“İki həftədir içməli sudan leş iyi gəlir”

“Nəvahi kəndində 550, Nəvahi qəsəbəsində 400, Pirsaatda 100, Qaçqınlar qəsəbəsində 300 ev var, hələ digər kəndləri, qəsəbələri də nəzərə alsaq, minlərlə ailə bu sudan istifadə edir”

Source: google.az


Sabirabaddan və Hacıqabuldan içməli su ilə bağlı şikayətlər var

“Sudan kiflənmiş qoxu gəlir. Qoxu hərdən güclü olur, hərdən zəifləyir. İki həftədir ki, suyu mağazadan alıb içirik”.

Sabirabaddan və Hacıqabuldan Meydan TV-yə içməli su ilə bağlı şikayətlər var. Nəvahi sakini İbad Nəzirov danışır ki, rayonun Qubalı Baloğlan, Pirsaat, Rəncbər, Nəvahi, Atbulaq, Uzunburun, Kürdçü və başqa qəsəbələrində, kəndlərində içməlu su problemi yaşanır. Su xətti ilə əhaliyə verilən sudan pis qoxu gəldiyi üçün adamlar içməli suyu üçün mağazalara üz tutmalı olur.


“Sanki kanalizasiya suları içməli suya qarışıb”

“Hacıqabuldan Bakı istiqamətində olan bütün kəndlər, qəsəbələr içməli sudan istifadə edə bilmir. İmkanı olan mağazadan 10-20 litlik su alır, imkanı olmayan məcburdur ki, qoxu verən suyu qaynadıb içsin. Su kanalizasiya sularının qoxusunu verir. Sanki hardasa kanalizasiya suları içməli sulara qarışıb. İnsanlar bu suyu uçmək məcburiyyətində qalır. Suyumuz 1960-cı illərdə Hacıqabuldakı Talış kəndindən çəkilən su kəmərləri ilə gəlib kəndlərimizdən keçir, kəndlərimizə gələn su qoxuludur, bizdən Sanqaçalda ötürülür, orada iki dəfə durulur, sonra Bakı şəhərinə ötürülür”.

Əhali Hacıqabulun Talış kəndində yerləşən Kür Su Kəmərləri İstismar İdarəsinə də müraciət ediblər. Demələrinə görə, onların müraciətləri ilə əlaqədar heç bir tədbir görülməyib. Nəvahi sakini Fuad Nurəliyev deyir, sentyabrın 26-da “Azərsu” ASC-nin Qaynar xəttinə zəng vurub, şikayəti qeydə alınıb, ancaq heç bir nəticəsi olmayıb.


“İçirik, gerisindən Allah qorusun”

“Nəvahi kəndində 550, Nəvahi qəsəbəsində 400, Pirsaatda 100, Qaçqınlar qəsəbəsində 300 ev var, hələ digər kəndləri, qəsəbələri də nəzərə alsaq, minlərlə ailə bu sudan istifadə edir. Sudakı qoxu günbəgün daha da artır. İnsanlar bu suyu içməkdə davam edir, gerisindən Allah qorusun. Sanki kanalizasiya suyudur, qaynadıb içirik. “Azərsu” ASC-nin Qaynar xəttinə zəng vurdum, dedim, minlərlə ailə kanalizasiya suyu ilə qidalanır, dinlədilər, dedilər, şikayətiniz qeydə alınd, araşdırılacaq, tədbir görüləcək. İki həftə keçir, heç bir tədbir görülməyib. Bələdiyyəyə dedik, dedi, vallah, biz də su idarəsinə məlumat vermişik, deyəsən içməli su kanalizasiya sularına qarışıb. Hacıqabuldakı su idarəsinə gedirik, qarşımıza heç kim çıxmır. Abduabad, Neyniman, Xiləmirzəli, Muğan, Qarasu, başqa kənd və qəsəbələrdə də minlərlə ailə canını dişinə tutub, bu suyu içir”,- şikayətçi deyir.


Sabirabadda da eyni vəziyyətdir

Eyni şikayətlər Sabirabaddan daxil olub. Rayon sakini Rəna Mehrəliyeva deyir, 2 həftədir ki, içməli su qoxuludur:

“Hazırda içdiyimiz su yoluxucu xəstəlik mənbəyidir. Suya yaxın getmək olmur, leş iyi gəlir. Əli çatan “Bulaqlı” deyilən əraziyə gedir, orda “yeraltı bulaq” var, o bulaqdan su bidonlarını içməli su ilə doldurub gəlir. Ora əli çatmayanlarsa mağazadan su almaq məcburiyyətində qalıb. Aidiyyəti qurumlardan biri çıxıb açıqlama vermir ki, bu, nə məsələdir və nə vaxta kimi davam edəcək”.

Hər iki rayonun icra hakimiyyətindən bildirilib ki, əhalinin narazılığı ilə bağlı “Azərsu” ASC-yə müraciət olunub, tezliklə problem həllini tapacaq. “Azərsu” ASC-dən isə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgə“İki həftədir içməli sudan leş iyi gəlir”