Aparılan torpaq islahatlarının nəticələri ləğv edilsə də, Ağdam kəndinin sakinləri hələ öz torpaqlarından istifadə edə bilmirlər
“O kənddə yaşayanlar da bizim qohumlarımızdır. Ancaq belə də olmaz axı… İllərdir ki, o kənddən bu kəndə keçib bizim torpaqları əkib-becərirlər, heyvanlarını bizim örüş sahələrimizə buraxırlar. Kəndimizin öz əhalisinin böyük hissəsi isə əkin-biçindən, heyvandarlıqdan kənarda qalıb”.
Torpaqlarımızın 80 faizi qonşu kəndin sakinlərinə pay torpağı kimi verilib
Tovuzun Ağdam kəndinin sakinləri Meydan TV-yə danışır ki, illərdir dədə-baba torpaqlarını əkib-becərə bilmirlər. Səbəb odur ki, 1999-cu ildə rayonda torpaq islahatları aparılarkən qanun pozuntularına yol verilib və beləliklə, kəndlilərin torpaq hüquqları tapdalanıb. Daha dəqiqi, qonşuluqdakı Vahidli kəndinin öz torpaqlarında aparılmalı olan islahatlar Ağdam kəndinin torpaqlarının “başında sınıb”. Torpaqların 80 faizi qonşu kəndin sakinlərinə pay torpağı kimi verilib. Nəticədə, bu kəndin öz sakinləri torpaqsız qalıb.
Kənd sakini Nəsimi Bağırov danışır:
“Yerli Aqrar İslahat Komissiyasının rəhbər və üzvləri Vahidli kəndindən olduqları üçün o vaxt əllərində olan səlahiyyətdən öz kəndlərinin xeyrinə istifadə ediblər. Qonşuluqdakı Vahidli kəndinin öz torpaq ehtiyatı bizim kəndin torpaq ehtiyatından qat-qat çoxdur. Bizim kəndin əhalisinin sayı isə o kənddəkindən xeyli çoxdur. Vaxtilə qanunsuz hərəkətlər edilib, bizim torpaq haqqımıza giriblər, həmin qanun pozucuları prokurorluq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalı halda, bu gün ortalıqda sərbəst gəzirlər. Cəzasızlığın nəticəsidir ki, bir kəndin sakinləri hələ də başqa kəndin ərazisinə aid olan torpaqların bəhrəsini görür, torpaqları əlindən çıxan kənd sakinləri isə dolanışıq üçün ev-eşiklərini tərk edib kənara üz tuturlar. Ermənistanla həmsərhəd kənd beləcə boşalır. Sanki hər şey qəsdən edilir”.
Sovxoz dağıldı, kəndlər ayrıldı, torpaq mübahisəsi bitmədi
1930-cu illərdə Ağdam və Vahidli kəndlərinin torpaqları eyni sovxoz tərkibində birləşdirilib. Sovet hökuməti dağılandan sonra – 1991-cı ildə Ağamalıoğlu sovxozu da ləğv edilib. Elə həmin il Ağdam kəndi Vahidli Sovetliyindən ayrılıb, ayrıca Ağdam kənd Sovetliyi yaradılıb. 1999-cu ildə bu kəndlərdə torpaq islahatları aparılıb. Sakinlərin iddiasına görə, bu zaman saxtakarlığa yol verilib, kəndlərin hərəsinin öz inzibati ərazi xəritəsi olduğu halda, Vahidli kəndinə aid torpaq islahatı Ağdam kəndinin torpaqları üzərində aparılıb. Bu kəndin torpaqlarının çox hissəsi qonşu kəndin sakinlərinə pay torpağı olaraq verilib. 2001-ci ildə Ağdam sakinləri mövcud durumla razılaşmayaraq ölkə başçısına bir neçə dəfə şikayət məktubu göndəriblər. Nəticədə yerli aqrar islahat komissiyası islahatı dayandırıb, islahatın nəticələrini isə ləğv edib. Keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Nazirlər Kabinetinin birinci müavini olmuş Abbas Abbasova bu barədə məktub da göndərib. Həmin məktubda qeyd olunur ki, Ermənistanla Azərbaycan arasındakı mövcud durum nizamlananadək həmsərhəd kəndlərdə – həminin Vahidli və Ağdam kəndlərində torpaq islahatları dayandırılıb, aparılmış islahatların nəticələri isə ləğv olunub.
