumlardan qorumaq məcburiyyəti qarşısında qoyub. Bu səbəbdən vəkil Adəm Məmmədovun müdafiə etdiyi cinayətkarı həbsxanadan qurtarmaq, məni ləkələmək naminə heç bir etik, hüquqi və mənəvi ölüçlərə sığmayan əsassız şikayətlərinə və kampaniyasına lazımi cavabı vermək qərarındayam. Bildirirəm ki, bu, ən əsası müdafiə etdiyim işlərə görə vəkil Adəm Məmmədovdan istifadə edilən təqib kampaniyasıdır. Artıq bəhs etdiklərimlə bağlı rəsmi qurumlara, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, məhkəməyə müraciət etmiş, dürüstlüyümü təsdiqləyən sübutları həmin qurumlara təqdim etmişəm. İnanıram ki, müraciət etdiyim qurumlar gərəkli addımları atacaq, o cümlədən Vəkillər Kollegiyası heç bir etik normaya, vəkilliklə bağlı qanunvericiliyin müddəalarına sığmayan davranışlarına görə Adəm Məmmədov barəsində zəruri tədbirlər görəcək”.
Elçin Sadıqov həmçinin işdə zərərçəkmiş kimi tanınan iki qadının Ali Məhkəməyə təqdim etdiyi izahatının surətini də paylaşıb. Gülnarə Çingiz qızı Yusifova izahatında göstərir ki, 2015-ci ilin iyun ayının sonlarında Məqsudi Həcər adlı xanım ona zəng edib, Azad Məmmədovun anası olduğunu deyib və onunla görüşmək istəyib. Onlar görüşəndən sonra vəkil Adəm Məmmədovun Nərimanov parkının yaxınlığındakı ofisinə gediblər: “Adəm Məmmədov bizi qarşıladı, bildirdi ki, Azadın vəkilidir, onu mütləq, nəyin bahasına olursa-olsun buraxdıracaqdır. Adəm bildirdi ki, Südabə Həsənovanın qızı Gülxarı tapıb, ona 5000 manat pul veriblər. O da anasının əleyhinə onların dediyi hər şeyi yazır. Başqa şahidləri də ələ alıb, onlara Sahibə Həsənovanın, Elçin Sadıqovun əleyhinə yazılar yazdırırlar. Yusifova Həqiqət Qaçay qızına da pul veriblər. Həqiqət də izahat yazıb. Adəm bildirdi ki, Elçin Sadıqovun adını çəkmək mütləqdir. Ona görə ki, biz işi siyasiləşdirmək, onu nüfuzdan salmaq və bu yolla Azadı buraxdırmaq istəyirik. Azadı buraxdıracağı mütləqdir. Məndən də tələb etdilər ki, Sahibənin əleyhinə ifadə verim və zərərçəkmiş şəxs kimi məhkəmədə verdiyim ifadəni təkzib edim. Mən imtina edib, ağlayaraq ofisi tərk etdim və bildirdim ki, mənim özümə və övladıma nəsə etsələr, bu barədə polisə xəbər verəcəm”.
Eyni məzmunlu izahatı Nərminə Cəbrayıl qızı Qazıyeva da yazıb.
Meydan TV məsələyə Adəm Məmmədovun da münasibətini öyrənib. Vəkil bildirib ki, onun Elçin Sadıqovun bacısı ilə heç bir əlaqəsi yoxdur: “Bu adamlar Xoşqədəm Hidayətqızının apardığı “Sən tək deyilsən” verilişinə çıxıb şikayət ediblər. Bundan sonra onlarla tanış olmuşam. Burada təkcə dələduzluqdan yox, itkin düşmə faktından da söhbət gedir. Mən nə Elçin Sadıqovun bacısının vəkiliyəm, nə də vəkil həmkarım haqqında haradasa nəsə demişəm. Mən Azad Məmmədovun hüquqlarını müdafiə edirəm. Bu işdə də Elçin Sadıqovun anasının adı hallanır. Haqqında heç yerdə heç nə demədiyim halda mənim adımı hallandırdığı üçün gələn həftə Elçin Sadıqovu məhkəməyə verəcəm. Şərəf və ləyaqətimi təhqir edib”.
Adəm Məmmədov onu da bildirib ki, o, Nərminə Qazıyeva və Gülnarə Yusifova adlı şəxsləri tanımır, onlarla görüşməyib: “O xanımların izahatda yazdıqları yalandır. Onların heç biri mənim ofisimdə olmayıblar”.
Elçin Sadıqovun bacısı bu gün anasının əleyhinə mətbuat konfransı keçirir.