Arif Hacılı: “Növbəti bir müddətə də sədrliyə namizədliyimi irəli sürmək hüququm var”
İki keçmiş siyasi məhbus oktyabrın 12-də Müsavat Partiyasının qurultayında partiyanın sədri vəzifəsinə namizədliklərini irəli sürmək niyyətindədir.
Bu, partiyanın keçmiş sədr müavini Tofiq Yaqublu və Lənkərən rayon təşkilatının keçmiş rəhbəri Yadigar Sadıqlıdır. Hər ikisi rəsmi olaraq namizədliklərini irəli sürmək planlarını bəyan ediblər.
Yadigar Sadıqlı hesab edir ki, partiyanın əvvəlki qurultayından ötən beş il ərzində təşkilatın idarəetməsi qənaətbəxş olmayıb və bu, onun reytinqinin aşağı düşməsinə səbəb olub.
“Hesab edirəm ki, mən sədr seçilsəm, bu, təkcə “Müsavat”da deyil, bütünlükdə demokratik düşərgədə mühitin kökündən dəyişməsinə gətirib çıxaracaq. Bu, həmçinin partiyaya yeni qüvvələrin axınına şərait yaradacaq”, – deyə Y.Sadıqlı bildirib.
Digər namizəd Tofiq Yaqublu namizədliyini irəli sürməsini bir tərəfdən öz siyasi qüvvəsini yoxlaması, digər tərəfdən müsavatçılıq ideyalarının təşviqi ilə izah edir.
“Bizim istəyimiz partiyanın maraqlarını təmin etməkdir. Hər bir insan onu fərqləndirən təfəkkürə, strateji və taktiki baxışlara malikdir. İdeal idarəçilər olmur. Müəyyən səhvlər, fərqli yanaşmalar olur. Hesab edirəm ki, sədr seçilsəm, partiyanı daha yüksək mövqelərə çıxara bilərəm. Bunun üçün səlahiyyət əldə etmək məqsədilə partiyanın sədri vəzifəsi uğrunda siyasi yarışa qoşuluram”, – deyə T.Yaqublu bildirib.
Müsavat Partiyasının başqanı Arif Hacılı öz növbəsində bildirib ki, qurultayın keçirilməsi üzrə təşkilat komitəsi hələlik namizədlərin irəli sürülməsi müddətini müəyyən etməyib. O, seçkilərdə iştirak edib-etməmək qərarını təşkilat komitəsi tərəfindən müddət təyin edildikdən sonra elan etmək niyyətindədir. Bununla belə, Arif Hacılı bildirib ki, Partiyanın nizamnaməsinə əsasən, onun növbəti bir müddətə də sədrliyə namizədliyini irəli sürmək hüququ var.