Axıncaçayın o tayında…
Kəndləri bir-birindən Axınca çayı ayırır. Ağdam kənd sakini Pərgər Həsənov deyir, hazırkı durum onları çayın o tayındakı qohum-əqrəbaları ilə də üz-üzə qoyub:
“Hərəsi bir saxta akt alıb əlinə, torpaqlarımızı zəbt edib. Gözümüzün önündə örüşlərimizdən istifadə edirlər, torpaqlarımızda taxıl əkirlər. O kənddəkilər də yad deyil, öz qohum-əqrəbalarımızdır. Üz-göz olmuşuq. Necə olur ki, islahat o kənddən bizə bir qarış da pay torpağı düşməyib, ancaq bizim kəndin torpaqlarının çoxu o kənddəkilərə pay torpağı kimi verilir.
Kəndlilərin iddiasına görə, Vahidli kəndinin sakinləri olan o vaxtkı İslahat Komissiyasının rəhbərləri öz torpaqlarını rəsmi sənədlərdə islahatdan gizlədiblər. Həmin kəndin sakinlərini susdurmaq üçün onlara qonşuluqdakı Ağdam kəndindən pay torpağı veriblər.
Ağdam kənd sakini Hafiz İsmayılov:
“Bura Ermənistanla sərhəd kənddir. Kəndimiz tez-tez atəşə tutulur, əsgərlərimiz yaralanır, şəhidlərimiz olur. Biz bir-birimizlə çiyin-çiyinə erməniyə qarşı döyüşürük ki, torpaqlarımıza sahiblənməsinlər, ancaq məmurlar ədalətsizlik edərək bizim öz aramıza nifaq toxumu səpirlər. İki qonşu kəndin sakilərini, bir-birlərilə qohum olan insanları üz-üzə qoyub. Axıncaçay bizim kəndin ərazisindən axdığı halda, torpaqlarımız susuz qalıb. Kəndimizin 20 faizə yaxın təsərrüfat torpaqları suvarma suyundan məhrumdur. İstədiyimiz odur ki, camaat kəndi tərk edib başqa yerlərə köç etməsinlər. Torpaqlarımızı versinlər, əkib-becərək, heyvan saxlayaq, kənd təsərrüfatımızı quraq, genişləndirək, ailəmizi də dolandıraq, ölkənin iqtisadiyyatına da fayda verək”.
Vahidli kənd sakini: “Əlimizdə aktlarımız var”
Məsələn, Vahidli kəndinin sakini Əhməd Səfərov deyir, vaxtilə onlara verilən aktlar Daşınmaz Əmlakın Reyestr Xidmətində hüquqi bazaya oturdulub. Bu da onlara həmin torpaqlardan istifadə etməyə hüquqi imkan verir: “Bu aktları bizə dövlət verib, küçədən yığmamışıq. Nə vaxt dövlət bu aktları ləğv edər, bizə başqa yerdə pay torpağı verər, bu başqa məsələ…”
Tovuz rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirlib ki, 20 il əvvəl yaradılmış islahat komissiyası çoxdan dağılıb, torpaq islahatları dayandırılıb, nəticələri dondurulub. Ağdam kəndinin sakinləri bu məsələni məhkəmə yolu ilə həll etməlidilər.
Hüquqşünas: Məhkəməyə müraciət olunmalıdır
Hüquqşünas Vaqif Alıyev də bildirir ki, aktların etibarsız sayılması üçün məhkəməyə müraciət etməlidilər. Yalnız məhkəmə qərarından sonras Əmlak Komitəsi tərəfindən hüquqi sənəd kimi qeydiyyata alınmış və bazaya yerləşdirimiş sənədlər ləğv edilə bilər.