Yüz şəhidin qanının axıdılması nəticəsində hətta iki təpənin alınması nəticə etibarı ilə böyük uğurdur
3 günlük hərbi əməliyyatlarda hərbi texniki və mülki obyektlərdən əlavə xeyli canlı itkimiz olduğu məlum olur. Əməliyyatlar bitib, şəhidlərin gəlməsi bitmədiyinə görə cəmiyyətin müxtəlif təbəqələrində qızğınlığın olması, sorğulamaların başlaması normaldır. Əlbəttə, rəsmilərin təzadlı açıqlamaları, yersiz susqunluqları, informasiya siyasətlərinin demək olar ki, olmamaları ciddi sorğulanmalıdır. Ayrıca, əməliyyatlarda itkilərin minimuma endirilməsi yollarının bir daha nəzərdən keçirilməsi, buraxılan səhvlərdən dərs alınması çox zəruridir.
Lakin unutmamalıyıq, düşmən 23 ildir işğal etdiyi yerlərdə ciddi möhkəmlənmiş, rusların səxavəti ilə müasir silahlarla silahlanmış, ərazilər ciddi şəkildə minalanmış, istehkamlar, səngərlər, tələlər hazırlanmışdı. Bu zaman səngərlərdən çıxıb, düşmənin üzərinə atıldığımız zaman itkilərin olması təbiidir. Bizim yerimizdə qalmadığımız, irəli hərəkət etdiyimiz bu gün artıq mübahisə doğrumur. Təmas xəttinin iki önəmli hissəsində əhəmiyyətli yüksəklik almışıq.
Bu gün şəhidlərin xatirəsinə hörmətsizlik göstərərək, “iki təpəyə bu qədər itki verməyə dəyərdimi”-sualını ünvanlayanlara səslənirəm.
Hər il avtomobil yollarında min nəfərədək insan həyatı itirilir, minlərlə insan xəsarət alır, bir çoxu əmək qabiliyyətini əbədilik itirir. Yüz şəhidin qanının axıdılması nəticəsində hətta iki təpənin alınması nəticə etibarı ilə böyük uğurdur. İki şəkil əlavə edirəm: 1-ci şəkil Google-dan alınıb, Ağdam şəhərini qırmızı cizgilərlə ayırmışam. Bu cizginin uzunluğu 6 min metrdir. 6 min insan əl-ələ tutsa, bu dairəni yaradar. Yəni Ağdam və ətrafını ermənilərdən qorumaq üçün şəhid olanların sayı 6 min nəfərdir. Amma nəticədə Ağdam bu gün nəzarətimizdə deyil. Hətta bir xırda Göytəpəni belə əldə saxlaya bilməmişik. İkinci şəkil bu gün çəkilən şəkildir. Bənövşəyi rəngdə olan ərazilər sadəcə Tərtər istiqamətində son 3 günlük əməliyyatda irəlilədiyimiz və nəzarət etdiyimiz ərazini göstərir. Bu şəkilin altında coğrafi olaraq məsafəni göstərən KM işarəsinə baxdıqda təmas xətti boyunca təxminən 35-40 km məsafədə bir hərəkət etdiyimiz və 4-6 km dərinliyə hərəkət etdiyimiz görünür. Fizuli istiqamətdə olanları da daxil etsək, Qarabağın unudulmadığını, xalqımızın intiqam hissinin itmədiyini, işğalçıları açıq dəstəkləyən Rusiyaya nifrətin 20 yanvardan sonrakı durumdan heç nə ilə fərqlənmədiyini əlavə etdikdə, yuxarıdakı suala cavab müsbətdir. Bəli, dəyər!