İki hakim vəzifədən getmək haqda ərizə yazıb

Məhkəmə Hüquq-Şurası. Mənbə: Azərtac

Üç hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi

Bakı Apelyasiya Məhkəməsinin iki hakimi ərizə yazaraq, səlahiyyətinə xitam verilməsini istəyib. Meydan TV-nin əldə etdiyi məlumata görə, bunlardan biri cinayət işlərinə baxan Vaqif Mursaqulov, digəri isə mülki və inzibati işləri araşdıran Həmid Həmidovdur. Onların ərizələrini nəzərə alaraq, Məhkəmə Hüquq-Şurası səlahiyyətlərinə xitam verib.

Vaqif Mursaqulov 20 ildən artıq hakim vəzifəsində çalışıb. O, uzun müddət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi olub. Daha sonra Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Həmid Həmidov 2013-cü ildən Bakı Apelyasiya Məhkəməsinin hakimi idi. Ondan əvvəl – 2007-2013-cü illərdə Sumqayıt Apelyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.

Məhkəmə-Hüquq Şurası Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin isə yol verdiyi nöqsanlara görə səlahiyyətlərinə xitam verilməsi haqda qərar qəbul edilib.

Süleyman Ağayev Sabunçu Rayon Məhkəməsindən əvvəl İmişlidə çalışıb. 59 yaşlı Süleyman Ağayev 2008-2012-ci illərdə İmişli Rayon Məhkəməsinin sədri olub. Ondan sonra paytaxtın Sabunçu Rayon Məhkəməsinə hakim göndərilib. O, cinayət işlərini araşdırırdı.

Bu hakimlərin adları zaman-zaman müxtəlif qalmaqallı işlərdə hallanıb. Məsələn, bloger Mehman Hüseynovun 2 il azadlıqdan məhrum edilməsi məsələsinə Bakı Apelyasiya Məhkəməsində Vaqif Mursaqulov baxmış, bloger haqqında hökmü qüvvədə saxlamışdı.

Ana səhifəSiyasətİki hakim vəzifədən getmək haqda ərizə yazıb